Cahangir Hacıyev və komandasının yeni missiyası - «Bank Technique” müəmması sona çatır

img

28-07-2015 [10:48]



Fiziki və hüquqi şəxslər pullarını çıxara bilmir; Bank bağlanmaya doğru gedir

Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri vəzifəsindən gözlənilməz istefa verəndən sonra «yox»a çıxan Cahangir Hacıyev yenidən meydana qayıdıb.

Xatırladaq ki, Mia.az-da özünün və yaxınlarının ölkədən çıxışına qadağa qoyulan Cahangir Hacıyevin bir aydan çoxdur «Bank Technique”də " yeni tapşırıq” üzərində işlədiyini yazmışdıq.

Həmin yazıda ciddi mənbələrə istinadən bildirilmişdi ki, Cahangir Hacıyev hal-hazırda «Bank Technique”də idarə heyətinin sədri vəzifəsini qeyri-rəsmi icra edir:

«Ona Azərbaycan Beynəlxalq Bankından oğurlanan və müxtəlif adlar altında ölkədən kənara çıxarılan vəsaitlərin geri qaytarılması və digər mühim vəzifələr tapşırılıb. Bu məsqsədllə 2012-ci ildə Azərbaycan Beynəlxalq Bankından «Bank Technique” yə transfer etdiyi sadiq kadrları da ona hərtərəfli dəstək verirlər. Bu məsələdə isə ona hələ ABB-də onun ən sadiq adamlarından olan, hazırda isə "Bank Technique” ASC-nin Müşahidə Şurasının sədri Rövşən İsmayılovla digər sadiq adamı - Yaşar Səfərov ("Bank Technique” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini) yaxından dəstək verirlər».

Bu və ya digər məlumatlarla yanaşı, Mia.az-a yeni informasiyalar da daxil olub. Bildirildiyinə görə, Cahangir Hacıyev "Bank Technique” ASC-də hesabı olan bütün hüquqi və fiziki şəxslərin əməliyyatlarını dondurub: 

«İndi nə fiziki, nə də hüquqi şəxslər bankdan pullarını nəinki çıxara, heç köçürmələr belə edə bilmirlər. Maraqlıdır ki, bank hesaba köçürülən pulları qəbul etsə də, hesabdan pul çıxarılmasına «qadağaa» qoyub. Vəziyyət o həddə çatıb ki, bir sıra iş adamları digər banklarda hesablaşma hesabı açmağa başlayıblar. Onlar, eyni zamanda, hakim dairələrdən pullarını çıxarmaq üçün dəstək istəyiblər. Ancaq sahibkarların diqqətinə çatdırılıb ki, bu məsələ daha ciddidir və müdaxilə edə bilməzlər».

Məsələ ilə bağlı  "BankTechnique”dəki mənbə ilə də danışdıq. Bankdakı mənbə faktı təsdiq edərək bildirib ki,  böhran kulminasiya nöqtəsinə çatıb və bu bankın müştəriləri təşviş içərisində hər gün filialların qarşısna toplaşırlar:

«Ancaq br neçə gün əvvəl bankın fəaliyyətində və müştərilərə göstərilən xidmətlərdə çoxsaylı məhdudiyyətlər  tətbiq olunurdusa, indi ümumiyyətlə, əmanətçilər və bankda hesabı olan firmalar bankdan bir manat da çıxara bilmirlər. Artıq bütün filiallara qeyri-rəsmi tapşırıq verilib. Düzdür, dünən bankdan bunu təkzib edən rəsmi açıqlama yayıldı. Ancaq fakt sizə dediyim kimidir. 

Görünür, 2012-ci ildə olduğu kimi, bu bankdakı müştəriləri ya Azərbaycan Beynəlxalq Bankına, ya da digər banklara transfer edəcəklər. Çox böyük ehtimala "BankTechnique” növbəti bağlanan bank olacaq».

Müsahibimiz deyir ki, bütün proseslər bağlanma istiqamətində gedir: «Cahangir Hacıyev buradakı missiyasını bitirdikdən sonra bankın da fəaliyyətinə xitam verilməsi qaçılmaz olacaq».

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA