03 avqust 2015-ci ildə Azərbaycan Respublukasında geodeziya və kartoqrafiya istehsalat sahəsinin yaradılmasında və inkişafında müstəsna xidmətləri olmuş, peşəkar mütəxəssis, vətənpərvər, təvazökar, sadə və qayğıkeş insan Adil Sultan oğlu Sultanovun 75 yaşı tamam olur.
1940-cı ildə Bakı şəhərində anadan olmuş Adil Sultanov əmək fəaliyyətinə Bakı Rabitə daşınmalar mərkəzində fəhlə kimi işə başlamış və 1963-cü ildə texnik-geodezist kimi çalışdığı "Bakı şəhərinin planlaşdırılması və mülki mənzil qurğularının Layihələndirilməsi İnstitutu"ndan ali təhsil almaq üçün "Moskva Geodeziya, Aerofotoplanalma və Katroqrafiya mühəndislər institutu"na oxumağa göndərilmişdir. İnstitutu bitirdikdən sonra çöl-geodeziya işlərini daha dərindən mənimsəmək və bu sahədə praktiki bacarığını möhhkəmləndirmək məqsədilə, öz xahişi ilə istehsalat təcrübəsində olduğu ağır çöl şəraitli, Maqadan vilayəti Çukot mahalının 202 saylı ekspedisiyasında geodezist kimi işləmiş və yalnız bundan sonra Bakıya, doğma kollektivinə qayıtmışdır. O, burada əvvəlcə layihə baş mühəndisi, sonra isə mühəndis-axtarış şöbəsində müdir vəzifələrində çalışmışdır.
Adil müəllim 1974-cü ildə, keçmiş SSRİ Nazirlər Kabineti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 1971-ci ildə Bakı şəhərində açılmış 16 saylı qapalı müəsisəsinin 322 saylı ekspedisiyasına rəis vəzifəsinə dəvət edilmişdir. 1971-ci ilədək , bu sahədə yerli azərbaycanlı mütəxəssislər yetişmədiyi üçün yalnız digər millətlərin nümayəndələri çalışırdı.
1976-cı ildə Ulu öndər Heydər Əliyev cənablarının təqdimatı ilə Adil Sultanov keçmiş SSRİ Nazirlər Kabineti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəsisəsinə direktor vəzifəsinə təyin edilir. Heydər Əliyev cənabları ilə həmin görüşü Adil Sultanov sonralar tez-tez belə xatırlayırdı: "Ulu Öndərin geodeziya və kartoqrafiyanın əsasını təşkil edən Dövlət geodeziya şəbəkəsi, trianqulyasiya və poliqonometriya, habelə 1:25 000 miqyaslı topoqrafik planalma işlərindəki vəziyyətlə bağlı suallarını eşitdikdə ayaqlarım titrəməyə başladı. O, peşəkar geodezist-kartoqraf kimi danışırdı. Ayaqlarım, üzərinə duşən məsuliyyətdən titrəyirdi. Məni təəcübləndirən isə Ulu Öndərin, hətta geodeziya və kartoqrafiya kimi çətin və nadir ixtisas sahəsini dərindən bilməsi idi."
Tezliklə, Adil Sultanov geodeziya-kartoqrafiya istehsalatını xeyli genişləndirərək ölkə ərazisinin 1:25 000 miqyaslı topoqrafik planalma işləri ilə təminatını tam başa çatdırmış, keçmiş ümumittifaq miqyasında ilk dəfə olaraq Xəzər dənizi şelfinin topoqrafik planalma işlərini, o dövrədək yalnız kartoqrafik tərtibat işləri Bakıda icra olunan xəritə istehsalatını tam kompleks şəkildə həyata keçirən kartoqrafiya fabrikini, şəhər kadastrı və yeraltı kommunikasiya xətlərinin planaalınması işlərini təşkil etmişdir. 1980-ci illərin ortalarında 16 saylı müəsisə keçmiş SSRİ məkanında ən qabaqcıl geodeziya və kartoqrafiya təşkilatlarından birinə çevrilmiş və Bakının nəzdində Həştərxan Aerogeodeziya ekspedisiyası da (sonradan idarə) yaradılmışdı.
1982-ci ildə Adil müəllimin təklifi ilə Baş Geodeziya və kartoqrafiya idarəsinin maliyyə investitsiyası hesabına müəsisənin 7-ci mikrorayon ərazisində yeni istehsalat korpusu və beş mərtəbəli, 4 bloklu müasir yataqxana yaşayış kompleksi tikilərək təhvil verilmişdir. Elə həmin ildə onun təqdimatı ilə ölkə miqyasında bütün topoqrafiya, geodeziya və kartoqrafiya işlərinin icrasına, o dövrədək razılıq və icazəni həyata keçirən Dövlət Geodeziya, Kartoqrafiya Nəzarət və Rejim İdarəsinin Zaqafqaziya regional müfəttişliyinin (rəhbəri mənfur millətdən idi) Azərbaycan Respublikası üzrə səlahiyyətləri bazasında,Azərbaycan Dövlət Geodeziya,Kartoqrafiya Nəzarət və Rejim İdarəsi yaradılmışdır. Onun fəaliyyətinin nəticəsi olaraq, 1987-ci ildə 16 saylı qapalı müəsisənin əsasında "Azərbaycan Aerogeodeziya İstehsalat Birliyi" yaradılmış və yeni birlik üçün mərkəzin investitsiyası hasabına 11 mərtəbəli yeni inzibati binanın tikintisinin əsası qoyularaq, 1991-ci ildə istifadəyə verilmişdir.
İşçilərin mənzil yaşayış şəraitinin yaxşılaşdırılması hər zaman Adil müəllimin diqqətində olmuşdur. 3 ədəd 9 mərtəbəli, dörd bloklu kooperativ, 1 ədəd isə təşkilatın pay hesabına yaşayış binaları tikilərək işçilərin istifadəsinə verilmişdir. Ümumiyyətlə, təşkilatda işçilərin mənzil ilə təmin olunma tezliyi 3-4 il arasında dəyişirdi. İşçilərin həftə sonu və məzuniyyət istirahət vaxtlarının səmərəli təşkili məqsədilə Adil Sultanov Nardaran qəsəbəsində 9,6 ha ərazini əhatə edən 106 yerlik, hər cür şəraitli istirahət zonasının yaradılmasına nail olmuşdur. Bu istirahət zonası komitə ləğv edilənədək(2001-ci lədək) işçilərin istifadəsində olmuşdu.
Adil müəllimin milli kadr hazırlığına həmişə önəm verməsinin nəticəsidir ki, onlarla yaxşı işçi istehsalatdan ayrılmamaqla, Moskva və Novosibirsk geodeziya, aerofotoplanalma və kartoqrafiya institutlarına, Minsk, Kiyev, Daşkənd və s.topoqrafik texnikumlarına məcburən oxumağa göndərilmişdir. Hətta həmin texnikumlarda oxuyanlar üçün tədris sesiyalarının Bakıda, müəssisənin nəzdində təşkilinə də nail olunmuşdu.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra "Azərbaycan Aerogeodeziya istehsalat birliyi"nin bazasında Azərbaycan Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi yaradılır və Adil Sultanov həmin komitəyə sədr vəzifəsinə təyin edilir. Onun müraciəti əsasında müstəqil dövlətimizin sərhədlərinin delimitasiya və demarkasiya işləri, Xəzər dənizinin sektorlara bölünməsi üzrə komissiyalar yaradılır və onun özü də komissiyaların tərkibinə daxil edilir. Bu komissiyaların qonşu dövlətlərin anoloji komissiyaları ilə protokol iclaslarında, texniki məsələlərə cavabdeh komissiya üzvü kimi o, hər zaman fundamental bilik və məlumatlara əsaslanan çıxışları və prinsipiallığı ilə fərqlənmişdir. Bu zaman hər bir xırda məsələ və təkliflər üzrə ölkəmizin mənafeyi baxımından onun gətirdiyi təkzibolunmaz arqumentlər qarşısında qarşı tərəfin sözsüz razılaşmasının dəfələrlə şahidi olmuşuq. Komissiyaların sırf geodeziya və kartoqrafiya ilə bağlı olan delimitasiya və demarkasiya məsələlərinin həllində "Adil müəllimin əməyi böyükdür" desək, yanılmarıq.
Geodeziya və Xəritəçəkmə komitəsində dünya təcrübəsinə əsaslanaraq hazırlanmış "Xəzər dənizinin sektorlara bölünmə metodologiyası" beynəlxalq ekspertlər, o cümlədən ABŞ prezidentinin Xəzər dənizi üzrə səlahiyyətli nümayəndəsi tərəfindən yüksək qiymətləndirilərək və qonşu dövlətlərin təklifləri içərisində ən düzgün,dəqiq və əlverişli variant - baza olaraq qəbul edilmişdir.
Müstəqillik dövründə Adil Sultanovun rəhbərlik etdiyi komitənin qarşısında duran ən mühim vəzifə ümumilikdə, geodeziya və kartoqrafiya istehsalatının əsasını təşkil edən Dövlət Geodeziya şəbəkəsi və istinad məntəqələrinin, o cümlədən 1:25000 və 1:50 000 miqyaslı topoqrafik xəritələrin təlimatlara uyğun olaraq müasirliyinin təmin edilməsi, maliyyə imkanı çərçivəsində digər iri miqyaslı topoqrafik planalma işlərinin həyata keçirilməsi və bunun nəticəsi olaraq xəritə sıralarının yaradılması olmuşdur ki, bunun da öhdəsindən Geodeziya və Xəritəçəkmə komitəsı fəaliyyət göstərdiyi 9 il ərzində layiqincə gəlmişdir. Bu dövrdə əsrin müqaviləsinə uyğun olaraq BAKI-SUPSA neft kəmərinin layihələndirilməsi və tikintisinin geodeziya və kartoqrafiya təminatı, komitə tərəfindən uğurla həyata keçirilmiş və "Geodeziya və kartoqrafiya haqqında" Qanunun və həmin qanunun tətbiqi ilə əlaqədar olaraq Nazirlər Kabinetinin 12 saylı sərəncamının qəbul edilməsinə nail olunmuşdur.
Bundan başqa, onun rəhbərliyi ilə, GPS-qlobal mövqetəyinetmə - peyk alətlərindən istifadə etməklə (az sayda olsa da), ümumilikdə geodeziya məqsədli ölçmə işlərinin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malik olan Dövlət Geodeziya Şəbəkəsinə əsaslanan müasir AZPOS GPS Geodeziya sisteminin əsası qoyulmuşdu.
Adil Sultanov komitənin rəhbəri kimi MDB, Türkiyə, İran, İsveçrə, ABŞ, Kanada, Almaniya, Yaponiya ölkələrinin müvafiq qurumları ilə xarici iqtisadi əlaqələr yaradılmasına xeyli diqqət yetirmişdir. Bunun nəticəsi olaraq dövlətlər arasında geodeziya və kartoqrafiya sahəsində əməkdaşlıq və məlumatların 3-cü ölkəyə verilməməsi barədə protokollar imzalanmışdır. Türkiyə Cumhuriyyəti Tapu və Kadastro Genel müdirliyi ilə əməkdaşlığın nəticəsi olaraq, xüsusi mülkiyyətin özəlləşdirilməsi və torpaq islahatının aparılması üçün baza xarak-terli geodeziya və kartoqrafiya işlərinin icrası ilə bağlı təkliflər paketi hazırla-naraq aidiyyati təşkilatlara təqdim edilmişdi.Həmin təklif-paketin tədbiqi ilə əlaqədar olaraq beynəlxalq Tasis proqramı çərçivəsində pilot təcrübə sahələri üzrə - ilkin nümunə olaraq Salyan rayonunun Şəfəq sovxozunda və Xaçmazın Yergücü kəndində iri miqyaslı topoqrafik-kadastr işləri icra edilərək təqdim edilmişdi.
Geodeziya və kartoqrafiya istehsalatında innovasiyaların tətbiqi Adil müəllimin fəaliyyətinin əsasını təşkil etmişdir.Onun bilavasitə iştirakı və rəhbərliyi ilə,Yaponiya hökumətinin qrantı hesabına, yapon mütəxəssislərinin köməyi ilə, 2000-ci ildə Azərbaycan Respublikasının 1:50 000 miqyaslı ümumcoğrafi rəqəmli xəritələri hazırlanmışdır. Həmin əsasdan indi də uğurla istifadə edilir.
1990-cı illərin əvvəllərində bəzi xarici seperatçı ünsürlər tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı qərəzli çıxışların subyektiv məzmunlu arxiv xəritələrlə müşahidə olunması, Adil Sultanovun rəhbərliyi ilə bütövlükdə komitənin yaradıcı heyətini rəsmi tarixi xəritələrə müraciət etməyə və onların böyük tirajla yenidən olduğu kimi nəşr edilməsinə səbəb oldu.1993-cü ildə, azərbaycanlıların Qafqazda tarixi məskunlaşma ərazilərini və əsrlər boyunca, hətta əcnəbi dillərdə də öz transkripsiyasını qoruyub saxlayan türk mənşəli adların toponimiyasını özündə əks etdirən və Çar Rusiyası dövründə Qafqaz Hərbi Topoqrafiya şöbəsi tərəfindən hazırlanmış rəsmi nəşr - QAFQAZ-1903-cü il xəritəsi,komitənin daxili imkanları hesabına, olduğu kimi 10000 nüsxə tirajla nəşr edilərək, ictimaiyyətin ixtiyarına verilmişdir.
Bunun ardınca 1995-ci ildə komitə tərəfindən qədim topoqrafik xəritələr əsasında "Azərbaycan Demokratik Cumhuriyyəti" xəritəsi tərtib edilərək 10000 nüsxə tirajla nəşr edilmişdi. Respublikamızın Prezidenti İlham Əliyev cənablarının xüsusi sərəncamı ilə Qafqaz-1903-cü il xəritəsi, aktuallığı nəzərə alınaraq, 2012-ci ildə yenidən nəşr edilmişdir. 90-cı illərin ortasında ölkəmizin fundamental Milli Atlasının yaradılması ilə əlaqədar olaraq struktur-smeta layihəsi hazırlanaraq hökumətə göndərilmiş və bu barədə milli konsepsiyaının yaradılması üçün AMEA-ya müraciət edilmişdi.
İşlədiyi dövr ərzində vətənə sevgi, dövlətə sədaqət, tələbkarlıq,qərarların qəbulunda ədalətlilik prinsipi, rüşvətxorluğa qarşı barışmaz mövqe, təvazökarlıq, işçilərə qayğı Adil müəllimin əsas xarakterik xüsusiyyətləri olmuşdur. 2001-ci ildən öz xahişi ilə əmək təqaüdinə çıxmış Adil müəllimin bu xarakterik xüsusiyyətləri iş yoldaşları və yetirmələri üçün həmişə örnəkdir. Yaxşı işinə görə dəfələrlə fəxri fərmanlarla mükafatlandırılmış, ona Əməkdar Geodezist fəxri adı verilmiş və rayon və şəhər xalq deputatlar Sovetinə deputat seçilmişdir.
75 illik yubileyi münasibəti ilə Adil müəllimi təbrik edir və ona, ailəsinə can sağlığı arzu edirik.
Onu unutmayan və hər zaman qəlbində anan doğma kollektivi adından: Ə.Qasımov, A.Məcidov, A.Nağıyev, E.Nəsibov, R.Səttarov, N.Qasımov, E.Məhərrəmov, İ.Əmirov, İ.Konovalova, V.Məmmədov və s.