Mərkəzi Bank dilema qarşısında - "Manatla bağlı qorxunc çağırış: 30-35 faizlik devalvasiya mütləqdir"

img

02-12-2015 [21:59]


"Neftin qiyməti düşəndən sonra Azərbaycan manatı sarsılmaz qalıb. Lakin hakimiyyətin və Mərkəzi Bankın manatın kursunu istənilən yolla sabit saxlamaq istəyi ona baha başa gəlib. Bundan başqa, qiyməti hələ də stabilləşməyən neft ixracatda böyük paya sahibdir".

Mia.az ANS-ə istinadən bildirir ki, bunu dünyanın 3 ən iri şirkətindən biri, ABŞ-ın ən böyük bankı olan "Bank of America" yazıb.  

Qeyd edilib ki, Azərbaycan, manatının məzənnəsini qorumaq üçün öz ehtiyatının 25 faizini sərf edib. Lakin ABŞ bankı hazırkı vəziyyətdə bu siyasətin davam etdirilməsinin real olmadığını bildirib.  

Bank mütəxəssisləri qeyd edib ki, məhz bu səbəbdən Azərbaycan manatın kursunun dollara bağlılığından imtina etməli olacaq: "Yəni manatın kursu artıq dollara nisbətdə müəyyən edilməyəcək. Bunun üçün isə manatın yenidən 30-35 faiz devalvasiyası lazımdır".

Belə bir proqnoz verərkən "Bank of America" iki amili - neftin qiymətinin düşməsini və qonşu ölkələrin milli valyuta məzənnəsinin enməsini nəzərə aldığını bildirib.

Məlumat üçün bildirək ki, Mərkəzi Bank açıqladığı statistikada manatı qorumaq üçün 589 milyon dollar xərclədiyini bəyan edib. Bu, əvvəlki ayla müqayisədə 3 dəfədən artıq göstəricidir.

Belə ki, 2015-ci ilin 30 sentyabr tarixinə ölkənin rəsmi valyuta ehtiyatı 7014,7 milyon dollar, 30 oktyabra 6834,6 milyon dollar, 30 noyabr tarixinə isə 6245,6 milyon dollar təşkil edib.

Beləliklə, sentyabr-oktyabr aylarında azalma 180,1 milyon manat idisə, oktyabr-noyabr aylarında bu azalma 589 milyon manat olub.  

Xatırladaq ki, Azərbaycanda manatın 36%-ə yaxın devalvasiyası bu ilin fevral ayında baş verib. Dolların kəskin bahalaşması, manatın ucuzlaşması nəticəsində bir sıra sahələrdə, o cümlədən sığorta, bank sektorunda problemlər yaranıb. Eyni zamanda, problemli kreditlərin artması da kommersiya banklarının fəaliyyətinə mənfi təsir edib.  

Bundan başqa, bir sıra müəssisələrdə xərclərin azaldılması məqsədilə ixtisarlar aparılıb, bəzi xərclər, layihələr təxirə salınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA