1997-ci ildə Xəzərdə vertalyot qəzasında sağ qalan yeganə neftçi: "Bu hadisə məndə dərin kədər yaratdı..."

img

10-12-2015 [13:30]


"Dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən faciə zamanı 7 nəfər həlak olması, 23 nəfərin itkin düşməsi məndə dərin kədər və təəssüf hissi yaratdı".

Mia.az xəbər verir ki, bu sözləri 1997-ci ilin oktyabrın 2-də Xəzər dənizində baş verən vertalyot qəzasında 22 nəfər neftçidən yeganə sağ qalan 28 May adına Neft-Qazçıxarma İdarəsinin keçmiş qazmaçısı Müslüm Abdulbağı oğlu Nurəliyev  deyib.

O bildirib ki, dekabrın 4-də baş verən faciə onu 1997-ci ilə qaytarıb: "Həmin ilin oktyabrında biz 22 nəfər neftçi dekabrın 4-də baş verən yanğının olduğu 10 saylı platformanın yaxınlığındakı iş yerimizə - 15 saylı platformaya gedərkən vertalyotda qəzaya uğradıq. Mən ağır xəsarətlər aldım, sağlamlığımı itirdim, 1-ci qrup əlil oldum. Çox təəssüf ki, mənimlə birgə vertalyotda olan 21 iş yoldaşım, o cümlədən qardaşım həlak oldular. Bəli, dekabrın 4-də 10 saylı platformada baş verən güclü yanğın nəticəsində həyatını itirənlər, itkin düşənlərin axtarışları məni 1997-ci ildə yaşadığımız o sarsıntılı günə qaytardı. Ağır və sözlə ifadə edilməsi mümkün olmayan hadisədir. Bu hadisə təkrar olaraq qəlbimdə dərin yara açdı. Allahdan həlak olanların hamısına rəhmət diləyirəm, itkin düşənlərin tezliklə sağ-salamat ailələrinə dönmələrini, xəsarət alanlara isə cansağlığı arzulayıram".

Keçmiş neftçi itkin düşənlərin axtarışına dövlət qurumlarının səfərbər edilməsini də təqdir edib və buna görə ölkə prezidenti İlham Əliyevə, həmçinin SOCAR-ın, FHN-nin və digər qurumların rəhbər və sıravi əməkdaşlarına da təşəkkür edib: "Çox sağ olun ki, həlak olanların, itkin düşən və xəsarət alanların bütün problemlərini də diqqətə alıb, həllini sürətləndirirsiniz".

Müslüm Nurəliyev sayta açıqlamasında onu da qeyd edib ki, o və ailə üzvləri bu gün doğulduqları Masallı rayonunda dekabrın 4-də həlak olanların xatirəsinə ehsan veriblər: "Allah onların hər birinə rəhmət eləsin. Öz adımdan, ailəm adından həlak olanlarrın ailələrinə bir daha dərin hüznlə başsağlığı verirəm! Dövlətimizə, millətimizə isə "keçmiş olsun" deyirəm. Başın sağ olsun, Vətən!".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA