Azərbaycanda internet niyə çökdü? - Nazir əvəzi araşdırma başlatdı

img

16-11-2015 [22:35]


Rabitə və yüksək texnologiyalar nazirinin əvəzi İltimas Məmmədov "Delta Telecom” şirkətinə gedib və ölkəni internetsiz qoyan qəzanın səbəblərini araşdırır.

Mia.az xəbər verir ki, bu barədə virtualaz.org-a nazirlikdən məlumat verilib. Digər məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi qrup da "Delta Telecom” şirkətinə gedib. Onlar da bu gün provayder şirkətinin xətlərində baş vermiş yanğının səbəblərini araşdırmaqla məşğuldur.

Yanğının səbəblərinə dair hələ konkret versiya yoxdur. Rabitə Nazirliyindəki mənbələr isə artıq ilkin versiyanın olduğunu bildiriblər. Mənbənin sözlərinə görə, bu gün səhər nazirlikdə keçirilən iclasda sistemin gücünü artırmaq üçün mütəxəssislərin provayder şirkətinin avadanlıqlarının modernləşdirilməsinə başlayacağı qeyd olunub. Məlumata görə, bu işlər bu gün axşama qədər yekunlaşmalı idi. Belə güman edilir ki, yanğın da xətlərin Yasamal rayonu ərazisindən ("20 yanvar" metrosu tərəfdə) keçən hissəsində iş görülərkən baş verib. Rabitə Nazirliyindən o da əlavə olunub ki, internet verilişi yaxın bir neçə saat ərzində bərpa olunacaq.


**** 


Günün ikinci yarısından etibarən ölkə əraisində internet təchizatı ilə bağlı yaranan problem artıq aradan qaldırılıb.

Bunu apa-ya rabitə və yüksək texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edən İltimas Məmmədov deyib. "Təxminən 22:00 radələrində problem aradan qaldırılıb. İnternet artıq var, qoşulur… Digər texniki məsələlərlə mütəxəssislərimiz məşğul olur. Əsas odur ki, problem aradan qalxır, internet var. Artıq regionlar, Naxçıvan internetə qoşulub, Bakı da qoşulmaqdadır", - deyə İ. Məmmədov bildirib.

Qeyd edək ki, bu gün saat 15:10 radələrindən etibarən Azərbaycan ərazisinin böyük bir hissəsi internetsiz qalıb. Buna səbəb ölkənin əsas internet provayderi "Delta Telekom" MMC-nin (bazarda payı 90%-dir) DATA Mərkəzindəki ana naqildə baş verən yanğındır. Hadisə yerinə yanğınsöndürən birqadalar cəlb olunub, qısa zamanda yanğın aradan qaldırılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA