“MTN işi” daha iki naziri bitirəcək: Komandada qorxu yaranıb

img

13-11-2015 [12:13]


Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra ölkənin ictimai-siyasi həyatında "yatmış vulkanlar” oyanmağa başladı.

Məlum oldu ki, Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinə (MTN) rəhbərlik etdiyi zamanlarda onun kurasiyasında olan bir neçə yüksək rütbəli şəxs vəzifə səlahiyyətlərindən istifadə edərək qanunsuz əməllərə imza atıb. 

İş adamlarının sıxışdırılması, onların təqsirsiz yerə MTN zirzəmilərinə doldurulması, ağlasığmaz işgəncə metodları və s. kimi qeyri-qanuni qaranlıq əməllər Eldar Mahmudov sef postu ilə vidalaşdıqdan sonra gün işığına çıxdı. 

Bununla belə, baş verən hadisələrin əhatə dairəsi təkcə MTN-dəki generallarla məhdudlaşmayıb. 

Yerli mətbuatın yazdığına görə, Eldar Mahmudovun şəbəkəsi o qədər dərin yerlərə qədər kök atıb ki, onun bir ucu başqa nazirliklərə də gedib çıxır. Ötən gün ölkə başçısının sərəncamı ilə hökumətin daha bir üzvü- rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən kənarlaşdırılmasını da MTN işi ilə əlaqəli olduğu kimi dəyərləndirilir.

Bundan əlavə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) yoxlamalar apardığı yoxlamalar nəticəsində ciddi qanun pozuntuları və korrupsiya faktları aşkar edilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyətə MTN-nin hazırda həbsə olan bir neçə əməkdaşı rəvac verib.

Qeyd edək ki, başlanmış cinayət işi üzrə RTYN-nin aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, "Aztelekom" İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov həbs edildiyi bildirilir. 

Əgər Əli Abbasovun nazirlik əməkdaşlarının əməlindən xəbəri olmayıbsa, demək o, işçilərinə nəzarət edə bilməyib. Yox, xəbəri olubsa, demək qanuzsuzluq edib.Bu həbs dalğasının böyüyəcəyi və dalğanın altında başqa vəzifəli şəxslərin də "boğulması” gözlənilir. 

Modern.az saytının əldə etdiyi məlumata görə, "MTN işi”nə görə bir neçə nazir də vəzifəsindən gedəcək.

Qeyd olunur ki, yaxın günlərdə (ya da aylarda) MTN hadisələrində fiqurant olan daha iki nazir öz postu ilə vidalaşacaq. Onların siyahısı da bəllidir və hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalara başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA