"Bu iddialar təqsirləndirilən şəxsin özünü müdafiə etmək cəhdidir" - DİN-dən reaksiya

img

24-07-2015 [18:11]


Mia.az-da Xəzər Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Rauf Sultanovun işi üzrə yayımlanan xəbərə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə aydınlıq gətirib.

Şöbə rəisi Mia.az-a bildirib ki, bir sıra KİV-lərdə Xəzər Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Rauf Sultanovun işi üzrə keçirilən məhkəmə prosesində istintaq zamanı müstəntiqin adıçəkilən şəxsin imzasını guya saxtalaşdırması barədə səslənmiş fikirlər əsassızdır və bu iddialar təqsirləndirilən şəxsin özünü müdafiə etmək cəhdindən başqa bir şey deyil:

"Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Sultanov Rauf Yusif oğlu etibardan sui istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə məxsus xeyli miqdarda əmlakı ələ keçirmişdir.

Belə ki, R.Sultanov özgə əmlakını ələ keçirmə məqsədi ilə tanışı Naida Manafovanın 3500 manat, bundan əlavə, 2014-cü ilin avqust ayında vətəndaş Xatirə Əliyevanın isə 1200 manat pulunu ələ keçirərək hər iki şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Paytaxtın Xəzər və Nəsimi rayonlarının ərazisində baş vermiş bu dələduzluqlar barəsində cinayət işləri başlanılaraq bir icraatda birləşdirilmiş, R.Soltanova CM-in dələduzluq maddələri ilə ittiham elan edilmişdir. Yeri gəlmişkən, R.Muradov əvvəllər də anoloji cinayət etdiyinə görə 3 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Cinayət işinin istintaqı zamanı da Rauf Sultanov vəsatətlə müraciət edərək cinayət işinə dair materiallardakı heç bir sənədi guya nəinki imzalamadığını, ümumiyyətlə, öz dəst-xətti ilə heç bir yazı yazmadığını bildirmiş, iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir.

İş üzrə keçirilmiş ekspertiza rəyində bütün istintaq materiallarında Rauf Sultanovun adından olan imzaların məhz onun özü tərəfindən icra edildiyi göstərilmişdir. R.Sultanovun məhkəmədə imtina etdiyi imzaya gəldikdə isə o da müəyyən edilmişdir ki, bu şəxsin imzasını bilərəkdən fərqli formaya salmaqda məqsədi məhkəmə prosesində eyni vəsatətlə çıxış etmək imkanı qazanmaqla, mövzu ətrafında yersiz hay-küy qaldırmaq, ictimai diqqəti özünə cəlb etmək cəhdləri olmuşdur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA