AMEA-da iclas - Yeni təyinatlar olub (SİYAHI)

img

15-10-2015 [11:17]


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan Mia.az-a daxil olan məlumata görə, iclası akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə akademik Arif Paşayev, akademik  Bahadur Tağıyev və fizika elmləri doktoru Kərim Allahverdiyevin "LİDAR və ondan Azərbaycanda praktiki istifadə perspektivləri”  adlı məruzəsi dinlənilib.

Bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq LİDAR Milli Aviasiya Akademiyasında yaradılıb. LİDAR Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə "Müasir metodlarla (LİDAR texnologiyası, atom qüvvə mikroskopu və lüminessent analiz metodları) neft-qaz əməliyyatlarının keçirilmə zamanı ətraf mühitin çirklənməsinin monitorinqi” layihəsi çərçivəsində qurulub. Layihənin məqsədi neft-qaz çıxarılması zamanı su və yer səthinə çıxan neft məhsullarının, kimyəvi reagentlərin və qazma məhlullarının məsafədən zondlanması üçün nəzərdə tutulan flüorissent LİDAR-ın istehsalı və inkişafıdır. Məruzəçi qeyd edib ki, bu məsələ optik spektroskopiyanın müxtəlif üsulları, o cümlədən Raman effekti, LIB və flüorissent spektroskopiyası ilə həll oluna bilər.

Bildirilib ki, istehsal edilmiş LİDAR bu ilin avqust ayında Pirallahı rayonu Abşeron Neft-Qaz Çıxarma İdarəsinin neft estakadasında sınaqdan keçirilib və  dəniz suyu səthindəki neft çirklənmələrini uğurla qeydə alıb. SOCAR-ın nümayəndəsinin iştirak etdiyi sınaqlardakı ölçmələr günün işıqlı və qaranlıq vaxtında həyata keçirilib və mövzuyla bağlı qəbul protokolu imzalanıb.

İclasın sonunda bir sıra kadr məsələləri müzakirə edilib. Rəyasət Heyətinin qərarı ilə tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov muzeyin elmi katibi vəzifəsinə, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalova muzeyin elmi fond işləri üzrə direktor müavini-baş mühafiz vəzifəsinə, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyeva isə muzeyin Ekspozisiya təhlükəsizliyi üzrə direktor müavini-ekspozisiyanın müdiri vəzifəsinə təyin olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA