"Ramiz Mehdiyevin yanında dil - dil ötənlər..." - Ekspertdən cəbhədəki olayla bağlı çağırış

img

25-07-2015 [13:50]


Üzeyir CƏFƏROV

"Dəyərli dostlar, hörmətli həmkarlar!!

Deyirəm ki, deyəsən ötən ilin avqustunda olan və cəbhə xətti ilə bağlı vəziyyət təkrarlanır axı. Ötən gecədən başlayaraq kimlərsə sosial şəbəkələrdə, bəzi sayt və qəzetlərdə Gədəbəy istiqamətində "aktiv müharibə"yə başlayıb və "uğurlar"ımız da var artıq. Haranısa yenə "almışıq". 

Şəxsən mənə çox maraqlıdır ki, iyulun 22-da "Gülüstan" sarayında Milli Mətbuat günü ilə əlaqədar sinələrinə "əməkdar jurnalist", "Tərəqqi" medalı taxılan media kapitanları, nə bilim daha kimlər nə tez unutdular ki, belə tipli vacib məlumatları, axı, onlar Müdafiə Nazirliyinə istinadən verməyi razılaşmışdılar? 

Ötən il Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehtiyevin yanında dil - dil ötən, əslində dezinformasiyaları yayan sayt rəhbərlərinin "barıtı" elə bura qədərmiş? Hələ aktiv döyüş əməliyyatları başlamayıb, bu qədər naşılıq və xaotiklik yenə baş alıb gedir. Ay "tanklar cəbhədə ora aparıldı, toplar belə getdi" tipli məlumatlar yenə aləmi başına götürüb. Harda qaldı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin operativliyi? Yenə ötən ildəki naşılıq və kobud səvlər təkrarlanacaq? 

Suallar çox, cavablar isə təəssüflər olsun, hələ ki, yoxdur. Bu vəziyyətdə mənə ən çox təsir edən isə məxfiçiliyi qorumağa borclu olan müvafiq qurumların, xüsusən də mətbuatımızın yenə özünü çaşqın vəziyyətdə aparmasıdır. Ölkə başçısı MN-nə, Mətbuat Şurasına, MTRŞ-ə və digər qurumlara müvafiq tapşırıqlar vermişdi. Bəs nə oldu? 

Gecə saatlarında baxıram Ermənistan saytları bizim "əməkdar jurnalistlərin" "məhsullarını" - dezinformasiyaları geninə-boluna "Azərbaycan mətbuatının yazdığına görə" kimi istinadla yayırdılar. Yəqin ki, səsi yaxın saatlarda çıxacaq. 

İncimək lazım deyil, cənab media kapitanları. Siz müharibə şəraitində işləməyi nə özünüz bacarırsınız, nə də bu işi öyrənməyə heç cür həvəsli görünməyən bəzi əməkdaşlarınız. Sizin ötən il MN-nin rəsmiləri ilə - nazir müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyevlə keçirdiyiniz görüşlərin də heç bir real nəticəsi olmadı. 

Necə deyərlər, utanmaqdan keçib. Mən bir peşəkar hərbi-siyası jurnalist olaraq demək istəyirəm ki, belə getsə, bizim mətbuat özümüz-özümüzə böyük maneə olacaq. Biz səhvlərimizdən nəticə çıxartmaq deyil, səhvlərimizi daha da əcaib formada təkrarlamaqda davam edirik. Zərbəsi isə hamımıza bir yerdə dəyir. 

Ən sonda. Torpaqları işğal altında qalan dövlətin düşmənlə üzbəüz dayanan əsgəri, zabiti namərd gülləsinə hər an tuş gələ bilər. Necə ki, gəlir. Ona görə də, bir az diqqətli və hazırlıqlı olmağımız gərəkdir. 

Tanrı Azərbaycanımızı, onun yeganə güvənc yeri olan Silahlı Qüvvələrimizi qorusun!!!"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA