Prezidentdən ard-arda iki sərəncam; Hökumətə tapşırıq verildi

img

19-08-2015 [19:00]


Prezident İlham Əliyev heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, bu barədə məlumat prezidentin rəsmi saytında yerləşdirilib.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması və cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın ödənilməsi məqsədi ilə qərara alıram:
1. Ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.
Prezidentin həmçinin heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında sərəncam verib. Sərəncama əsasən heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi gücləndirilməlidir.
Sərəncamda bildirilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyinin gücləndirilməsi məqsədi ilə qərara alıram:
1. Əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi qaydasını iki ay müddətində müəyyən etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA