Qonşusu ac olan icra başçısı niyə tox yaşayır? - FOTOLAR, VİDEO

img

13-08-2015 [23:40]


Qonşusunun acınacaqlı vəziyyətdə yaşamasına dözməyən bir xanım bildirir ki, Şirvan şəhəri Məhəmməd Əsədov küçəsi 71 ünvanında yaşayan xəstə, kimsəsiz ata və oğul var. Onların vəziyyəti olduqca ağırdır. Yaşadıqları yer isə xarabalıqdan seçilmir. Qışda qarın, suyun içində yaşayan bu sakinlərin vəziyyətiylə maraqlanıb işiqlandırmağımızı rica edən xanım müvafiq orqanlara da üz tutmağımızı istədi.

Biz də sözügedən əraziyə getdik. Qarşılaşdığımız mənzərə isə sözün əsl mənasında dəhşət idi. Bizi qapıda ev sahibinin oğlu Rahib Quliyev qarşıladı. 

Gəlməyimizin məqsədindən xəbərsiz olan xəstə oğul içəri keçib atasına xəbər verdi. Lakin, ev sahibi Şirzad Mövsüm oğlu Quliyev yataq xəstəsi olduğundan ayağa qalxa bilmirdi. Bir təhər özünü ələ alan Şirzad kişi ürək dağlayan vəziyyətindən danışdı:

-  Şirzad əmi, Allah şəfa versin.

- Sağ ol oğlum, nəyə görə gəlmisiz? 

- Şirzad əmi, Sizin vəziyyətiniz barədə bizə məlumat daxil olub. Gəldik ki, işiqlandıraq.

- Eh bala, onsuz da düzəldən deyillər, onlar öz ciblərini güdən insanlardı. 1972 -ci ildən bəri bu evdə yaşayırıq. Görürsüz də vəziyyətimizi, yatdığım yerə baxın. Xəstə, əlil adamam. Oğlum da əlildi. Bizə baxan yoxdu, elə bil belə bir vətəndaş yoxdu dünyada. 80 manat sosial yardım verirlər. O da kommunal xərcləri ancaq ödəyir, heç yeməyə çatmır. İndi də acam. Arada qonşularımız gəlir, onlar pul verirlər. Siz də özünüzü yormayın bala, başınıza dönüm. Mən, onsuz da ölüb gedənin biriyəm. Heç kim bu dünyadan heç nə aparmır.

- Şirzad əmi, bəs müvafiq orqanlar sizin vəziyyətinizlə maraqlanmır?

- O vaxtı İcra başçısının müavini gəldi. Şəfayət müəllim sağ olsun, mənə sosial yardım verilməsinə kömək elədi. Amma başqa heç nə etmədilər.

- O vaxtdan sizinlə maraqlanan olmayıb?

- Yox, oğul yoxdu. Gəlməyinə gəlmisiz, gəlin çəkin. Televizorumuzda yoxdu. Bizi harda göstərəcəksiz?…

Söhbətimizdən vəziyyətin nə yerdə olduğunu anladınız yəqin. Bu kimsəsiz insanlarla maraqlanan yoxdu. Və Şirzad kişinin sözlərindən dəfələrlə aldanıldığı və artıq ümidlərini hər şeydən üzüldüyü açıq hiss olunurdu.

Maraqlı faktlardan biri isə bu ünvanda Şirvan Şəhər icra başçısı Mərdan Camalovun da yaşamasıdır. Belə yerdə Məhəmməd Peyğəmbərin (c.a.v) sözləri yada düşür: "Qonşusu ac olduğu halda, özü tox yuxuya gedən adam bizdən deyil”.

Bu qədər mülkə, var dövlətə sahib olan başçısı isə evinin arxasında qalan qonşusunun vəziyyətindən belə xəbərdar deyil.

Məsələylə əlaqədar olaraq Şirvan şəhər icra hakimiyyətindən suallara cavab verən olmayıb.

Yazi Hia.az-a (Hədəf İnformasiya Agentliyi) istinadən hazırlanıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA