Yeni islahat anonsu: vergi, tenderlər... - Prezidentdən yeni tapşırıqlar

img

10-01-2016 [23:12]


Azərbaycanda biznes mühitin yaxşılaşdırılması ilə bağlı müxtəlif yeniliklər gözlənilir.

Bura gömrükdə şəffaflığın artırılması, iş adamlarına güzəştli kreditlərin verilməsi, tikinti sahəsində açıq tenderlərin keçirilməsi, eləcə də dövlət sifarişi ilə işlər görülərkən üstünlüyün daha çox yerli şirkətlərə verilməsi aiddir. 

Fins.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirib.

Neft Fondunun pulları qorunacaq

İclasda Prezident İlham Əliyev 2016-cı ildə qeyri-neft sektorunun inkişafının prioritet olacağını, neftdən asılılığın minimuma endirilməsi ilə bağlı tədbirlərin görüləcəyini bildirib. Prezident Dövlət Neft Fondunun vəsaitlərinin qorunması, Fonddan dövlət büdcəsinə transferlərin azaldılması, vergi bazasının genişləndirilməsi barədə tapşırıq verib.

Gömrüklə bağlı xüsusi tapşırıq

İclasda prezident son vaxtlar ərzində artıq ikinci dəfə gömrükdə şəffaflıq məsələsinə xüsusi toxunub. Dövlət başçısı gömrük rəsmiləşdirilməsi və ixrac-idxal əməliyyatlarının şəffaflığının təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib. İlham Əliyev belə məsələlərə ictimai nəzarət mexanizmlərinin işə salınmasının əhəmiyyətini də qeyd edib.

Ölkə banklarına çağırış

Ümumilikdə iclasda prezident biznes mühitinin yaxşılaşdırılmasının vacibliyini deyib. Dövlət başçısı nağdsız ödəmələrin artırılması, fiskal təşviq mexanizmlərinin genişləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdirilməsi barədə fikirlərini açıqlayıb.

 İlham Əliyev bank sektorunda islahatların aparılması, özəl və dövlət banklarının ölkə iqtisadiyyatının inkişafında daha fəal iştirak etməsinin vacibliyini də xüsusi vurğulayıb.

Açıq tikinti tenderləri

İclasda prezidentin səsləndirdiyi ən maraqlı tapşırıqlardan iri tikinti sahəsində açıq tenderlərin keçirilməsi ilə bağlı oldu. Belə ki, İlham Əliyev tikinti sahəsində açıq tenderlərin keçirilməsi və bu sahədə şəffaflığın təmin olunması barədə tapşırıq verib. 

Qeyd edək ki, söhbət dövlət tərəfindən maliyyələşdirilən tikinti layihələrindən gedir. Dövlət başçısı belə tenderlərdə üstünlüyün daha çox yerli şirkətlərə verilməsini də tapşırıb.

ASAN-a yeni səlahiyyətlər veriləcək

İclasda paytaxt nəqliyyatının vahid sistemə keçidinin sürətləndirilməsi, ekoloji məsələlərin həlli də diqqət mərkəzində olub. Prezidentin bəzi tapşırıqları isə "ASAN xidmət"ə aid olub. Belə ki, dövlət başçısı yeni "ASAN xidmət” mərkəzlərinin açılması və Xidmətə yeni səlahiyyətlərin verilməsi ilə bağlı tapşırıqlar verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA