İranlı mühacirlərin tədbiri - 12 nəfər diplomla mükafatlandırılıb

img

08-09-2015 [13:30]


Ötən şənbə günü Bakıda fəaliyyət göstərən İranlı Mühacirlər Cəmiyyətində 12 Şəhrivər Bəyaniyyəsinin 70 illik  yubileyi qeyd olunub. Tədbirdə təşkilatın üzvləri, tanınmış alim və tədqiqatçılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mia.az xəbər verir ki, öncə 1945-ci il sentyabrın 3-də Təbrizdə Azərbaycan Demokrat Firgəsinin yaranmasını bəyan edən bu sənədə imza atan şəxslərin, o cümlədən ADF-nin təşkilinin ideya müəllifi, rəhbəri Seyid Cəfər Pişəvərinin  və dünyasını dəyişən məsləkdaşlarının xatirələri bir dəqiqəlik sükütla yad edilib.

Sonra AMEA-nın Şərqişünaslıq İnstitutunun əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli 12 bənddən ibarət sənədin ərsəyə gəlmə tarixçəsi, xüsusiyyətləri barədə ətraflı məruzə edib. O, bəyaniyyəni XX əsrin ən böyük hadisəsi adlandırıb.

O, əvvəl 48,daha sonra 19 nəfər ictimai xadim tərəfindən imzalanan sənədin belə qiymətə layiq oluduğunu şərtləndirən cəhətlərin təhlilini verib. Məruzəçi qeyd edib ki, 12 Şəhrivər Bəyaniyyəsi məhz bəşəri prinsiplərə əsaslandığına, separatist meyllərdən uzaqlığına görə indinin özündə də müasirdir. Bu sənəd ADF-nin kənar qüvvələrin əli ilə yaradıldığı, həmçinin 21 Azər hərəkatı və Milli Hökumətlə bağlı yanlış baxışlara layiqli cavabıdır.

Azərbaycan Tibb Universitetinin müəllimi Ədilə Çernikbülənd, AMEA-nın Şərqşünaslıq İnstitutunun bölmə müdiri Səməd Bayramzadə və şair Tariyel Ümidin çıxışlarında ADF-nin platforması sayılan həmin sənədin ayrı-ayrı bəndlərinin təhlili verilib.

Tədbirin yekununda 12 nəfər 21 Azər hərəkatı ideyalarına sədaqətinə və səmərəli ictimai fəaliyyətinə görə Azərbaycan Dövlət Firgəsinin diplomları ilə mükafatlandırılıb.Təltif olunanlar arasında xalq şairi Söhrab Tahir, professor Əsəd Yəqubi, müxtəlif ali məktəblərin və elmi tədqiqat institutlarının əməkdaşları Adilə Çernikbülənd, Yusif Sarxanbəyli, Sultanəli Mirzəzadə, yazıçı Səyyad Kərimov və başqaları vardır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA