Lənkəranda leysan yağışı - Evləri su basıb, 18 nəfər təxliyə edilib

img

17-10-2015 [11:20]


İki gün aramsız yağan yağışlar Lənkəranda fəsadlar törədib. Dünən axşam saatlarında daha da güclənən leysan yağışları nəticəsində bir sıra yaşayış məhəllələri su altında qalıb.

Dağətəyi kəndlərin sakinlərinə ciddi ziyan dəyib. Hələlik dəyən ziyanın həcmi məlum olmasa da, ev quşları və xırdabuynuzlu heyvanlar arasında tələfatın olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub regional mərkəzinin xilasediciləri və Dövlət Sularda Xilasetmə Xidmətinin "Cənub” dalğıc-axtarış qrupu Bürcəli və Türkəkəran kəndlərində əhalinin təxliyə edilməsinə cəlb olunub. Gecə saat 00.10 radələrində Növbətçi hissəyə daxil olan telefon zəngindən sonra ilk olaraq Həsənovlar ailəsinin ikisi azyaşlı olmaqla 6 nəfər üzvü FHN əməkdaşları tərəfindən qayıq vasitəsilə evlərindən təxliyə edilib.

FHN Cənub regional mərkəzinin məlumatına görə, ümumilikdə Bürcəli və Türkəkəran kəndlərində 18 nəfərə yardım göstərilib. Onlardan 7-si azyaşlı, 6 nəfəri qadın olub. Xilasetmə işləri bir neçə saat ərzində davam edib.

Kənd sakinlərinin bildirdiyinə görə, həyətlərdən su sel şəklində keçərək, nisbətən çökək olan ərazilərdə toplanıb. Bu da hansısa bəndin uçması ehtimlını yaradır. Hazırda həyətlərə yığılan suyun hündürlüyü 1-1,5 metrə çatır. Rayonun digər kəndlərində də daşqınların olduğu bildirilir(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA