Vətənsizliyin 23 ili: Xatirələrdə mövcud olan Cəbrayıl

img

23-08-2015 [13:30]


Bu gün doğulduğum Cəbrayıl rayonunun ermənilər tərəfində işğal olunmasından, 23 il keçir.  

Biz Cəbrayılıların vətənimizdən uzaqda yaşadığımız  bu didərginlik dərdini, bizim kimi  ermənilərin silah gücünə yurdundan zorla çıxardığı hər bir Qarabağ oğlu və qızı ürəyində gəzdirir. Qarabağın işgalından ötən hər il, biz qaragünlü Qarabağ əhalisinin, ömrünü döndərə-döndərə, erməni tapdağında olan vətənimizdən uzaqlaşdırdıqca-uzaqlaşdırır. İnsanın doğulduğu, dünyanı tanıyıb ətraf-aləmi dərk etdiyi, ilk addım atdığı, üzərində ayaq üstə durmağı öyrəndiyi torpaqdan, uzun illər uzaqda olması çox pisdir. Bu uzun, düşünüləndən daha uzun, illər ərzində qaçqın həyatı yaşamağa  məcbur olan Qarabağ sakinləri, "yəqin ki, bu il  öz torpaqlarımıza qayıdarıq” fikrinə əsaslanan, içi boş olan ümidlə özünü birtəhər sakit edir.  Bu heç ümid də deyil,  sadəcə olaraq "qaçqın” adlandırılanların özünün belə inanaraq demədiyi, təskinlik cümləsidir. Niyəsə elə bilirəm ki, ömrünün böyük hissəsi orada-Qarabağda keçən nənə-babalarımız, ata-analarımız bu sonsuz görünən ayrılıq illərini, göz yaşlarına büküb, ürəklərində gizlətdikləri əzizdən-əziz xatirələrdən,  yaşanmışlardan aslı vəziyyətdə yaşaya bilib. Tez-tez yaşlı əzizlərimdən eşidirəm: "biz dağıq dözürük gör neçə ildir vətənimizi, öz əllərimizlə tikdiyimiz evləri, saldığımız yurdları, ata-anamızın məzarını görmürük”. 

Nənəm Dilbər xanım "insan gərək öləndə anadan olduğu yerdə basdırılsın ki, o torpağa qarışsın” deyərək vətənə qayıtmaq istədiyini dilə gətirir. Qaçqınlığın ilkin dövrlərində yurdunun ermənilər tərəfindən zorla  əlindən alınıb viran qoyulmasına dözməyib dünyasını dəyişən yaxınlarımızı saymağa əlimdəki barmaqlarım yetmir. Elə indinin özündə də hərdən anam özünəməxsus hökmlü tərzdə, yarı təskinlik, yarı təəssüf qarışıq "atam yaxşı ki, işğaldan əvvəl rəhmətə getdi yoxsa o bu boyda qəribçilik, vətənsizlik  dərdinə dözməzdi” deyir.  Amma sonradan gizlində göz yaşlarını sildiyi də gözümdən yayınmır. Yaxşı dərk edirəm ki, anamın gözləri təkcə  atasının bu yalan dünyada qalan tək nişanəsi- məzarının vəhşi ermənilərin əlində olduğu üstəlik,  illərdir kənardan da olsa həmin o bir parça daşı görə bilmədiyi üçün yaşla dolmur. Anamın ürəyini göynədib, gözünü yaşardan həm də doğmalarının yurdsuz didərgin halda, qəriblikdə min bir məhrumiyyətə dözərək yaşamağa məhkum edilməyinin acısıdır. 23 ildir bizi içimizdən ovan vətənsizlik duyğusunun qarşısında çox çarəsiz və acizik. Bizim yalnız xatirələrimizdə vətənimiz var. Danışdıqca bitməyən, vətəndəki günlərini özündə saxlayan xatirələri, Qarabağdan qaçqın düşmüşlərin həyatının vətənli heykayələridir. Böyüklərimiz  yaddaşındakı xatirələrini yada salıb danışanda gözlərimizi yaşla, ürəyimizi  sızıltılı əzabla doldurub, qanayan yaramızı yenidən-yenidən qanadır. Hər dəfə işğal altındakı torpaqların geri alınması ilə bağlı aparılan sülh danışıqlarının nəticəsizliyinin şahidi olanda, vətənimizin-doğma Qarabağın nə zamansa geri alınmasına inam bir az daha azalır.  

Artıq gərəksizləşən sülh danışıqları, hər bir Qarabağ övladının ürəyində  nə zamansa vətənə qayıtmağa bağladığı ümidlərin sönük işıltısını daha da azaldır. İşğaldan sonra illərdir vətəndə- vətənsizliyin yaratdığı məhrumiyyətlər bütün qarabağlıların sevinclərini para-para edir. 23 ildir biz həyatımızda vacib olan məvhumu doğma, özümüzün olan yurdumuzu itirməyin əzabını yaşayırıq. Toyumuzda da, yasımızda da hər an vətənimizin işğal olunmasını hiss edir və unutmuruq. İstənilən halda həyatımızın bütün mərhələlərində,  yaşamımızda doğma yurdun əskikliyi yenidən –yenidən güclü zərbə ilə  sifətimizə çırpılaraq, üzümüzü qızardan  şillə təsiri bağışalyır. Hər dəfə "qaçqın” deyə bizə müraciət olunanda bir anlıq ürəyimizi bürüyən sızıltının yaşatdığı acını bizə qaçqınsan deyən heç kim anlamaz. Vətənsizliklə yanaşı adımızın üzərinə zorla vurulan "qaçqın” damğasının hər səslənişində yaşadığımız əzabı, bizə "qaçqın” deyən kimsə anlayıram desə belə anlaya bilməz. Vətənimizin işğalından sonra, ümumi  şəraitsizliyik  hökmsürən məcburən, əlacımız olmadığı üçün yaşadığımız ev adlandırdığımız komanın, çıxdığımız həyətin özümüzün olmamağı, üstəlik kənardan göyün 7-ci qatında durduqlarını zənn edən həmvətənlərimizin bizə ayağının altında, yerdəki insanlar kimi baxması və münasibət göstərməsi üzüntü dolu həyatımızı daha da ağırlaşdırır. Bütün bu ikili münasibətlər, vətənsizliyin və  qaçqın olmağın utancı, yaşamımızı daha da çətinləşdirir.

Belə halda ağzımız söz məzarlığına çevrilmiş kimi işğal olunmuş torpaqlarımıza - Qarabağa gedə bilməməyin yaratdığı acizlik və çarəsizlik duyğusunu bütün həyatımızla hiss edir,  ömrümüzün sanki sonu olmayacaq əzablarla dolduğunu  bütün xırdalığı ilə yaşayırıq. Qarabağsız, vətənsiz olmağın əzabı başqadır bunu yaşamayan bilməz.

Aynur Qəniyeva


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA