Bir neçə saytın redaktoru prokurorluğa çağırıldı

img

28-01-2016 [11:49]


Qaynar.info-nun baş redaktoru Zahir Əzəmət Baş Prokurorluğa çağırılıb. 

Musavat.com-un məlumatına görə, bu barədə baş redaktora prokurorluqdan rəsmi məktub gəlib.

Rəsmi məktubda çağırışın Mətbuat Şurasının apardığı monitorinqlə bağlı olduğu bildirilir. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun imzası ilə adıçəkilən sayta belə məzmunda məktub göndərilib: 

"Azərbaycan Mətbuat Şurası tərəfindən cari ilin yanvar ayında bəzi internet informasiya resurslarında, o cümlədən rəhbəri olduğunuz "Qaynar.info” internet saytında aparılmış monitorinqin nəticələri barədə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Tərəfimizdən aparılan araşdırmalar zamanı yaranmış zərurətlə əlaqədar 28 yanvar 2016-cı il tarixdə saat 11:00-da Baş Prokurorluğa (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) gəlməyiniz xahiş olunur".

Sayt yazıb ki, bu çağırış ölkənin bölgələrində baş tutan etiraz aksiyalarının Qaynar.info saytında dərc olunması ilə bağlıdır.

Xatırladaq ki, bu gün "Qaynar.info" ilə yanaşı, bir neçə sayt, o cümlədən Mia.az-ın redaktoru Zaur Əhməd də prokurorluğa dəvət edilib. 

Bununla bağlı Mia.az rəhbərliyi bildirir ki, çağırışa Mətbuat Şurasının bölgələrdə olan lokal etirazlarla bağlı Mia.az-da işıqlandırılan 6 material əsasında apardığı monitorinq səbəb olub.

Halbuki, həmin materialların 1-i istisna olmaqla, qalanı digər saytlara istinadla dərc edilib. Üstəlik, etirazlar video-faktlarla da təsdiqlənib. Bundan əlavə, Prezident İlham Əliyev də DAVOS-da BBC-yə müsahibəsində belə kiçik aksiyaların olduğunu təsdiqləyib. 

Ancaq görünür, bəzi qurumlar faktı inkar etməklə bərabər, hansısa səbəbdən mətbuatı, jurnalistləri hədəfə almaqla çox çirkin oyun oynayırlar. Hansı ki, bu, həm də ölkədə media və söz azadlığına, jurnalistlərin sərbəst fəaliyyətinə mane olmaqla yanaşı, ölkəmiz haqda mənfi imic formalaşdırmağa yönəlib. Eyni zamanda, bu, ölkə prezidenti, cənab İlham Əliyevin mətbuatdan dürüst məlumat almaq istəyinə, həmçinin onun ictimaiyyəti aktiv olmağa səsləndirməsinə qarşı bir akt olaraq qiymətləndirilə bilər....

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA