Ordu generalitetində dəyişikliklər nələr vəd edir?

img

27-11-2015 [15:49]


Müdafiə nazirinin müavini, Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlı yaranan narazılıq müəyyən dərəcədə səngiməkdədir. 

Belə ki, Ali baş komandanın milli ruhdan olan, döyüş yolu keçən yüksək rütbəli zabitlərlə bağlı önəmli qərarlar verməsi müsbət qarşılanıb. 

Milli Qəhrəman, general-polkovnik Rövşən Əkbərovun Şəmkir korpusunun komandiri görəvindən alınaraq, yenidən Bakıdakı hərbi birləşməyə qaytarılması ciddi müzakirə mövzusuna çevrilib. Bu təyinat ilk baxışdan bəzilərinə adi kimi dəyərləndirilsə də, amma bu dəyişikliyin arxasında ciddi məqsədlərin olduğu sezilməkdədir. 

Birincisi, ordudakı milli düşüncədə olan və döyüş yolu keçən zabit-gizir heyəti R.Əkbərov kimi bir şəxsin Bakıya gəlməsini və perspektivdə Müdafiə Nazirliyindən daha yüksək posta təyin olunmasını müsbət qarşılayıblar. Hətta onun ordu rəhbərliyində önəmli posta gətirilməsindən sonra ciddi dönüşün olacağını düşünənlər də var. Təbii ki, Ali Baş komandan da bu məqamları nəzərə alaraq, onun Müdafiə Nazirliyinin nüvəsinə doğru irəliləməsi üçün lazımi addımlar atır.

Məlumat üçün onu da nəzərə çatdıraq ki, R.Əkbərov Şəmkir korpusuna komandir təyin olunan zaman həmin birləşmədə vəziyyət olduqca ağır olub. Amma artıq həmin korpus cəbhə bölgəsində yerləşən ən mütəşəkkil və nizami hərbi birləşməyə çevrilib. Bu mənada onunla bağlı təyinatın bununla bitməyəcəyi, R.Əkbərovun Müdafiə Nazirliyində daha yüksək posta gətiriləcəyi ilə bağlı səslənən iddiaları gücləndirir. 

Bu barədə fikirlərini bizimlə bölüşən hərbi ekspert Üzeyir Cəfərov Mia.az-a  deyib ki, tanınmış general-leytenant, Azərbaycanın Milli Qəhrəmanı hörmətli Rövşən Əkbərovu uzun illərdir ki, şəxsən tanıdığı üçün onun haqqında hansısa fikir söyləyə bilər. 

Ü.Cəfərovun sözlərinə görə, onun vaxtıykən briqada komandirinin müavini olduğu hərbi hissə generalın rəhbəri olduğu xüsusi təyinatlı hərbi hissə ilə bərabər erməni-rus silahlı birləşmələrinə qarşı Füzuli rayonu istiqamətində amansız döyüşlərdə iştrak edib:

"Bu şəxs həm Əfqanıstan, həm də Qarabağ döyüşlərinin birbaşa iştrakçısı olub və bildiyim qədər də ölkə rəhbərliyinin ən çox etimad etdiyi sərkərdələrdən biridir. Ona görə də hesab edirəm ki, onun 4 ildən sonra yenidən Bakı hərbi birləşməsinə təyinat alması çox normal və perspektivə hesablanmış bir qərardır. Digər hansısa maraq və ya məqsədin olmasını deyə bilmərəm. Şəxsi düşüncəmə görə, böyük etimaddır və bu etimada layiq olduğunu öz xidməti ilə sübut edəcəyinə şübhə etmirəm". 

Bəs, onun daha yüksək vəzifəyə təyin olunması mümkündürmü və ya bu hansı vəzifə ola bilər? 

"Bilirsiniz, bu elə bir sualdır ki, biz yalnız mülahizə irəli sürə bilərik. 

Şəxsən mən düşünürəm ki, nədən də olmasın? Böyük hərbi təcrübəyə sahib bir cavan, savadlı, perspektivli, Vətəninə və xalqına bağlı generalı nədən daha yuxarı vəzifələrə təyin etməsinlər?

Yəqin ki, ölkə rəhbərlii nəyin necə və nə vaxt olmasını daha yaxşı bilir. Mən bir qədərə yuxarıda qeyd etdim ki, komandirlik peşəsi elə bir mürəkkəb və qəliz peşədir ki, o hamısı üçün eyni ola bilməz. Yəni, onu sevən də olur, onun tələbkarlığı, savadlı olması qarşısında ondan inciyən də, küsən də. Ona görə də, haqqında söhbət gedən general-leytenant Rövşən Əkbərov elə bir hərbçi yolu keçib ki, onu istənilən sahəyə rəhbər vəzifəyə təyin et, o, ona həvalə olunmuş işin öhdəsindən çox ustalıqla gələr. Çünki buna onun öz zabit mənliyi və şərəfi məcbur edir.

Hesab edirəm ki, onun ordu rəhbərliyində keçmədiyi bir-iki vəzifə qalıb. Onu da yəqin ki, nə vaxtsa keçəcək. Mənim buna şübhəm yoxdur».

Onu da nəzərə çatdıraq ki, son dövrlər Müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bğlı müəyyən narazılıqlar. Bu səbəbdən də onu ordu sıralarından kənarlaşdırılması və yerinə isə R.Əkbərovun gətirilməsi ilə bağlı versiyalar səsləndirilir. O fikirlər də səslənir ki, hazırda ordunun zabit-gizir heyətinin böyük əksəriyyətinin də istəyi budur. Yəni, döyüş yolu keçən və milli ruhda olan şəxslərin daha yüksək vəzifələrə təyinatı orduda əhval-ruhiyyənin daha da qalxmasına sədəd ola bilər. Döyüş görmüş, ancaq tərxis olunmuş, yaxud belə demək mümkündürsə, inciyib gedən zabitlərin orduya qaytarılması istiqamətində hansısa addımların atılması müsbət qarşılanar. Təbii ki, generalların vəzifədən çıxarılması, yaxud yerlərinin dəyişdirilməsi ali baş komandanın səlahiyyətindədir və o, qərar qəbul edirsə, bu sahənin mütəxəssisləri ilə məsləhətləşə də bilər, özü də qərar verə bilər. 

Hərbi ekspert Ü.Cəfərov da hesab edir ki, böyük döyüş və həyat təcrübəsi olan zabit və generallar, hətta aşağı ranqlı hərbçilərin də imkan daxilində bacardıqları işləri Silahlı Qüvvələrimiz üçün həyata keçirmələri üçün imkanlar yaradılmalıdır:

«Çünki hələ torpaqlarımızın erməni işğalından azad edilməsi məsələsi tam həllini tapmayanədək, biz o insanların bilik və bacarığına mütləq müraciət etməli olacağıq. Ola bilsin ki, indi bəzi şəxslər üçün müharibə kənardan çox asan görünsün. Bu, əsla belə deyil. Müharibə çox böyük risk və zəhmət tələb edən bir işdir. Ona görə də, biz son anına kimi belə insanların təcrübəsindən yararlanmalıyıq».

 Z.MƏMMƏDLİ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA