Dövlət sirri: - pozulmasına görə hansı məsuliyyət var?

img

13-08-2015 [15:47]


"Milli təhlükəsizlik haqqında” Qanuna əsasən dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər informasiya sahəsində dövlətə qarşı əsas təhdidlərdən biri hesab edilir (maddə 7.9.3). 

Belə məlumatların siyahısı isə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Onların etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan şəxs tərəfindən yayılması cinayət məsuliyyəti yaradır (Cinayət Məcəlləsi maddə 284), Azərbaycan Respublikasının vətəndaşı tərəfindən xarici dövlətə verilməsi isə dövlətə xəyanət hesab edilir.

Dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan vəzifəli şəxslər və vətəndaşlar qüvvədə olan qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar:

- müvafiq dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri məlumatların qeyri-qanuni yayılması üzrə qərar qəbul edərkən qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi haqqında ekspert rəyinə əsaslanırlar;

- hərbi sahədə dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılması nəticəsində dövlətin təhlükəsizliyinə ziyan vura bilən məlumatların yayılması faktı ilə bağlı materiallar üzrə keçirilən ekspertizanın rəyindən asılı olaraq materiallar hüquq mühafizə orqanlarına göndərilir;

- dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 284-cü (dövlət sirrini yayma) maddələrinə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsinə uyğun məsuliyyətə cəlb olunurlar.

Hazırda informasiyanın toplanması, saxlanılması, emalı və ötürülməsi proseslərinin informasiya kommunikasiya təhlükəsizliyindən istifadə etməklə həyata keçirilməsi imkanı konfidensial (gizli) informasiyanın asanlıqla başqalarının əlinə keçməsi təhlükəsini artırır. İnformasiya təhlükəsizliyinin təmin edilməsinin əsas şərtlərindən biri informasiyanın konfidensiallığı (gizliliyi) məsələsidir. İnformasiya resursları ilə işləyən insanlar ayrı-ayrı vətəndaşlara və ya təşkilatlara aid olan informasiyanın konfidensiallığını (gizliliyini) qorumaq üçün məsuliyyətlərini dərk etməlidirlər.

Bu məqalə "Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi  tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Sosial şəbəkələrdə və onlayn mediada dövlət sirri təşkil edən məlumatların qorunması sahəsində maarifləndirmə, məlumatlandırma kampaniyasının aparılması” layihəsi çərçivəsində nəşr olunub. 

Strateq.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA