Kənd təsərrüfatı sahəsinin dözülməz duruma düşməsinin səbəbləri barədə aim.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qeyd edib ki, Azərbaycan kritik vəziyyətə düşüb. Təşkilat sədrinin sözlərinə görə, əksər nazirlər başını itirib:
"Yəni elə bir başları da yox idi. Başları olsaydı, ölkəni bu vəziyyətə gətirib çıxarmazdılar. Ölkənin kənd təsərrüfatına baxan məmur təbəqəsi azərbaycanlı deyil. Məsələn, sizə bir misal çəkim. Bu gün kənd təsərrüfatı sahəsinə kuratorluq edən İsmət Abbasov bir zamanlar kənd təsərrüfatı naziri idi. Sual olunur, bu adam nazir olan dönəmdə hansı yaddaqalan işlər görüb? Heç nə. Onu həbsə almaq lazım idi. Əksinə aparıb, baş nazirin müavini təyin etdilər. Baxın, İ.Abbasov ayda 2 min manata qədər maaş alır. Belə olan halda o adam Londanda 2 milyon yarımlıq və ya 3 milyonluq villanı nə ilə alıb? Aydınca görünür ki, bunlar ancaq oturub rüşvətlə, eyş-işrət və özlərinə gün ağlamaqla məşğul olublar.”
Həmsöhbətimizin qənaətincə, Heydər Əsədov nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun qaynatasıdır: "Anar Məmmədov kim olub? Bu adam Amerikada əks təbliğat işi aparıb. Dədəsi də onun güdazına getdi. Atasına sübut etdilər ki, sən bu dövlətin əleyhinə işləyirsən. Ona görə də hazırda Azərbaycanda kənd təsərrüfatı ölü bir vəziyyətdir. Kartofu sahibkarın əlindən ucuz qiymətə alıb, yarmarkaya qoymaq kənd təsərrüfatı naziri olmaq demək deyil. Təsəvvür edin ki, ölkəmizdə 100 hektarlarla boş torpaqlar var ki, istifadəsiz qalıb. Həmin torpaqlardan istifadə etmək lazımdır. Gəlin, görək bu illər ərzində bir metr əlavə torpaq genişləndirib, orada taxıl əkilibmi? Bu gün taxıl və digər kənd təsərrüfatı məhsullarını xaricdən alırıq. Niyə kartofun qiyməti bir manatdan artıqdır. Azərbaycanın bəzi rayonlarını – Gədəbəy, Tovuz və Şəmkiri bu sahə üzrə ixtisaslaşdırmaq lazım idi. Kartofçuluqla məşğul olmaq üçün o zonalarda münbit şərait var. Belə olardısa, indi əziyyət çəkməzdik. Görün, vəziyyət nə yerə gəlib ki, Azərbaycan əhalisi öz inəyinin südünü bazara çıxara bilmir. Nazir gedib Ukrayna və başqa ölkələrdən paraşok südlər gətirir və süd, qatıq düzəltdirib, satdirir. Azərbaycanlı sahibkarın inəyinin südü əlində qalıb. Bazara çıxara bilmir. Çünki H.Əsədov bu sahəni monopoliyaya alıb”.
Heydər Əsədov və İsmət Abbasov təcili istefa verməlidir
H.Hacıyev diqqətə çatdırıb ki, əksər nazirlər prezidentin tələbinə cavab vermir:
"Dəfələrlə demişəm ki, kənd təsərrüfatı və iqtisadiyyatımızın ağır duruma düşməsinin səbəbi odur ki, kadrlar yerində deyil. Dostluq və tanışlıqla kadr təyin edəndə belə hallar baş verir. H.Əsədov təcili istefa verməldir. İ.Abbasovun 3 milyon dollarlıq malikanəsi müsadirə edilməldir. Onu satmalı və əldə olunan vəsait ölkənin böhranlı vəziyyətdən xilasına xərclənməlidir. Dəhşətə baxın ki, Azərbaycanda kartof, soğan xaricdən gəlir. Niyə bu gün ətin qiyməti qalxmalıdır. Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsait hara gedib? O pullar niyə istiqaməti üzrə xərclənməyib? Kadrlar yerində deyil. Nə qədər ki, camaatın başını süni yarmarkalarla qatacaqlar, belə də olacaq. Kənd təsərrüfatı naziri bir kəndliyə traktor verir, bunu da efirə çəkdirir. Bununla kənd təsərrüfatını inkişaf etdirmək olmaz. Bu, gözə kül üfürməkdir. Kənd təsərrüfatının tərəqqisi ilə bağlı xüsusi proqram hazırlanmalıdır. Nəzarət olmalıdır. Əhaliyə ayrılan torpaq sahələri niyə əkilmir? Bunların səbəbləri araşdırılmalıdır. Kəndli yazıq neynəsin. Su yoxdursa, torpağı niyə əksin ki? Kəndliyə baxan yoxdur. Aidiyyatı şəxslər isə kabinetlərindən çıxmırlar. Hamısı yanında fransız duxularından vuran katibələr saxlayırlar. Eyş-işrət içindədirlər. O katibələr də bəzənib- düzənir və məmurların ağılları başından gedir. Ona görə də, kartof, soğan, ət və süd yadlarından çıxıb. Axı dövlət başçısı buna pul ayırıb, həmin vəsaitlər hara gedib? İ.Abbasov və H.Əsədov bu suallara cavab verməlidir və həbsə alınmaldırlar.”
Artur Rəsizadə də istefaya getməlidir
Qurum sədri bildirib ki, prezident təcili hökuməti buraxmalıdır:
"Baş nazir Artur Rəsizadə istefaya getməlidir. Onun müavinləri heç özlərini idarə edə bilmirlər. Əks halda ölkədə narazılıqlar baş alıb gedəcək. Etiraz dalğasını səngitmək müşkülə çevriləcək. Bu gün partiyamızın qabağana yüzlərlə insan toplaşıb. Bizə deyirlər ki, nə düşünürsünüz? Niyə bu işlərlə maraqlanmırsınız? Camaat bank kreditlərinin, borcların içində itib batır. Evmizə çörək ala bilmirik. Hər şeyin qiyməti qalxıb. Belə olan halda aidiyyatı şəxslər niyə istefa verməməlidirlər?”.
Bəzi məmurlar ölkədən qaçmaq istəyir
H.Hacıyevin deyib ki, əksər məmurlar ölkədən qaçmaq istəyir:
"Üzümü ölkə prezidentinə tutub deyirəm ki, bəzi məmurlar ölkədən qaçmaq istəyirlər. Prezident onların bütün var-dövlətini əlindən almalıdır. Bir fond yaradılmalıdır. Məmurlardan yığılan vəsaitlər o fondun hesabına keçməldir. Elə nazir var ki, paytaxtda 30-a yaxın villası və xaricdə malikanələri mövcuddur. Bütün bunların hamısı Azərbaycanın sərvətləri hesabına alınmış evlərdir, villalardır. Onlar satılmalı, əldə olunan qazanc həmin fonda yatırılmalıdır və xalqın dar günündə xərclənməlidir. Azərbaycan məmurlarının vicdanı olsa, prezidentə köməklik göstərərlər. Hərəsi bir milyard qoysa, bu 30 milyard pul edir. Versinlər də. Gedib, restoranlarda adam güllələyirlər. Adi vergi idarəsində şöbə müdiri çalışan birinin oğlu restoranda 6 nəfəri güllələyir, ardınca deyir ki, yaxşı edirəm. O birilərinin də övladları bunun kimi. Onlar harınlayıblar. Xalqı ələ salırlar. Ona görə də, Azərbaycan xalqı prezidentin ətrafında birləşməlidir. Prezident satqın məmurlardan azad olmalıdır. Yoxsa bizi qarşıda daha böyük sanksiyalar gözləyir. Bu xalqı özünü apara bilməyən 5-6 nazirə həvalə etmək olmaz. Biz onlarla hara gedə bilərik? Onların beyinləri kiflənib. Yaşları çoxdur. Bu milləti üsyana təhrik edirlər. Bütün xalq prezidentin ətrafında olmalıdır.”
Yaşlı komanda gənc və sağlam düşüncəli prezidentlə ayaqlaşa bilmir
Sonda müsahibimiz söyləyib ki, ciddi kadr islahatları olmasa, Azərbaycanda kəskin problemlər yaşanacaq:
"Təşkilatlarımızın üzvləri hazırda xalqın arasındadır. Artıq mağazalar bağlanır. Sədərək kimi iri ticarət mərkəzi bağlanıb. Mağazada, marketlərdə hər kəs istədiyi qiyməti tətbiq edir. Bu isə o deməkdir ki, hökumət heç nəyə nəzarət edə bilmir. Hökumət də yaşlı bir komandadır. O yaşlı komanda isə gənc və sağlam düşüncəli prezidentlə ayaqlaşa bilmir. Ona görə də hökumət təcili olaraq istefa verməlidir.”