“Azərkontrakt” ASC-nin kollektivi müavinin müdafiəsinə qalxdı - Cavab məktubu

img

08-09-2015 [18:27]


Ötən gün Mia.az saytında "Miri Qənbərovun köməkçisi Güləddin Dadaşovdan Baş Prokurora şikayət” sərlövhəli yazıya cavab olaraq "Azərkontrakt"dan redaksiyamıza cavab məktub daxil olub. 

Mia.az "Azərkontrakt” ASC-nin kollektivi tərəfindən (imzalar aşağıda göstərilib - Mia.az) daxil olan cavab məktubunu olduğu kimi təqdim edir:

"Sizə müraciət etməyimizin əsas səbəbi DKK "Azərkontrakt” Səhmdar Cəmiyyətinin rəhbərliyinə qarşı aparılan çirkin, heç bir əsası olmayan qərəzli, şantaj xarakterli kompaniyaya son qoyulmasıdır.

Bildirmək istərdik ki, yalnız öz cılız mənafelərini güdən bəzi şəxslərin təhriki ilə sizə müraciət edən İbrahimova Tamara Abdulla qızı özünü Səhmdar Cəmiyyətin tabeliyində olan "Azərmetal” TTB-nın işçisi kimi qələmə versə də, əslində, adı çəkilən birliyin 23.09.2013-cu il tarixli 5K saylı əmrinə əsasən işdən azad olunmuşdur. Əlavə olaraq bildiririk ki, İbrahimova Tamara eyni məzmunlu müraciətlə 27.06.2015-ci il tarixdə də KİV- də çıxış etmişdir. İndiki müraciəti əvvəlki müraciətdən fərqləndirən yalnız odur ki, əvvəlcə şər və böhtan cəmiyyətin sədri Miri Qənbərov barəsində idi, hazırki müraciətdə isə həmin şər və böhtan sədr müavini Güləddin Dadaşovun ünvanına səsləndirilmişdir.

T.İbrahimova müraciətində bildirir ki, vaxtilə işlədiyi "Azəmetal” TTB-nin fəaliyyət göstərməməsində, uzun illər əmək haqlarının alınmamasında, birliyə məxsus ərazinin torpaq sahələrinin digər təşkilatlara verilməsində və başqa neqativ halların müvcud olmasında günahkar guya cəmiyyətin rəhbərliyidir. Çox acınacaqlı faktdır ki, İbrahimova Tamara hələ də başa düşməyib ki, Respublikamızın iqtisadi inkişafı iyirmi ildən artıq bir müddətdir ki, bazar iqtisadiyyatı istiqamətində inkişaf edir və mal-materialların gətirilməsi, kontraktların bağlanması, digər məsələlərin həlli təsərrüfat subyektlərinin özlərinin səmərəli fəaliyyəti ilə bağlıdır. Qəribə və təəccüb doğuran fakt odur ki, T.İbrahimova 2008-ci ilin sentyabr ayında "Azərkontrakt” SC-nin rəhbərliyinə ünvanlandırdığı çoxsəhifəli ərizəsində həmin ittihamlarla, lakin daha kəskin formada birliyin sabiq baş direktoru Ş.Abbasovu günahlandırmışdır. Onun öz fikrini tam əks istiqamətdə dəyişməsinin səbəbini bilmək bizi də çox maraqlandırır və müəyyən suallar doğurur. Məlum həqiqətdir ki, dövlətə məxsus torpaq sahələrinin digər hüquqi və fiziki şəxslərə verilməsi, onların özəlləşdirilməsi Respublikamızın mövcud qanunvericiliyinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətinə aiddir. Bizdə olan məlumata görə "Azərmetal” TTB-ə məxsus olmuş və digər təşkilatlara verilmiş torpaq sahələri birliyin baş direktoru olmuş Abbasov Şahinin şəxsi təşəbbüsü, razılığı və birbaşa iştirakı ilə həyata keçirilmişdir.

Onu da bildirməyi vacib hesab edirik ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin balansına birliyin ərazisindən verilən 0.5 ha sahə Nazirlər Kabinetinin 06.06.2013-cü il tarixli 133 S saylı sərəncamına əsasən həyata keçirilmişdir.

Qeyd etmək istərdik ki, "Azərmetal” birliyinə Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi tərəfindən 1999-cu ildən yaranmış debitor borcun qaytarılmasında cəmiyyətin rəhbərliyinin konkret rolu olmuşdur. Məhz bundan sonra birliyin işçilərə olan keçmiş illərdən yığılıb qalmış əmək haqqı borcları tam ödənilmişdir. "Azərmetal” birliyinin sabiq baş direktorunun şəriştəsizliyi və gözləmə mövqeyində durması səbəbindən birliyə olan debitor borclar illərlə qaytarılmırdı. Qeyd olunan vəsaitin guya "Azərkontrakt” SC tərəfindən qeyri-qanuni mənimsənilməsi haqqında iddia əsassızdır. Həmin məbləğin cəmiyyətin hesabına köçürülməsi qanuna uyğun müvafiq maliyyə sənədləşmələri əsasında həyata keçmişdir.

T.İbrahimovanın cəmiyyətin sədr müavini ilə bağlı qeyri-obyektiv fikirlərinə gəldikdə isə, onu demək kifayətdir ki, G.Dadaşov Dövlət Neft Akademiyasında və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müvəffəqiyyətlə təhsil almışdır. O, gənc mütəxəssis kimi 1989-cu ildə sistemin aparıcı idarəsində əmək fəaliyyətinə başlamış, müxtəlif vəzifələrdə uğurla çalışmış və kollektivin dərin hörmətini qazanmışdır. Məhz bu meyarları nəzər alıb Güləddin Dadaşov 2004-cü ildə "Azərkontrakt” SC-in sədr müavini vəzifəsinə təyin edilmişdir.

Göstərilənlərə əsasən, "Azərkontrakt” SC-in kollektivinin müraciətini olduğu kimi saytınızda yerləşdirilməsini Sizdən xahiş edirik. Cəmiyyətin kollektivinin müraciəti ilə tanış olan oxucular, T.İbrahimovanın müraciətinin şər və böhtan olduğunu özləri müəyyən edəcəklər.

Hörmətlə, "Azərkontrakt” SC-nin kollektivi:

Kazımov Ş.Y. 
Nuriyeva Ş.G.
Zeynalov Ə.M.
Qocayeva M.X.
Əzimov T.H. 
Əmraslanova Y.M.
Ömərova L.H. 
Hətəmov F.S.
Rəşidova Z.Y. 
Orucova N.A.
Əhmədova S.S.
 Məmmədova Ü.M.
Bahadurova K.A. 
Sadıxov S.V.
Quliyeva R.R.
və başqaları".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA