Nazirliklə iş adamı arasında qalmaqal - Açıqlamalar

img

26-10-2015 [16:26]


"Xəzər Adaları” layihəsinin müəllifi, "Avesta Konsern”nin rəhbəri Hacı İbrahim Nehrəmli ilə bağlı mətbuatda yeni məlumatlar yayılıb. 

Yayılan xəbərlərə görə, Hacı İbrahimin "Xəzər Adaları”nın tikintisi ilə bağlı heç bir dövlət sənədi yoxdur. Eyni zamanda ictimaiyyətdə yayılan məlumatlara görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də "Avesta Konsern”ə ərazidə şəhərcik salınması ilə bağlı gərəkən ekoloji rəyi verməkdən imtina edib.

Mia.az xəbər verir ki, yayılan məlumatları dəqiqləşdirmək üçün sözügedən nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova musavat.com-a açıqlamasında məsələ ilə bağlı aşağıdakıları söyləyib: 

""Avesta Konsern” şirkəti tikinti işlərinə başlamazdan öncə müvafiq sənədləri, o cümlədən ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənədi, mövcud qanunvericiliyə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmalı idi. Lakin bu sənəd işlərə başlanıldıqdan xeyli sonra nazirliyə təqdim edilib. Həmçinin ətraf mühitə hansı təsirlərin olacağı,  dənizin ilkin vəziyyəti, tikinti ilə əlaqədar ətraf mühitə dəyəcək zərər öyrənilməyib. Bütün bunlara görə də  biz ekoloji rəy verməkdən imtina etmişik”.

Hacı İbrahimlə Ekologiya Nazirliyi arasında zəbt qalmaqalı

Nazirliyin əməkdaşlarının gətirdiyi arqumentlərə Hacı İbrahim Nehrəmli isə cavab olaraq deyib ki, bu məsələdə ictimaiyyətə təfsilatlı məlumat verilməyib: 

"Yazırlar ki, Hacı İbrahim ərazini zəbt edir. Sual verirəm ki, zəbt necə olur? Mənim bütün sənədlərim yerindədir. İcazəmi də almışam. Hansı zəbtdən söhbət gedir ki, dediyim kimi hər bir sənədim yerindədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən deyilən sənədi almamışam. Onu düz deyirlər. Çünki bəzi şərtlər, tələb olub ki, yerinə yetirə bilmirik. Mənim nazir Hüseyqulu Bağırova böyük hörmətim var. O. işinin öhdəsindən gələn nazirdir. İndiyə qədər  nazirliyə ətraf mühitlə bağlı lazım olan dörd kitab  göndərmişik. Lakin onlar bunu qəbul etməyiblər. Beşincini də 6 ay bundan öncə göndərmişik, bu dəqiqə də nazirlikdədir. Ancaq onlar heç bir rəy vermirlər. Nə edə bilərik? Tikintiyə başlamamışdan öncə də Ekologiya Nazirliyinə müraciət etmişik və onlar bizə rəy veriblər. Elə bu rəylə də tikintini başlamışıq. Sonra isə biz ətraf mühitin qorunması ilə bağlı kitab şəkilində məlumat yazmalı idik. Onu da qeyd etdiyim kimi yazdıq. Lakin onlar geri qaytarırlar. Yazıblar ki, Hacı İbrahimin şəhərcikdə sement zavodu var. Mənim burada sement zavodum yoxdur. Sadəcə beton zavodum var. Bunlar ayrı-ayrı şeylərdir. Biz sementi başqa holdinqlərdən alırıq. Hər bir şey dövlətin nəzarəti altında olub və yüksək keyfiyyətli tikintilər aparılıb. Bununla bağlı da bütün aktlarımız var”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA