Püşk atıldı, polisə 30 nəfər işə alındı - Nazir Ramil Usubov tapşırıq verdi

img

22-10-2015 [17:29]


 Bu gün Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasını bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların Bakı Şəhər və Nəqliyyatda Baş Polis idarələrinin orqan və hissələrində vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.

Mia.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb və son illər bu praktikadan geniş istifadə olunduğunu bildirib. 

Baş Kadrlar İdarəsinin rəis müavini, polis polkovniki Səfər Əliyev Nazirliyə 30 əməkdaşın dəvət edildiyini bildirib və namizədlərin siyahısını elan edib.

Daha sonra  iddiaçılar orta rəis heyətinə aid müxtəlif vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər. Onların nəzərinə çatdırılıb ki, püşkatmada iştirak etmiş bütün əməkdaşlar daxili işlər nazirinin müvafiq əmrləri ilə «polis leytenantı» xüsusi rütbəsi verilməklə zabit vəzifələrinə təyin olunurlar.

Tədbirə yekun vuran daxili işlər naziri gənc əməkdaşları təbrik edərək onlara tapşırıq və tövsiyələrini verib.

Ramil Usubov gənc zabitləri təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.

Nazir əmin olduğunu bildirib ki, onlar bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA