Gənc Alim və Mütəxəssislər Şurasının növbəti toplantısı - Müzakirə

img

09-10-2015 [10:36]


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti toplantısı keçirilib. 

Mia.az xəbər verir ki, toplantıda şura sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov əvvəlcə iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.  

Sədrlik etdiyi qurumun beynəlxalq səviyyəli növbəti uğura imza atacağını bildirən F.Salmanov qeyd edib ki, AMEA-nın 70 illiyi ilə əlaqədar Şuranın təşkilatçılığı ilə "Akademik Elm həftəliyi - 2015" beynəlxalq multidissiplinar Forum təşkil olunacaq. Bildirib ki, tədbirin formatı əvvəlki tədbirlərimizdən fərqlənir. Belə ki, forum çərçivəsində elm adamları ilə dövlət, özəl, biznes və KİV nümayəndələrinin iştirakı ilə aktual mövzularda panel müzakirələr təşkil olunacaq. Həmçinin, həmin müzakirələrdə nüfuzlu şəxslərin ekspert kimi iştirakı nəzərdə tutulub.

F.Salmanov vurğulayıb ki, sözügedən forum çərçivəsində gənc alimlərin 4 prioritet elmi istiqamətlər üzrə konfransının keçirilməsi də nəzərdə tutulub. Konfransa ümumilikdə 260-a yaxın tezis qəbul olunub, onlar arasında 22 ölkədən 80-dən çox tezis də vardır. Hazırda həmin tezislərin ekspert qiymətləndirilməsi aparılır. Bu proses başa çatdıqdan sonra konfransın plenar və panel bölmələrində məruzələr ediləcək, xarici və yerli gənc alimlərin adları açıqlanacaq. Bütün tələblərə cavab verən tezislərin hamısı toplu şəklində çap olunacaq. F.Salmanov AMEA-nın 70 illiyinə töhvə kimi Bakı və regionlarda seçilmiş orta məktəblərdə Akademiyanın ayrı-ayrı bölmələri üzrə elm guşələrinin yaradılması prosesinə də başlanıldığını, həmin guşələr üçün lazım olan materialların yerli sədrlər tərəfindən toplanıb verilməsinin məqsədəuyğun olduğunu bildirib.

İclasda Gənc Alim və Mütəxəssislər Şurasının nizamnaməsinə edilən əlavə və dəyişikliklər, "Gənc tədqiqatçı" jurnalın növbəti sayına məqalələrin qəbulu, eləcə də www.gencalimler.az saytında xəbərlərin yenilənməsi ilə bağlı və sair məsələlər haqqında müzakirələr aparılıb.

Sonda AMEA Gənc və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvlərindən - fəlsəfə üzrə fəlsəfə doktoru Roidə Rzayeva, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev gündəlikdəki məsələlərə münasibətini bildiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA