Diplomatlarla bağlı sərt qərarlar veriləcək

img

30-09-2015 [13:36]


Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Diplomatik xidmət haqqında” qanunun 11.2 maddəsinə əlavə müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihə barədə deputat Azər Kərimli məlumat verib.
Bildirilib ki, yeni layihədə Azərbaycan diplomatlarının yol verdikləri nöqsanlarla bağlı cəzaların əhatə dairəsi genişləndirilir, diplomatların məsuliyyət hissi artırılır.
Azərbaycan Prezidenti tərəfindən təqdim olunan layihədə bildirilir ki, "Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə” diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər.
Maddənin hazırkı variantı isə belədir: "Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər".
"Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə” hissəsi 11.2 maddəsinin əvvəlinə əlavə edilir.
Əlavədən sonra 11.2 maddəsi belədir: "Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər".
Layihə səsə qoyularaq qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA