Qafqazda yeni intriqalar: Əliyev planları pozur

img

04-11-2015 [16:49]


Prezident İlham Əliyevin Tiflisə noyabrın 6-da baş tutacaq səfəri zamanı Azərbaycanla Gürcüstan arasında energetika və tranzit yükdaşımalar sahəsində strateji razılaşmaların əldə olunacağı gözlənilir.

Bu barədə virtualaz.org saytına prezidentin səfərinə hazırlıq işlərinə bələd olan səlahiyyətli mənbələrdən məlum olub.

Azərbaycan prezidentinin Gürcüstana səfəri Cənubi Qafqazda energetika sferasında kartları yenidən qarışdırmaq səylərinin intensivləşdiyi bir vaxtda baş verir.

Xəbər verdiyimiz kimi, əvvəlcə Gürcüstanın energetika naziri Kaxa Kaladzenin "Qazprom”la danışıqları ortaya çıxdı. Məlum oldu ki, "Gürcü arzusu” koalisiyası, ən azından bu koalisiyanın "boz kardinalı” Bdzina İvanişvili "Qazprom”un Gürcüstana qaz təchizatını artırması, beləliklə də SOCAR-ın bu ölkənin qaz təchizatında mövqelərinin zəiflədilməsi üçün danışıqlar aparır.

Daha sonra Gürcüstanın İrandan qaz alması üçün danışıqların getdiyi açıqlandı. Eyni zamanda  Rusiyanın İranla svap mexanizmi əsasında qaz mübadiləsinə hazırlaşdığı elan olundu. Rusiyanın energetika naziri Aleksandr Novakın bildirdiyi kimi, "Qazprom” İranın şimal regionlarının qazla təchizatını üzərinə götürməyə, əvəzində Fars körfəzində eyni həcmdə İran qazını qəbul edib satmağa hazırdır.

Xəbər verdiyimiz kimi, Gürcüstan hökumətinin "Qazprom”la danışıqları bu ölkənin qərbmeylli müxalifətinin ciddi etirazlarına səbəb olub.

Energetika naziri Kaxa Kaladzenin "Qazprom”la danışıqları ətrafında qalmaqalın başladığı bir vaxtda baş nazir İrakli Qaribaşvili Bakıya qəfil səfər edib və prezident İlham Əliyevlə görüşüb. Azərbaycan prezidentinin noyabrın əvvəllərində Gürcüstana səfər edəcəyi də məhz həmin danışıqlardan sonra elan edilmişdi.

Başqa sözlə, rəsmi Bakı "Qazprom”un Gürcüstan bazarında iştirakının artırılması haqda danışıqlardan narahat olduğunu açıq bildirməsə də məsələnin Azərbaycan rəhbərliyi üçün kifayət qədər ciddi mahiyyət kəsb etdiyi aydın idi.

Ancaq daha sonra gözlənilməz hadisələr bir-birini əvəz etməyə başladı. Ermənistan prezidenti Serj Sərkisyan oktyabrın 30-da gözlənilmədən Tiflisə səfər etdi. Onun səfərinin məqsədi haqda məlumat verilməsə də Ermənistan və Gürcüstan mənbələri Sərkisyanın beynəlxalq sanksiyaların ləğvindən sonra İran neftinin və qazının Ermənistan üzərindən Gürcüstan limanlarına nəqli imkanlarını araşdırmaq üçün Tiflisə getdiyini deyirdilər.

Həmin səfər zamanı Sərkisyan Gürcüstan prezidenti, baş naziri və parlament spikeri ilə yanaşı hakimiyyətin de-fakto başçısı İvanişvili ilə də görüşüb.

ABŞ-ın özəl kəşfiyyat araşdırmaları şirkəti "Stratfor”un təhlilində deyildiyi kimi, Sərkisyan İrana qarşı sanksiyaların götürülməsini Ermənistan üçün  neft-qaz tranziti imkanlarının açılması kimi görür.

Lakin Ermənistanın əsas himayəçisi Rusiya qətiyyətlə buna qarşıdır. Rusiya İran qazının Gürcüstan üzərindən Avropa bazarlarına çıxışını bəribaşdan əngəlləmək üçün özünün alternativ planını irəli sürüb - Rusiya qazının İrana nəqlini, əvəzində Fars körfəzində İran qazını qəbul etməyi  təklif edib.

İstənilən variantda İranla "altılar” arasında əldə edilmiş nüvə razılaşmasından sonra Cənubi Qafqazda yaranmaqda olan yeni situasiya Azərbaycanın maraqlarına birbaşa təsir edir. Azərbaycan Gürcüstanla müttəfiqlik  münasibətləri sayəsində Ermənistanı regional layihələrdən xeyli ölçülərdə təcrid edə bilib.

İndi Ermənistan yeni situasiyadan istifadə edərək bu təcrid vəziyyətindən çıxmağa çalışır və İrəvanın bu işdə nə dərəcədə irəli gedə biləcəyi Gürcüstanın mövqeyindən asılıdır.

Belə görünür ki, Azərbaycan "Qazprom”un Gürcüstan bazarına birbaşa daxil olmasından (indiyədək Gürcüstan onsuz da Ermənistana qaz tranzitinə görə "Qazprom”dan ildə 400 milyon kubmetrə yaxın qaz alırdı) o qədər də narahat deyil. Çünki Azərbaycan Gürcüstana qazı onsuz da ucuz qiymətə, hətta daxili bazar qiymətinə yaxın satır.

"Qazprom”un bundan da ucuz qiymət təklif edib SOCAR-ı bazardan sıxışdırması qətiyyən ağlabatan deyil. Rusiya konserni ancaq Gürcüstanın kommersiya təyinatlı qaz bazarına daxil ola bilər ki, orada da SOCAR üçün rəqabətə davam gətirmək imkanları var.

Lakin İran qazının Ermənistan üzərindən Gürcüstana nəqli, yaxud Rusiya qazının Ermənistan üzərindən  svap mexanizmi əsasında İranın şimal regionlarına nəqli, habelə İran neftinin Ermənistan üzərindən Gürcüstan limanlarına daşınması kimi planlar Bakını ciddi narahat etməyə bilməzdi. Axı bu kimi layihələr Ermənistanın təcrid vəziyyətindən çıxmasına kömək edər.

Bu səbəbdən gözlənilir ki, İlham Əliyevin Tiflisdə aparacağı danışıqlarda əsas diqqət məhz Ermənistana neft-qaz  tranziti  imkanlarının yaradılmasının Bakı üçün nə dərəcədə arzuolunmaz olduğuna yönəldiləcək. Və prezidentin səfərini hazırlayan rəsmilər deyirlər ki, Gürcüstan tərəfi Azərbaycanla strateji müttəfiqlik münasibətlərinin həyati əhəmiyyətini dərk edir və Ermənistana görə bu münasibətlərə zərbə vura biləcək addımlara getməyəcək.

Əslində Tiflisdə hakimiyyətə gələn istənilən qüvvə Azərbaycanla münasibətlərin əhəmiyyətini nəzərə almağa məcburdur.

Azərbaycanı İran neftinin və qazının Ermənistan üzərindən nəqli, yaxud Rusiya qazının Gürcüstan və Ermənistandan keçməklə İrana çatdırılması ilə yanaşı Abxaziya dəmir yolunun açılması perspektivləri də yaxından maraqlandırır.

İrəvan nəqliyyat blokadasından çıxa bilmək üçün 4 milyard dollara başa gələcək İran-Ermənistan dəmir yolunun tikintisi layihəsini reallaşdırmağa cəhdlər edirdi. Ancaq Rusiya bu layihəyə də qarşıdır və Ermənistanı tam asılı vəziyyətdə saxlamaq istəyir. Əvəzində İran, Azərbaycan və Rusiya dəmiryollarını birləşdirəcək Şimal-Cənub layihəsinin həyata keçirilməsi daha real görünür.

Digər tərəfdən, Rusiya bu ilin avqustunda Abxaziyaya dəmir yol qoşunlarını yeridib və yolun bərpasına başlayıb. Abxaziya dəmir yolunun açılması Ermənistanın nəqliyyat blokadasından çıxmasına imkan verərdi, ancaq ortada ciddi siyasi əngəllər var. Və Gürcüstanda nəzərə alırlar ki, Azərbaycanın da bu məsələdə mövqeyini nəzərə almaq lazımdır.

Hətta Ermənistan da etiraf edir ki, Azərbaycanın razılığı olmadan Abxaziya dəmir yolunun açılması real deyil.

Abxaziya dəmir yolunun açılması real olmasa da Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi tezliklə baş verəcək. Və Ermənistanın kənarda qaldığı bu mühüm nəqliyyat dəhlizi ilə yükdaşımaların başlaması Azərbaycana və Gürcüstana ciddi tranzit gəlirləri vəd edir. 

Ancaq beynəlxalq yükdaşımaları bu dəhlizə yönəldə bilmək üçün uzlaşdırılmış, məqbul tranzit tarifləri tətbiq edilməlidir və gözlənilir ki, İlham Əliyevin səfəri zamanı bu məsələdə mühüm razılaşmalar əldə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA