“AGBank” qapılarını jurnalistlərin üzünə açdı - FOTOLAR

img

31-10-2015 [14:13]


Azərbaycanın aparıcı banklarından biri olan "AGBank” oktyabrın 27-də jurnalistlər üçün "Açıq qapı günü” keçirib. 

Mia.az fins.az-a istinadən xəbər verir ki, tədbir bankın bu ilin may ayından bəri fəaliyyət göstərdiyi yeni baş ofisində, Cəlil Məmmədquluzadə küçəsi, 102 A ünvanındakı "City Point Baku” biznes mərkəzində baş tutub. Hazırda bu mərkəzin bir neçə mərtəbəsi "AGBank”ın ixtiyarındadır.

Fiziki və hüquqi şəxslərə ayrıca yanaşma

"Açıq qapı günündə” bankın qapılarını qələm əhlinin üzünə qurumun Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Günel Atakişiyeva açır. Bank sektorunda 6 illik iş təcrübəsi olan Günel xanım 4 ildir ki, "AGBank”da çalışır. İqtisadi sahədə, xüsusilə də maliyyə sahəsində ixtisaslaşmış jurnalistlər onu yaxşı tanıyır. Xanım Atakişiyevanın iştirakı ilə ilk növbədə bankın Müştəri Xidmətləri Departamentinin işi ilə tanış oluruq. Hər bir bankda olduğu kimi "AGBank”da da eyni vaxtda həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərilir.

Müştərinin maraqlarını öndə tutmaq

Departamentin işi barədə jurnalistlərə onun rəhbəri Səttar Əliyev məlumat verir. 12 il bundan əvvəl "AGBank”da əməliyyatçı kimi işə başlamış Səttar müəllim bankın əksər müştəriləri ilə, xüsusilə də sahibkarlarla dost münasibətlərində olduğunu deyir. Onun sözlərinə görə, "AGBank” kiməsə kredit ayırarkən ilk növbədə bu krediti götürmüş fiziki və hüquqi şəxslərin mənafeyi barədə düşünür: 

"Bizim müştərimizin arasında elələri var ki, kiçik şirkət kimi fəaliyyətə başlayıblar və hazırda Azərbaycan bazarında öz yerlərini tutmuş böyük şirkətlərdir. Keçmişindən, gələcəyindən, vəzifəsindən və ya yaşından asılı olmadan hər bir müştəri bizim üçün önəmlidir. Bəli, çox sayda müştərisi olan VİP şöbəmiz də var, lakin qoy bu sizdə tərəddüd yaratmasın, biz müştərilərimiz arasında fərq qoymuruq. Belə ki, VİP şöbəmiz xidmət növləri ilə seçilir, şöbənin müştərilərinə fərqli münasibəti ilə deyil. Münasibət, hörmət, etimad bu qapıdan içəri daxil olan hər bir şəxsə qarşı eyndir.”

Son vaxtlar Azərbaycan Mərkəzi Bankının (AMB) banklar qarşısında müştərilərə kredit verilməsi ilə bağlı tələbləri sərtləşdirməsi "AGBank”ı da kredit siyasətinə yenidən baxmağa vadar edib. Səttar Əliyev deyir ki, hazırda bank daha çox onun əmək haqqı layihəsinin iştirakçısı olan, yəni əmək haqqını "AGBank”-ın plastik kartları vasitəsi ilə alan müştərilərə kredit ayırır. Nəticədə bankın problemli, götürdüyü kreditə görə vaxtında ödəniş etməyən müştərilərinin sayı getdikcə azalmaqdadır.

Dərindən araşdırılan kredit müraciəti

Səttar Əliyevlə sağollaşaraq bir pillə yuxarı, bankın kredit şöbəsinə qalxırıq. Burada isə bizi "AGBank”ın Müştəri Xidmətləri Departamentinin direktor müavini Rumiyyə Məmmədova qarşılayır. Bankın müştərilərə kredit ayırması prosesi barədə bizi o məlumatlandırır: "Biznes krediti verilən zaman müştərinin ödəniş qabiliyyətini və kredit tarixçəsini təhlil edirik, lazım bilsək kredit müraciətini baxılmaq üçün Kredit Komitəsinə təqdim edirik. Əgər müsbət rəy olarsa, kredit verilir. Bu proses 1gündən 1 həftəyə qədər çəkə bilər”.

Bununla belə, "AGBank”dan krediti 1 saat ərzində də almaq mümkündür.

Rumiyyə xanımın sözlərinə görə, söhbət əsasən kiçik məbləğli istehlak kreditlərindən gedir. Rumiyyə xanım müştərilərin kredit tarixçələrinə çox diqqətli yanaşıldığını vurğuladı. Belə ki, vaxtı keçmiş kredit tarixçələrinə malik müştərilərə kredit verilmir, lakin 60 günə qədər vaxtı keçmiş kreditləri olan müştərilərin tarixçələri təhlil edilir, gecikmələrin səbəbləri araşdırılır. Gecikmənin bir neçə səbəbi ola bilər: əsas səbəb əmək haqlarının gec alması ilə bağlıdır. Hər halda bu bizim bankda baş veribsə, biz səbəbini bilirik və nəzərə alırıq. Başqa bankda belə bir vəziyyət olubsa, o bankdan bunun səbəbləri barədə məlumat almağa çalışırıq. Kredit müsbət tarixçəyə malik olan fiziki şəxslərə onların ödəniş qabiliyyəti təhlil edilərək kredit mütəxəssislərinin qərarı əsasında da verilə bilər və bundan ötrü Kredit Komitəsinə müraciət etməyə ehtiyac qalmır.

Beynəlxalq standartlara uyğun işə qəbul prosesi

"AGBank”da işə qəbul prosesi barədə isə bizə bankın İnsan Resursları Departamentinin direktoru İlqar Musabaliyev məlumat verdi. Onun sözlərinə görə, bankda rəhbər və adi vəzifələrə təyinat zamanı tələb olunan bacarıqlardan asılı olaraq, müvafiq seçim etapları tətbiq edilir: "Təbii ki, rəhbər vəzifələrdə idarəetmə ilə bağlı əlavə tələblər olur. Amma ümumilikdə bütün vəzifələr üçün öhdəliklər müəyyən edilir və onlardan asılı olaraq işə qəbul prosesi bir neçə mərhələni əhatə edə bilər. İstənilən halda şəffaflıq təmin olunur”.

İlqar Musabaliyev qeyd etdi ki, təmsil etdiyi bank, Azərbaycanda ilk dəfə olaraq işə qəbul prosesində beynəlxalq qiymətləndirmə üsulu olan "Assestment Center”i tətbiq etmiş və bu üsulu öz əsas meyarlarına uyğunlaşdırmışdır.

Bankda hansısa vəzifəyə işə qəbul zamanı ilk növbədə internetdə elan verilir, daha sonra müraciət etmiş namizədlər, vəzifədən asılı olaraq, test imtahanından və müsahibələrdən, həmçinin digər müvafiq etaplardan keçirilir, ən yüksək nəticə göstərmiş şəxslər müəyyən edilərək, onlara iş təklif edilir.

İpoteka kreditlərində lider

"AGBank”ın təşkil etdiyi "Açıq qapı günü”nə bankın metronun "Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı filialında yekun vururuq. Əsasən ipoteka kreditləşməsi üzrə ixtisaslaşmış filialın işi barədə onun direktoru Rüfət Allahverdiyev danışır. 

Yeri gəlmişkən, "AGBank” Azərbaycan bankları arasında verdiyi ipoteka kreditlərinin sayına görə 1-cidir. AMB yanında İpoteka Fondunun 2015-ci ilin 2-ci rübünə aid məlumatında bankın 1376 nəfərə mənzil problemini həll etməkdə vasitəçi olduğu bildirilir. Filial direktoru bunu əhali arasında ipoteka məsələsində banka inamın yüksək olması, kredit verilişinin şəffaf şəkildə və qısa müddət ərzində həyata keçirilməsi ilə izah edir.

Onun sözlərinə görə, hazırda "AGBank”ın ipoteka portfeli 47-48 milyon manat civarındadır. İlin sonuna qədər bu rəqəmin 50 milyon manata çatacağı proqnozlaşdılır: "Portfelimiz getdikcə artır. Çünki bizdə ipoteka işi çox mükəmməl qurulub, müştərilərin ödəniş qabiliyyəti, onların ipoteka yolu ilə əldə etmək istədikləri daşınmaz əmlaklar dəqiq qiymətləndirilir və əmlakın dəyərinin 70%-i qədər kredit verilir. Kirayədə qalan müştərilərimizə xüsusilə həssas yanaşırıq, çalışırıq onların işini bacardıqca tez həll edək. Rəsmiləşdirilən İpoteka kreditlərinin təxminən 70%-i güzəştli (illik 4% ilə) kreditlərdir. Hələ ki, heç bir müştəri ilə problem yaşamamışıq, ödənişlərdə gecikmə yoxdur. Bu həm də ondan irəli gəlir ki, azərbaycanlılar başqa kreditlərlə müqayisədə ipoteka kreditinə həddindən çox məsuliyyətli yanaşırlar, çətinliklə əldə etdikləri evin əldən çıxmasına razı olmurlar. Çünki bu bir növ dövlətin vətəndaşa hədiyyəsidir. Uzunmüddətli, aşağı faiz dərəcələri ilə verilən kredit əvəzedilməz bank məhsuludur”.

"AGBank”dan ipoteka krediti götürüb əmlak alanlar onu girovluqda ola-ola sata da bilərlər. Rüfət Allahverdiyev deyir ki, bank bu məsələdə öz müştərilərinə lazımı köməyi göstərməyə hazırdır. Bundan başqa, əmlakı digər bankda, ipoteka girovluğunda olan şəxslər də "AGBank”ın dəstəyinə ümid edə bilərlər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA