MSŞA QHT Koalisiyası İqtisad Universitetində tədbir keçirib - FOTOLAR

img

20-10-2015 [22:29]


Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndirmə -məlumatlandırma seminarı keçirib.

Mia.az xəbər verir ki, «MHŞT məqsədləri, tətbiqi, nəticələrinin istifadəsi» mövzusunda seminar Azərbaycan Dövlət İqtisad Universitetinin binasında baş tutub. Seminar Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Səadət Qəndilova tədbir iştirakçılarını salamlayaraq Azərbaycanın neft kontraktlarını imzalanmasının əhəmiyyəti ilə bağlı məlumat verdi. Həmçinin, ölkəmizin mədən hasilatında əldə olunan gəlirlərlə bağlı şəffalığın təmin olunmasında maraqlı olduğunu qeyd edib.

Daha sonra çıxış edən Koalisiya Şurasının koordinatoru Əliməmməd Nuriyev bildirdi ki, əhalinin MHŞT ilə bağlı məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilir: «Əhalinin MHŞT ilə bağlı məlumatlandırılması üçün regionlarda seminarlar keçirildi. Amma bu istiqamətdə gənclərlə işləmək daha vacibdir. Ali məktəblərdə bu seminarların keçirilməsinə isə Azərbaycan Dövlət İqtisad Universitetindən başladıq. Buna səbəb həm bu ali təhsil ocağında İqtisadiyyat və Sənaye fakültəsinin olması, həm də Azərbaycan iqtisadiyyatının gələcəyinin Sizlərin əlində olması ilə bağlı idi. Bu sahədən əldə olunan gəlirlər və bu vəsaitlərin səmərəli xərclənməsinə nəzarət isə hər bir vətəndaşdan asılıdır».  

Daha sonra məruzə ilə çıxış edən ekspert Sabit Bağırov Azərbaycanda mədən hasilatında şəffaflıq təşəbbüsü ilə bağlı məlumat verdi. 

«MHŞT məqsədləri, tətbiqi, nəticələrinin istifadəsi» mövzusuda məruzə ilə çıxış edən ekspert bildirdi ki, 2003-cü ildə belə bir təşəbbüs irəli sürüldü: 

"Hasilat sənayesi ilə məşğul olan həm dövlətlərə, həm də şirkətlərə müraciət edildi ki, öz gəlirlərini açıqlasınlar. 2003-cü ildə İngiltərənin o zamankı baş naziri Toni Bleyr tərəfindən şirkətlərə müraciət olundu ki, həm qazandıqları, həm də dövlətlərə ödədikləri vəsaitlərin miqdarını açıqlansın. 2003-cü ildə Londonda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün ilk konfransı keçirildi. Tədbirdə mədən sənayesi ilə məşğul olan dövlətlərin rəsmi nümayəndələri, vətəndaş cəmiyyəti institutları və mədən hasilatı ilə məşğul olan şirkətlər iştirak edirdi. Həmin konfransda mədən sənayesində şəffaflıq təşəbbusunun ilk prinsipləri qəbul olundu.

Həmçinin, 4 pilot ölkə seçildi ki, onlardan biri də Azərbaycan idi. Azərbaycan nümayəndə heyətinə o zaman ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev rəhbərlik edirdi. Həmin tədbirdə İlham Əliyev çıxış etdi və ölkəmizin bu təşəbbüsə qoşulduğunu elan etdi. Daha sonra ölkəmizdə müvafiq komissiya yaradıldı və MHŞT istiqamətində işlərə başlanılıb».

Ekspertin sözlərinə görə, həmin ildən başlayaraq Azərbaycan hər il hesabat verir: «Azərbaycan indiyədək bununla bağlı 18 hesabat verib. İlk hesabatlar bir qədər səthi idi. Amma sonradan hesabatlar daha da təkmilləşdirildi. Artıq 2013-cü ilin hesabatı qəbul edilib. Həmin hesabat isə artıq yeni standartın tələblərinə uyğundur. Yeni standart isə daha detallı məlumatlar verilməsini nəzərdə tutur. Amma bu sahədə şəffaflığın təmin edilməsi üçün ictimai nəzarətin təmini vacibdir».

Daha sonra ekspert Azər Mehtiyev MHŞT ilə bağlı tədbir iştirakçılarına  məlumat verib. 

Tədbirin sonunda ekspertlər seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.  

WP_20151020_12_39_48_Pro__highres.jpg

WP_20151020_12_41_18_Pro.jpg


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA