Azərbaycanın iqtisadi inkişaf düsturu - Sabiq maliyyə naziri

img

19-09-2015 [11:40]


Saleh Məmmədov,
Professor 

Bir neçə gün əvvəl "Yeni  Müsavat” qəzetində dərc olunan müsahibəm (proqram xarakterli) ciddi müzakirələrə səbəb oldu. Əvvəla, müzakirələri təşkil edən "Yeni Müsavat” qəzetinin redaksiya heyətinə, müsavat.com saytına, həmçinin müsahibəni təkrar yayınladıqlarına görə ölkədə fəaliyyət göstərən moderator.az, dünyainfo.az, strateq.az, antiorrupsiya.az, 365.az və s. saytların redaksiyalarına təşəkkür edirəm.

Fikir və düşüncələrimiz ciddi müzakirə obyektinə çevrildi, əlbəttə ki, hamını sevindirməlidi. Çünki, insanlar, xüsusilə iqtisadçılar, ölkəmizin taleyinə biganə deyillər. Həm proponentlərə (dəstəkləyənlərə) və həm də opponentlərə (əks düşüncəlilərə) dərin təşəkkürümü bildirirəm. Hər iki qrupun fikir və düşüncələrinin olduqca vacib olduğunu nəzərə alaraq, bəzi məsələlərə aydınlıq gətirmək  istədim: 

1. Qeyd və şərhlərin əksəriyyəti nəzərdə tutulan tədbirlər proqramının izahatının zəifliyi ilə əlaqədardır. Bir qəzet məqaləsində bütün fikirlərin izahatını vermək mümkün deyil, bu bir söhbətin hamının qavraya biləcəyi tərzdə  hazırlanmış xülasəsi idi. Məsələn, opponentlərdən biri deyir ki, borcları iri layihələrin maliyyələşdirilməsinə yönəltmək düzgün deyil. Mən həmişə iri müəssisələrin əksinə olmuşam və həmin proqramda da bütün əsas gücün kiçik və orta biznesin inkişafına yönəldilməsini təklif etmişəm. Məsələ burasındadır ki, dünya ölkələrində ÜDM –in təqribən 50-70%-ni kiçik biznes verir, bizdə bu rəqəm 10-15%  - dir. Türkiyə və ABŞ təcrübəsindən istifadə edərək bizdə də bu göstəricini dünya miqyasına qaldırmaq olar və bu proqramda tam öz əksini tapıb. Azərbaycanda  bu istiqamətdə cəmi bir proqram, Türkiyədə isə 10 –dan çox proqram fəaliyyət göstərir, "KOSGEB” deyə böyük dövlət qurumu var, ildə milyardlarla pul vəsaiti xərclənir, 100 –lərlə qanunvericilik aktları, qərar və təlimatlar var. Bunların hamısını bir qəzet səhifəsinə sığışdırmaq olmaz. 

Amma təbii ki, iri layihələrsiz də keçinmək olmaz. İri layihələr deyəndə mən stadion, ya ofis binasını nəzərdə tutmuram. Tranzit infrastrukturunu yaratmaq üçün nəhəng layihələri, neft və qazın emalını, atom elektrik stansiyalarını, günəş və külək elektrik stansiyalarını, fəza və yeni planetlərin mənimsənilməsi üzrə layihələri və s. nəzərdə tutulur. Proqramda nəzərdə tutulan tranzit iqtisadiyyatın qurulması üçün bir yalnız hava nəqliyyatı üzrə super infrastruktur qurulmuşdu, qalan sahələrdə də qurulmalıdır və bunlar üçün iri layihələr həyata keçirilməlidi. Nəqliyyat üzrə ödəməli Bakı-Moskva, Bakı-Çin, Bakı-Türkiyə, Bakı-Təbriz sürətli dəmir yol xətləri, ödəməli geniş avtoban yollarının çəkilişi, kosmos sənayesinin qurulması, böyük ötürücü limanların qurulması, Xəzər dənizi ilə körfəzi birləşdirilən çay gəmilərinin hərəkət edə biləcəyi kanalın çəkilişi, mineral gübrə istehsalı, neft və qazın kompleks emalı və neft kimya zavodlarının inşaatı və s. Opponentlərimin bəzilərinin fikirləri çox-çox keçmişi xatırladır, bəzilərinə bu layihələr  əfsanə kimi görünür. Amma elm və texnika sürətlə inkişaf edir, bir əsr bundan qabaq başqa planetlər haqqında normal bilgisi belə olmayan insan cəmiyyəti indi başqa planetlərin zəngin resurslarını mənimsəyir. 

 Haşiyə: 1875  - ci  ildə məşhur ABŞ  keşişlərindən birinə dinləyicilərdən biri deyir ki, heç 50 il keçməz ki, insanlar göylərdə uçacaq, keşiş cavabında ona hirslənərək inkar edir, deyir, yalnız məlakələr uça bilər. Amma 35 il keçmədi ki, həmin keşişin öz oğlanları, Rayt qardaşları, təyyarə icad etdilər. Babalarımız danışardılar, təzə-təzə təyyarə uçanda mollalarımız necə lənət oxuyurdular ki, bu Avropalılar Allahın işinə qarışırlar. Başqa din sahibləri tez anlaya bildilər ki, elmsiz din ola bilməz, ən mütərəqqi əsaslara malik islam dini yenə də elmin inkişafına ən az fikir verənlər sırasında qalır. Bunu savadsız adamlar (müsəlmanların içərisində daha çoxdur) etsə, çox təəccüblü olmaz, amma daha çox ziyalılar, alimlər arasında belə geri zəkalılara rast gəlinməsi çox təəccüblü və hətta qorxuludur. 

Haşiyə: 90-cı illərin sonlarında bu layihələr və həmçinin digər məsələlər barəsində (suyun enerji mənbəyi kimi istifadə olunması və s) mətbuatda çıxış etmişdim. Bir neçə "alimin” çıxışına hətta özünü mütərəqqi sayan qəzetlərimizdən biri geniş yer vermişdi, məzəmmət, təbii ki, "keşişsayagı güclü” idi. Guya dənizin dibi ilə  necə yol çəkmək olar, suyu necə enerji mənbəyi kimi istifadə etmək olar və s. Hətta, bir neçə il əvvəl ilk peykimiz buraxılanda "bəzi ziyalıların” necə tənqid etdiklərini gördük.  Bunun kimi fikirləri 20-ci əsrin keşiş və mollalarından necə fərqləndirmək olar? Bu "alimlər”in hələ dünyada gedən proseslərdən, tədqiqatlardan xəbəri yoxdu, o da ki, qalsın özlərinin nə isə kəşf etmələrinə. 

Hətta ən zəif şagird də suyun formulunu bilir, ən güclü iki elementdən ibarətdi, hidrogen və oksigendən. Bu iş üzərində tədqiqatlar bir əsrdən  çoxdur ki, gedir. Hazırda Yaponiya artıq hidrogenlə işləyən ekoloji cəhətdən təmiz (ekoloji ifrazı distillə olunmuş sudur) avtomobillərin kütləvi istehsalına başlanıb, görün sadə gecikmə nə qədər ziyana səbəb olur. 90-cı illərin sonlarında bir elmi qrup yaradılıb işə başlaya bilsəydik, bəlkə də bizim güclü kimya alimlərimizin köməyi ilə indi ciddi nailiyyətlər ala bilmişdik. Və yaxud, dənizin altı ilə yol çəkilməsi: bir əsrdir ki, vakkum qatarlarının tədqiqatı gedir, indi yalnız çox sürətli olduğuna görə (yaxın məsafələrdə 600 km/saat, uzaq - 6500-8000 km/s) adamlara təsir dərəcəsi öyrənilir. Hazırlığı davam edən London-Nyu-York yolu layihəsində bu qatarlarla tam yolu 1 saata qət edilməsi nəzərdə tutulur. 

Məsələ burasındadır ki, biz çalışmalıyıq ki, Qərbin Avropa, Şərqin Çin kimi nəhəngləri, Şimalın Rusiya, Cənubun Hindistan, Pakistan, İran kimi nəhəngləri arasında əsas daşıma bizim ölkəmizdən keçsin. Bunun üçün iri layihələr işlənməli, ən ucuz və sərfəli yollar çəkməliyik. Çin kimi nəhəng ölkə ilə bizim normal yol üçün məhz, Xəzərin altı ilə olmaqla sürətli dəmir yolu çəkilməsi planını təklif etmişdik, amma çox gecikirik. Hazırda Çin bu işi daha çox başqa ölkələrlə görür. Hazırda Azərbaycanı yan keçən bir neçə böyük layihələrə başlamaq üzrədir (biz bu layihələri təklif edəndə Çin alimləri onları xəyalına da gətirmirdi): Pekin-Moskva (7 min km, dəyəri 242 mlrd dollar, indiki 220 saat əvəzinə 30 saata mənzilə çatacaq), Pekin –Nyu-York (Rusiyadan-Kanadadan keçməklə, Berinq boğazından 200 km sualtı ilə, Alyaska-Kanada-Nyu-York yolu, uzunluğu 13000 km) sürətli dəmir yolu. Biz çalışmalıyıq ki, bu xətlərə birləşək, bunun isə ən səmərəlisi Xəzərin altından keçən yol olacaq (bəlkə də var, amma hər halda bu yol işlənməlidir). Bir neçə il əvvəl başlasaydıq, biz bu yolların bəzilərinin Azərbaycandan keçməsini təmin edə bilərdik. 

2. İkinci qrup iradlar əsasən, borclanmanın  zərər vura biləcəyindən, ölkəni asılı vəziyyətə sala biləcəyindən ibarətdir. Əvvəla, bir az ayılmaq vaxtıdı, siz deyənlər, 19 əsrə aid olan əlamətlərdi və 20 əsrdə daha çox Sovet təbliğatının nəticələridi. Təcrübə də göstərdi ki, ən çox borclanan ölkələrin heç biri kiminsə təsiri altına düşmədi, əksinə kim daha çox borc vəsaiti cəlb etmişdisə, o, çox daha sürətlə inkişaf etdi, əsasən borc cəlb edə bilməyib özünə qapananlar ən geridə qalmış ölkələrdi. Rəqəmlərlə oxucuları yükləmək istəmirəm, keçən müsahibələrdə bu faktları açıqlamışdım. Bir onu təkrarlamaq istəyirəm ki, dünyanın ən çox borclanan ölkələri ən yüksək inkişaf zirvəsinə qalxmışlar, daha müstəqildirlər və hamıdan da yaxşı borclara xidmət edirlər. Heç kim deyə bilməz ki, dünyanın ən çox borc alan ölkələri -  Böyük Britaniya, Almaniya, İsveçrə, Sinqapur, ABŞ, Norveç, Luksemburq kiminsə təsiri altına düşüb və ya borclarını qaytara bilmir. Tam əksinə, bu ölkələrin sürətli inkişafını təmin edən əsas faktor böyük miqdarda borc vəsaitlərini cəlb etmələri olub və bu  bizim hipotezimizi tam təsdiqləyir, yəni borclanmanın həcmi ilə iqtisadi inkişaf sürəti düz mütənasib asılılıqdadır. Bəzi opponentlərimizin "çox dərin iqtisadi savada sahib olduqlarını” nəzərə alaraq, orta məktəb şagirdi  səviyyəsində  çox sadə misalla izaha keçirəm. İzahat: tutaq ki, bir fermer 20 min  manatlıq bir layihə həyata keçirmək istəyir (pomidor əkir), pomidorun cücərən vaxtı vəsaitləri tükənir, satdığı məhsulun qiyməti iki dəfə düşür, gəlir yoxdu və ya çox azdı. Adam birinci öz boğçasını arayacaq, deyək ki, 44 min ehtiyatı var. Bu fermerə mən olsam təklif edərəm ki, o qədər ki, ehtiyatın var, onun üçdən birini istifadə et, layihəni dayandırmaq olmaz, opponentlərim qəti etiraz edir ki, yox bu qara gün üçün olan ehtiyatdı, sən bu layihəni məhv edə bilərsən, amma o ehtiyatlara toxunma. Axı, bundan da qara gün olarmı, sənin başlatdığın layihə batır, sənin planların alt-üst olur, məhsul ala bilməyəcəksən, işləyənlər əmək haqqı ala bilməyəcəklər, gəlir əldə edə bilməyəcəksən, vergi ödəyə bilməyəcəksən. O zaman təklif edirəm ki, qonşunun sərbəst pulu var, ondan borc al, işlə layihəni tamamla, yaxşı gəlir əldə edərsən, həm borcu ödəyərsən, həm onun faizini, hələ gələcək nəslin üçün də yeni obyektlər alarsan. Yenə opponentlərim, olmaz deyir, qonşuların təsiri altına düşə bilərsən. Ən yaxşısı, sən layihəni də durdur, yeni cücərən məhsulun da məhv olsun, heç nə də qazanmağa qalxma. Allah kərimdi, nə vaxtsa bəxtin gətirər, onda başlarsan. Bizim baxışlarımızda fərq bundan ibarətdir. Oxucular, mütəxəssislər özləri nəticə çıxara bilərlər. 

Layihələrin dayandırlması, xərclərin və pul bazasının azaldılmasının mənfi nəticələri: iqtisadiyyatın daraldılması, layihələrin dayandırılması, uyğun olaraq işsizliyin artması, istehsalın düşməsi, əmək haqqının və əhalinin gəlirlərinin azalması, vergilərin azalması və s. Bu prosesin müsbət nəticəsi: yalnız müxtəlif ölkələrin milli valyutalarında yerləşdirilən rezervlərin qorunması, bu da hələ bəlli deyil, bir-iki ildən sonra rezervləri saxladığımız valyutaların taleyi necə olacaq. Ekstrarezerv  fabrik, zavod, intellektual mülkiyyət kimimi tutulsa yaxşıdır, yoxsa, pul kimimi? Mənim fikrimcə eksrtarezervlər maddiləşmiş formada saxlanılsa (modern texnologiya, modern sürətli dəmir yol xətləri, limanlar, hər dövr üçün gəlir gətirə bilən zavod, fabrikalar, intellektual səviyyəli yeni nəsil və s.)  çox daha yaxşı effekt verə bilər. Çünki, müxtəlif valyutalarda saxlanılan rezervlərin taleyi, xüsusilə hazırkı çətin dövrdə, bilmək olmur necə olacaq. Avro və Çin yuanı ilə saxladığımız valyuta dəyərlərinin son dövrdə nə qədər itkilərə səbəb olduğunun hamımız şahidi olduq. 

Ekstrarezervlərin istifadəsi və borclanamanın artırılması hesabına layihələrin və ümumiyyətlə iqtisadiyyatın daha da genişləndirilməsinin müsbət nəticələri: iqtisadi fəallığın, istehsalın sürətlə artımı, işsizliyin minimuma endirilməsi, əhalinin gəlirlərinin artımı, həyat tərzinin yaxşılaşdırılması, büdcəyə gəlirlərin artırılması, bütövlükdə ölkənin daha sürətli inkişafının təmini; mənfi nəticələri, ekstrarezervlərin müvəqqəti azalması, amma qısa zamanda yerinə qaytarılacaq, əlavə faiz ödənişləri, bu isə yenə də əlavə gəlirdən ödəndiyinə görə heç mənfi kimi də qiymətləndirilə bilməz. 

3. Müzakirələrdə narazılıq yaradan müddəalardan biri də borclanmanın dövlətə yük gətirə biləcəyi ehtimalıdı, bu da mənə elə gəldi ki, bir çoxlarının heç prosesi və təkliflərin mahiyyətini başa düşməməsi ilə əlaqədardı. 

Haşiyə: Sovet İttifaqının dağılması ərəfəsində deputat seçkilərində mən özüm  
Azərbaycanın böyük ziyalısı, rəhmətlik Nəcəf Nəcəfovun vəkili kimi iştirak edirdim, debat zamanı keçmiş nazirlərdən birinə yerdən sual verdilər ki, bazar iqtisadiyyatına keçid üzrə proqramınız varmı, nə düşünursüz? Cavab: bazarlar (kolxoz bazarları) da görürsüz yanib gedir, qiymətlər qalxır, gərək aşagı salaq... Opponentlərimin çoxu da borclanma kateqoriyasını elə o nazir qədər başa düşüblər. Buna görə də bu istiqamətdə də yenə gərək aydınlıq gətirək. 

İzahat: Borclanma xarici və daxili ola bilər. Biz keçən söhbətdə əsasən xarici borclardan söhbət açmışdıq. Xarici borclar yalnız dövlətin alacağı borc deyil, bura ölkə daxili bütün rezidentlərin xarici rezidentlərdən alacağı borclar daxildir. Mən də dövlətin çox borclanmasının tərəfdarı deyiləm, amma şirkətlər, banklar, investisiya fondları, maliyyə şirkətləri, fiziki şəxslərin borclanmasına üstünlük verirəm. Xaricdən borclanmanın və ümumiyyətlə, investisiya axının gücləndirilməsi müxtəlif üsullarla ola bilər: 

a) ən yaxşısı mükəmməl və etibarlı bank sistemi quraraq daha çox əmanət çəkərək ölkənin kredit resurslarını zənginləşdirmək və həmin vəsaitləri əsas etibarı ilə yüksək gəlir gətirə biləcək layihələrə yönəltmək. Daxildə milli valyutanın etibarının artırılması, bütün dünya maliyyə mərkəzlərində iri  bankların filiallarının açılması, daxildə bankların xarici vətəndaşlarla, xüsusilə, qonşu ölkələrdə yaşayan azərbaycanlılarla ciddi iş aparmaq yolu ilə böyük miqdarda vəsait toplamaq olar. Bir paradoks həmişə məni narahat edir: nəyə görə Sovetlər dağılan kimi əmtəələrin qiymətlərində dəfələrlə olan fərq bir neçə il ərzində aradan qaldırıldı, amma pul bazarında böyük fərqlər yenə də qalmaqdadır. Avropa bazarında, məsələn, 3 min dollara olan bir maşın, ərzaq məhsulu və ya geyim əşyasının Azərbaycanda 20 minə satılması mümkün deyil, amma Avropa bazarında 3%-ə  satılan pul və ya kredit Azərbaycanda 20%-ə satılır və prezidentin dəfələrlə göstəriş verməsinə baxmayaraq, düşürülə bilmir. Məhz bu da xaricdən vəsaitlərin cəlb olunmasının genişləndirilməsi ilə aradan qalxmalıdı; 

B) Beynəlxalq maliyyə-kredit institutlarından kreditlərin cəlb olunması. Azərbaycan əksəriyyət beynəlxalq institutların üzvüdü (BVF, DB, BMK, AYİB, İİB, AİB və s.). Bu təşkilatların hamısından Azərbaycan milyardlarla kredit, xüsusilə də investisiyalar üçün,  ala bilər; C) Qardaş Türkiyədə rəhmətlik Turqut Özal vəsaitlərin cəlb olunması üzrə mükəmməl bir sistem qurmuşdu və bütün xarici borclanma ilə əlaqədar söhbətləri şəxsən özü aparırdı. "Qur-sat”, "Qur-işlət-sat”, "Qur-işlət-təslim et” və s kimi yollarla ölkəyə böyük miqdarda vəsait cəlb edə bildi və məhz bu vəsaitlər hesabına qısa zaman içərisində ölkənin sürətli inkişafını təmin edə bildi. Bu gün Azərbaycanın vəziyyəti, beynəlxalq reytinqi o zamanın Türkiyəsindən qat-qat yaxşıdı;

d) Azərbaycan böyük rezervlərə sahibdi, son elan olunan rəqəm 44 mlrd dollar ətrafındadı. Bunun 41 mlrddan çoxu ekstrarezervdi, yəni, artıqdı. Mən belə hesab edirəm ki, bunları maddiləşdirmək daha böyük səmərə verərdi, həm bugünkü və həm də gələcək nəsil üçün. Əgər bundan ehtiyatlanırıqsa, onda hesab edək ki, heç yoxdu, bu həcmdə kreditlərdən istifadə etmək olar. Bu da olmasa dəyişmə üsulundan istifadə edərək, qardaş ölkələrlə qarşılıqlı ödəşmə üsulundan istifadə edərək, onları kredit ehtiyatlarına və investisiya mənbələrinə çevirmək olardı. Qardaş ölkələr  - Türkiyə, Qazaxıstan, Türkmənistan və Azərbaycan hamısı böyük valyuta rezervlərinə sahibdir, bütün rezervlər Avropa, ABŞ, Çin, Yaponiya və s. etibarlı banklarda yerləşdirirlər. Bu ölkələr valyuta rezervlərinin bir qismini qarşılıqlı olaraq eyni həcmdə biri digərinin banklarında yerləşdirsə, çox ciddi və risksiz nəticələr əldə etmək olar. Əvvəla, türk ölkələrinin inkişafını çox sürətləndirə bilərdi, dərhal maliyyə bazarlarında kredit faizinin xeyli azalmasını təmin edə bilərdi, həmin resurslardan alınan gəliri artıra bilərdi, bu proseslərdə risqi minimuma endirərdi. İtirən Qərb bankları olacaq, amma o da əhəmiyyətli deyil. Çünki, Qərb maliyyə bazarlarında resurslar o qədər artıb ki, çox yerlərdə kredit faizi mənfi rəqəmlərlə faizə verilir.

Həmçinin daxili milli bazarda böyük və istifadəsiz qalmışi imkanlar var. Azərbaycan sürətlə inkişaf yoluna qədəm qoymasına baxmayaraq, ÜDM-da bank aktivlərinin və ya əmanətlərin payı göstəricisinə görə dünyada inkişaf etmiş və ya etməkdə olan ölkələr arasında ən sonuncu yerlərdən birini tutur. Əksəriyyət ölkələrdə, bank aktivlərinin həcmi ÜDM –dan çoxdur, bank kreditləri ÜDM həcmində və ya ondan çoxdur. Məsələn nümunə göstərdiyimiz Sinqapurda 300 mlrda yaxın ÜDM varkən, kreditlərin həcmi 500 mlrd dollardı,  amma heç bir neft resursları olmamağına baxmayaraq, Azərbaycan kimi neft ölkəsinin cəmi ixracatından beş dəfə çox neft məhsulları ixrac edir. Ayrı bir mövzu və problem olsa da, qeyd etməliyəm ki, ölkənin inkişafında daxili borc bazarının yaranması, daxili borclanmanın artırılması çox vacibdi. Pul vəsaitləri ictimai dövriyyədən yayındırılan kimi, öz müsbət təsir imkanlarını itirir. Normal pul dövriyyəsi olmayan məkanda inkişafdan danışmaq sadəlövhlük olardı. Azərbaycan əhalisinin yarısına yaxın kənd yerlərində yaşayır, demək pul dövriyyəsinin də xeyli hissəsi oralarda olur. Kənd yerlərində hələ 70-ci  illərdə Sovet İttifaqı bank şöbələri açmağa başlamışdı, demək 40 il geriyə dönüb yenidən başlamalıyıq. Azərbaycanın hər hansı kəndində bank şöbəsinin fəaliyyəti haqqında mənim məlumatım yoxdur.

4. Bir qrup opponentlərim rəqəmlərin düzgün olmamasına irad tutublar. Məsələ burasındadır ki, ümumiyyətlə, Azərbaycanın statistikasında bəlli problemlər olduğuna görə, mən adətən Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarının statistikasından istifadə edirəm və hesab edirəm bu daha dolğun və düzdü. Digər tərəfdən, mən bu rəqəmləri müəyyən etdiyim qanunauyğunluğu əsaslandırmaq üçün istifadə etmişəm: xarici borcların həcmi ölkələrin iqtisadi inkişafı ilə düz mütənasib asılılıqdadı. Bunu hamımız dərk etməliyik ki, çox borclanan ölkələr daha çox layihələr yerinə yetirir, zavod-fabriklər qurur, istehsalı artırır. Pul,  hansı ölkənin vətəndaşına mənsub olmasından asılı olmayaraq, hansı ölkədə saxlanılırsa, o ölkənin inkişafına gedir.  Azərbaycan xarici borcları 6 mlrddan hətta belə opponentlərin dediyi 25 mlrda qaldıra bilibsə, deməli xeyli inkişaf var, ölkənin Avropa maliyyə bazarına inteqrasiyası güclənmişdir, bu istiqamətdə canlanma var.

İrad və şərhləri diqqətlə öyrənməyə yenə də hazıram, müəlliflərə əvvəlcədən təşəkkürümü bildirirəm. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA