“Sarkisyan növbəti siyasi səhvi ilə işğalçı olduqlarını etiraf etdi” - Ceyhun Ələkbərov

img

30-09-2015 [15:12]


"Ermənistan prezidenti Serj Sarkisyan sentyabrın 26-da İrəvanda keçirilən tədbirdəki çıxışı ilə Qarabağın işğalının və Xocalı soyqırımı başda olmaqla, bütövlükdə bu bölgədə baş verən hərbi cinayətləri birbaşa Ermənistan dövlətinin həyata keçirdiyini etiraf etməkdədir”.  

"Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov düşünür ki, Sarkisyanın bu çıxışı onun beynəlxalq münasibətlər sistemində məğlub vəziyyətdə olduğundan xəbər verir: "İroniya və eyni zamanda təəccüb doğuran məsələdir. Erməni lideri olan Sarkisyan sonuncu çıxışı ilə həm özünün işğalçı mahiyyətini etiraf edir, həm də uzun müddətdir yürütdüyü siyasi xəttindən geri çəkilir. Çıxışında maraqlı etiraflar edir, ya demək istəyir ki, əslində Ermənistan deyə bir dövlət olmayıb, ya da açıq-aşkar izah edir ki, "biz ermənilər Azərbaycan torpaqlarını işğal etmişik”. Çünki sonuncu bəyanatı ilə özlərini dövlət elan edən Dağlıq Qarabağ ermənilərinin müstəqilliyini tanımadığını etiraf etmiş sayılır. Düşünürəm ki, işğala uğramış tərəf olaraq biz bu faktdan istifadə edib beynəlxalq qurumlar qarşısında Ermənistanın işğalçılıq siyasətinə siyasi qiymətin verilməsi barədə yenidən məsələ qaldırmalıyıq. Bilmək olmaz, bəlkə vəziyyət biraz da mürəkkəbləşsə Sarkisyan özünün Xocalı faciəsindəki birbaşa iştirakını və hərbi cinayətkar olduğunu da etiraf edəcək.” QHT sədri bəyan edir ki, Sarkisyanın bu çıxışı açıq-aşkar beynəlxalq hüquqi və siyasi məsuliyyətdir. "BMT Baş Assambelyasının 70-ci sessiyası və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbacanın tarixi torpağı olan Dağlıq Qarabağın işğaldan azad edilməsi və münaqişənin həllinə dair danışıqların aparıldığı bir dövrdə, Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinin pozulması və ərazilərinin işğal edilməsinə dair bu cür bəyanatı beynəlxalq hüquqda özbaşınalığın nümunəsidir.” "Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun fikrinə görə bu səpkili çıxışlar ölkədəki böhrandan ermənilərin fikrini yayındırmağa hesablanıb: "Sarkisyan dəfələrlə ziddiyyətli bəyanatlarla diqqət çəkməyə çalışıb. Lakin son söylədikləri onun özünün də çətin vəziyyətdə olduğunu göstərir. Belə qənaətə gəlmək olar ki, Sarkisyanın dedikləri daxili siyasətə hesablanıb. O, xalqın gözündə düşən mövqeyini bu cür bəyanatlar səsləndirərək geri qaytarmağı hədəfləyir. Lakin artıq vəziyyət tamamilə əks istiqamətə çevrilib, ermənilər daha Sarkisyanı görmək belə istəmir.” QHT sədrinin sözlərinə görə Sarkisyanın bu kimi fikir və bəyanatlardan məqsədi münaqişənin həlli istiqamətində vaxtı uzatmaqdır: "Qarşı tərəfin məqsədi mövcud vəziyyətdən maksimum dərəcədə yaralanaraq status kvonu dondurulmuş olaraq saxlamaqdır. Bundan da istifadə edərək cəbhəyanı bölgələrdə təxribatlar törədib, özünün növbəti planının tətbiqinə şərait yaradır. Amma ermənilər və onlarla "müttəfiq”olanlar başa düşsünlər ki, Azərbaycan xalqı öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməli, cinayətkarlar qanun qarşısında cavab verməlidir. Əks təqdirdə, ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan dövlətinin atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşəcək.” 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA