"Bizim üçün nə etdi ki, onu yenidən seçək” - İcra başçısından Kərəm Həsənovun deputat qardaşına ismarıc

img

30-07-2015 [11:27]


Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, "AZINKO-Holdinq”in prezidenti, 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputat olan Malik Həsənovun YAP-ın budəfəki siyahısında yer almayacağı barədə xəbərlər ciddiləşir. 

Məlumata görə, beş ilə yaxındır deputat seçilsə də, indiyə qədər hər hansı fəaliyyətinə rast gəlinməyən biznesmen-deputat seçiciləri ilə də görüşmür. O, rayona yalnız ara-sıra gedir və onda da heç kimin gözünə görünməməyə çalışır. Bütün iş-gücünü özünün biznesinin genişlənməsinə yönəldən M.Həsənov mandat daşıdığını daha çox şəxsi xarici səfərlərində yadına salır və bundan qürrələnərək istifadə edir.

"Hacı” kimi tanınan M.Həsənovla bağlı narazılığın olduğunu YAP-ın dairələrdə seçkiöncəsi apardıqları araşdırma da təsdiqləyib. M.Həsənovun deputatlığının hakim partiya üçün faydasızlığı YAP-ın yuxarı təbəqələrində də ciddi müzakirə mövzusudur. M.Həsənov isə yaxın ətrafına və dostlarına yenidən deputat olacağı barədə mesajlar verir və bu məsələdə təbii ki, komitə sədri olan qardaşına güvənir. Sabiq nazir Fərhad Əliyev və qardaşı Rafiq    Əliyevin ölkədən getməsi Malik Həsənovun rahat nəfəs almasına imkan versə də, məlumata görə, deputatın rayona gedəndə camaat üzünə çıxa bilməməsinin bir səbəbi də Əliyev qardaşlarına etdikləridir.

İddia var ki, M.Həsənov hətta  xarici səfərlərə tək getməkdən ehtiyat  edir və bunu "Fərhadgildən nə desən çıxar” deyə, izah edir. Avqustun 5-dən sonra icra başçıları ilə bağlı iqtidarın sərt qərarlar verməyə hazırlaşması M.Həsənovun icra başçısı olan şəriki Əziz Əzizovu da ciddi narahat edib.

Rayondan aldığımız məlumata görə, Ə.Əzizov hazırda ölkədə yoxdur. Uzun illərdir ki, Cəlilabadın icra başçısı olan Ə.Əzizov Həsənovların "çərəyini” yeyir və onlara sadiqdir. Cəlilabadın əsas gəlirli obyektləri və istehsal müəssisələrini Əzizov Malik Həsənovla birgə işlədir. Amma mediada yayılan xəbərlərə görə, icra başçısı arada "Malik Həsənov bizim üçün nə etdi ki, onu yenidən seçək” kimi sözlər də danışır.

Xəbərlər var ki, Kərəm Həsənovun bəzi hakimiyyətdaxili qruplaşmalarla münaqişə vəziyyətində olması ona yaxşı perspektiv vəd etmir. Hakimiyyət elitasında xüsusi söz sahibi olan nazirlərlə qarşıdurma, onların bəziləri ilə hətta məhkəmədə çözülən əmlak mübahisəsi komitə sədrinin mövqeyini xeyli dərəcədə laxladıb(musavat.com). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA