“Məmurlar elə bilməsinlər ki, xüsusi statusları var…” - Prezidentdən növbəti xəbərdarlıq

img

26-01-2016 [13:08]


"Nə üçün məmurlar öz kabinetlərində yerli istehsal olan mebellərdən istifadə etmirlər? Bizdə yerli şirkətlər var. Amma yüksək vəzifəli məmurlarımız bunu bəyənmirlər. Yerli istehsalın keyfiyyəti başqa mebeldən fərqlənmir, amma deyir, bu, Azərbaycan malıdır, özünə rəva bilmir. Buna son qoymaq lazımdır". 

Bunu "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

O, məmurları təvazökar olmağa, yekəxanalıqdan uzaq olmağa çağırıb. Azərbaycan prezidenti deyib ki, korrupsiya bütün ölkələr üçün böyük bəladır:

"Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur.

Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər". 

Onun sözlərinə görə, xidməti maşın kimi isə Naxçıvanda istehsal edilən "Naz Lifan" markalı maşınlardan istifadə etmək olar. O, məmurlara bu avtomobilləri daha çox almalarını tövsiyə edib. Belə olacağı təqdirdə həm yerli istehsal artacaq, həm də xaricə valyuta axmayacaq: 

"Mənə yerli istehsal olan hərbi ayaqqabı göstəriblər. Görün, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bəzi hərbi qurumlar bunu bəyənmir, xaricdən ayaqqabı alırlar. Nə üçün?". 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA