Həbs edilən futbolçunun qohumlarından maraqlı açıqlamalar (VİDEO)

img

15-08-2015 [18:23]


Avqustun 14-də Bakı Apellyasiya Məhkəməsində "Qəbələ" futbol klubunun kapitanı Cavid Hüseynovun apellyasiya şikayətinə baxılıb.

Qapalı keçirilən məhkəmə prosesində hakim aşağı instansiyanın qərarını qüvvədə saxlayıb. Bu barədə Meydan TV-yə futbolçunun vəkili Adəm Məmmədov məlumat verib: "Məhkəmə Səbail rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. İki-üç gün ərzində Cavidin ev dustaqlığına verilməsi ilə bağlı vəsatət verəcəyik. Mən məhkəmədə əsaslandırmışdım ki, onun qeydiyyatda olduğu yer var, himayəsində iki azyaşlı uşaq var. Ona qarşı irəli sürülən ittiham az ağır cinayətlər kateqoriyasına daxildir. Əvvəllər məhkumluğu olmayıb. Hesab edirəm ki, ibtidai istintaqın aparılması həbssiz də mümkündür".

Qohumları Cavid Hüseynovun haqsız həbs olunduğunu düşünürlər. Futbolçunun dayısı Mehman Hacıyev: "Biz jurnalistin ölümünə çox acıyırıq. Təəssüf ki, onun ailəsi bizi qəbul etmədi. Biz onlara öz kədərimizi bildiririk. Eyni zamanda Cavidin günahsız olduğunu demək istəyirik. Doğrudan da, çox haqsızlıqdı. Bəzi media nümayəndələri qeyri-dəqiq məlumatlar yazırlar. Jurnalistlər dəqiq fakta söykənməlidirlər. Eyni zamanda sözüm İsa Qəmbərədir, Arif Hacılıyadır. Onlar bu gün bir nəfərin taleyinə belə qeyri-dəqiq yanaşırlarsa, onda bütün xalqın taleyini onlara tapşırmaq olarmı? Onlar götürüb nəsə yazıblar. Gəlib öyrənməli idilər ki, görsünlər Cavid bu işdə günahkardır, yoxsa yox. Cavid günahsızdı. Biz qohumlar da bu haqsızlıq üzündən yanırıq". 

Cavid Hüseynov avqustun 8-də döyülərək xəstəxanaya gətirilən və orada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar saxlanılıb. O, hadisəni bilib gizlətməkdə ittiham olunur.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA