Nazirlik qanunsuz yoxlama aparan şirkəti ifşa etdi

img

29-09-2015 [16:43]


Son zamanlar bəzi şəxslərin ticarət obyektlərindən ödənişli müqavilə bağlanmasını tələb etmələri, əks halda mağazada "qanunvericiliyin tələblərinin pozulması” barədə müvafiq dövlət qurumlarına şikayət olunacağı ilə hədələmələri barədə İqtisadiyyat və Sənaye Nazirliyinə məlumatlar daxil olur.

Nazirlikdən verilən məlumata görə, araşdırmalar zamanı özlərini "Fakt Araşdırıcı-N” MMC-nin əməkdaşları kimi təqdim edən şəxslərin ticarət obyektlərinin fəaliyyətinə yoxlama adı ilə qanunsuz müdaxilə etdiyi, "yoxlamanın” nəticələri ilə bağlı tədbir görülməməsi müqabilində obyekt sahiblərindən müəyyən məbləğ ödənilməklə müqavilə bağlanmasını tələb etdikləri, əks təqdirdə müvafiq dövlət qurumlarına şikayətlə hədələdikləri müəyyən olunub.

Bununla əlaqədar, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlara yoxlamaların qanunvericiliyin tələblərinə uyğun təyin edilməsinə xüsusi diqqət yetirmələrini, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamış yoxlamanın və yoxlama suallarında göstərilməmiş mövzular üzrə, eləcə də özlərini yoxlayıcı dövlət orqanları ilə əməkdaşlıq edən qurumun nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən istənilən yoxlamaların aparılmasına imkan verməməyi tövsiyə edir.

Sahibkarlardan bu cür qanunsuz müdaxilələrlə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA