Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək - İSESKO XII Baş konfransı

img

22-11-2015 [22:19]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 25 iyul 2015-ci il tarixli 1337 nömrəli Sərəncama əsasən Azərbaycan 23-27 noyabr 2015-ci il tarixlərində İSESKO XII Baş konfransı və İcraiyyə Şurasına ev sahibliyi edəcəkdir.    

Mədəniyyət və Turizm Nazirliyindən Mia.az-a verilən məlumata görə, bu məqsədlə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 23 sentyabr 2015-ci il tarixli 79 nömrəli Sərəncamı ilə tədbirin keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Məlumata görə, İSESKO-nun 36-cı İcraiyyə Şurasının rəsmi açılışı 23 noyabr 2015-ci il tarixində, saat 9.30-da JW Marriott Abşeron Otelində olacaq.

Konfransda müzakirə olunan məsələlər müsəlman xalqlarının həyatında inkişafa doğru yeni pəncərə açacaq və qəbul ediləcək qərarlar islam ölkələri arasında əməkdaşlığın daha da dərinləşməsinə öz töhfələrini verəcəkdir.

İSESKO-nun İcraiyyə Şurası Asiya, Afrika və Ərəb regionlarını əhatə edən 52 üzv dövlətin nümayəndəsindən ibarət olmaqla ildə bir dəfə öz toplantısını keçirir. Toplantıda Baş direktorun təşkilatın proqramı və fəaliyyəti ilə bağlı inkişaf üzrə tərəqqi hesabatı, maliyyə hesabatı nəzərdən keçirilir, İSESKO büdcəsinə üzv dövlətlərin maliyyə töhfələri qiymətləndirilir

Təşkilatın ali qərarverici orqanı olan Baş Konfrans hər üç ildən bir keçirilir. İSESKO-nun ümumi fəaliyyət strategiyasını müəyyən edən Baş konfrans zamanı təşkilatın fəaliyyət sferalarına aid olan məsələlərlə bağlı koordinasiya və qiymətləndirmə həyata keçirilir, təşkilatın növbəti üç il üçün Fəaliyyət Planı və büdcəsi təsdiqlənir.

Tədbirdə beynəlxalq təşkilat və xarici ölkələrin yüksək səviyyəli nümayəndələri, mədəniyyət və təhsil nazirləri, diplomatlar, dünyanın tanınmış simaları və media nümayəndələrinin iştirakı gözlənilir.

Tədbirə ev sahibliyi edən ölkə nümayəndəsinin XII Baş Konfransın Prezidenti seçilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası 1991-ci ildən İSESKO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Respublikamızın Birinci xanımı Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur və hazırda ən məhsuldar dövrünü yaşayır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA