Seçkilərdən sonra MTN-də daha geniş “təmizləmə”lər olacaq

img

27-10-2015 [10:05]


Milli Təhlükəsizlik Nazirliyindəki "təmizləmələr” davam edir. İdarə və şöbə rəisləri tutduqları vəzifələrdən uzaqlaşdırılır, sıravi işçilərin E.Mahmudovun komandasından olub-olmaması saf-çürük edilir.
Mədət Quliyevin qurumun rəhbərliyinə gətirilməsi ilə başlanan prosesin 1 həftə sonra keçiriləcək parlament seçkilərindən sonra daha böyük miqyas alacağı bildirilir.

Mia.az xəbər verir ki "Yeni Müsavat" qəzetinin hazırladığı məqalədə hazırda Baş Prokurorluqda illərlə qapalı qalan MTN-lə əlaqəli işlərin qruplaşdırılmasının da davam etdirildiyi göstərilir. Qəzet yazır ki, seçkidən sonra Eldar Mahmudovun 11 illik nazirliyi dövründə baş verən cinayətlərlə bağlı ictimaiyyətə əlavə açıqlamaların veriləcəyi də gözlənilir. Hələlik isə seçkiöncəsi olduğundan hakimiyyət qurumda baş verənlərlə bağlı informasiyaların yayılmasında o qədər də maraqlı deyil...

Mahmudov haradadır?

Oktyabrın 17-də Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan uzaqlaşdırılmazdan əvvəl Prezident Administrasiyasına çağırılıb. Orada nazirin telefonları götürülüb. E.Mahmudov Prezident Administrasiyasında olduğu dəqiqələrdə televiziyada, mətbuatda onun tutduğu vəzifədən azad olunması haqda prezidentin sərəncamı yayılıb. E.Mahmudovu Prezident Administrasiyasında nəzarət altında yaşadığı ünvana aparıblar. Hazırda Eldar Mahmudov nəzarətdədir.

Sabiq nazirin yaxın adamı Danimarkaya qaçıb



Qəzetə daxil olan məlumatda qeyd olunur ki, MTN-də həyata keçirilən əməliyyat məxfi keçirilsə də, E.Mahmudovun bəzi adamları ölkə sərhədlərini aşmağa imkan tapıblar. Onlardan birinin Danimarkaya qaçması haqda məlumat var. Qeyd olunur ki, həmin şəxs 2 il əvvələ qədər sabiq nazirin ən yaxın çevrəsinə daxil olub. Sonradan isə onunla E.Mahmudovun münasibətləri korlanıb. Buna görə də o, nazirin ətrafında olmayıb. Bununla belə, həmin şəxsin MTN-də, birbaşa Eldar Mahmudovun ətrafında cərəyan edənlərdən məlumatlı olması, sabiq nazirin bir çox sirlərinə vaqif olması onu istintaq üçün qiymətli şahidə çevirə bilərdi. Belə bir şəxsin ölkədən çıxarılmasının təsadüfi olmadığı deyilir.

Eldar Mahmudovun haqq yığanı...



MTN-dəki həbslərdən sonra aydın oldu ki, qurumda rüşvətlə vəzifəyə təyin etmə geniş yayılıb. Vaxtilə rüşvətin keçmədiyi bir qurum tamamilə rüşvət bataqlığına çevrilib. Mənbə deyib ki, Namiq Abbasovun nazir olduğu dövrdə MTN-də 500-ə yaxın vakant yer olub. Həmin yerlərə N.Abbasov təcrübəli kardların olmaması səbəbindən təyinatlar etməyib. E.Mahmudov nazir təyin olunandan 5-6 ay sonra həmin ştatlara təyinatlar gerçəkləşib. MTN-də illərlə boş qalan postları varlı şəxslərin övladları tutub.

MTN-in xərac toplayanları...



11 il ərzində MTN-in rayon şöbələrindən xərac toplanması da redaksiyamıza daxil olan məlumatlar sırasındadır. Mənbə bildirib ki, əvvəllər nazirin köməkçisi, sonradan Xüsusi İnspektorluğun rəisi polkovnik Qədir Əkbərov və onun sağ əli hesab olunan İslam adlı şəxs əməkdaşları təqib edərək daima rüşvət verməyə məcbur edib. MTN-dəki bütün qanunsuz işdən azad etmələrin başında Qədir Əkbərovun durması haqda da iddia var. Bildirilir ki, bu şəxs hər ay MTN-in rayon şöbələrinin rəislərindən haqq-hesab yığıb.

Ermənistandan gələn zəngin və xüsusi əməliyyatların qazandırdığı milyonlar...



MTN-də sahibkarların qanunsuz olaraq saxlanılması, onların qondarma ittihamlarla təhdid edilərək pul alınması haqda geniş məlumatlar da var. Qəzetə daxil olan məlumatda isə MTN-çilərin pul qoparmaq və eyni zamanda iş gördükləri qənaətinin formalaşması üçün atdıqları ağlasığmaz addımlar haqda da bilgi verilir. Mənbə deyib ki, Azərbaycanda nümayəndəlikləri olan ən müxtəlif şirkətlərdən "Ermənistanla danışmısız” ittihamı ilə pul qoparılıb.

Rüşvətqoparma sxemi isə belə olub: Bu və ya digər şirkətin rəhbərliyi əvvəlcə quruma dəvət olunub. Dəvət olunmuş şəxsə üzərinə böyük məbləğ yazılmış kağız parçası təqdim olunub. Həmin məbləği ödəmək istəməyən sahibkar heç bir maneəsiz qurumdan buraxılıb.
Bundan sonra çirkin plan işə düşüb. Mənbə bildirir ki, Rusiyada erməni əsilli şəxs tapıb ona Bakıya zəng edib bu və ya digər şirkətin malları, qiymətləri ilə maraqlanmaq tapşırılıb. Az sonra isə həmin şirkətə erməni zəng edib onların satdıqları mallarla maraqlanır. Rus dilində aparılan danışıqların sonunda danışanın erməni olmasına işarə vurulurmuş. 3 gün sonra isə şirkətdə MTN xüsusi əməliyyat keçirib və "Ermənistanla danışmısız, dövlətə xəyanət etmisiz” ittihamı irəli sürülürmüş.

Dövlətə xəyanət ittihamı ilə həbs olunanların ömürlük azadlıqdan məhrum edildiklərini xatırlatmaqla sahibkarlardan böyük məbləğlərdə rüşvət alınırmış. Qurulan oyunun - Bakıdakı şirkətə erməninin zəng etməsinin MTN-çilər tərəfindən təşkil edilməsini isə sahibkarın məhkəmədə sübut etməsi bir qayda olaraq mümkün olmurmuş. Əlbəttə ki, iş məhkəməyə gedib çıxardısa...

Məhkəməyə göndərilən işlər isə MTN-in dövlətə xəyanət etmişləri aşkarlayaraq zərərsizləşdirməsi haqda statistik məlumatlarda özünə layiqli yer tutub. Belə "xüsusi əməliyyatlar”da fərqlənənlərin "İgidliyə görə” və digər orden və medallarla, rütbələrlə təltif olunmaları üçün ölkə rəhbərliyinə təqdimatlar yazılıb. Həqiqi igidlik edərək ölkənin maraqlarını müdafiə etmiş MTN-çilərə isə ögey münasibət sərgilənib.

Belə "xüsusi əməliyyat”ların qurbanına çevrilən sahibkarların bir çoxu böyük məbləğlərdə pul ödəməklə canlarını qurtarmağa üstünlük veriblər. Onların bəziləri bu gün də bu haqda danışmağa cürət eləmir....

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA