MTN-də kimlər qandallandı? - Rüstəm Usubov təqdimat verdi (SİYAHI)

img

19-10-2015 [22:59]


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) aşkarlanmış qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb.
 
Hökumətdəki mənbələrdən APA-ya məlum olub ki, faktla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir.
 
İstintaqın gedişində MTN-nin bir neçə yüksək rütbəli əməkdaşının saxlanıldığı da bildirilir. Onlardan bir neçəsi barədə Səbail rayon Məhkəməsi tərəfindən artıq həbs qətimkan tədbiri seçilib.  

Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərin hamısının adı bəlli olmasa da, onlardan üç nəfərinin adı artıq məlumdur. Onlar MTN-in Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Mürvətova və polkovnik Füzuli Ələsgərzadədir. (report)
 
Mənbə onu da qeyd edib ki, həbs olunanlar Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurlar.
 
Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bunlara sahibkarlardan "haqq tələb edilməsi", onların yersiz incidilməsi, MTN-nin səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması, istintaqa cəlb olunmaları və digər əməllər daxildir.
 
Sabiq nazir Eldar Mahmudovun saxlanması barədə məlumat isə təsdiqlənmir.
 
APA-nın əldə etdiyi digər məlumata görə, sahibkarlardan daxil olmuş şikayətlər prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Prezident Administrasiyasında araşdırılıb. Araşdırma nəticəsində bəlli olub ki,  sahibkarların şikayətçi olduqları qurumlar arasında ilk yeri Milli Təhlükəsizlik Nazirliyi tutur.
 
Xatırladaq ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının sahibkarlara problemlər yaratması, bəzi hallarda onlardan pul tələb etməsi, sahibkarların boğulması, soyulması, incidilməsi barədə danışaraq, bütün qurumlara bu halların aradan qaldırılması barədə son xəbərdarlıq etmişdi. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA