1-ci qrup əlilə qarşı diskriminasiyanı hansı qurum yaradır? - ŞİKAYƏT

img

20-07-2015 [13:52]


"Mən, 1-ci qrup gözdən əliləm. Kvota ilə işlədiyim üçün pensiyamın sığorta hissəsini almaqdan məhrumam (96 manat). Buna səbəb "Əmək pensiyaları haqqında" qanundakı 37.3.2 saylı maddədir". 

Bu sözləri Mia.az-a Hikmət Mayis oğlu Şükürov deyib. 

Onun sözlərinə görə, sözügedən maddə yalnız 2006-cı ildən sonra əlilliyə çıxanlara aiddir:

"Fikrimcə, bu məqam əlillər arasında ayrı-seçkilik və diskriminasiya yaradır. Bu azmış kimi, yeddi il ərzində verilmiş artıq pulu da qaytarmaq məcburiyyətində qalmışam. Hərçənd işlədiyim müəssisədə mənə bildirdilər ki, hər il DSMF-un Hüquqi Şəxslər Departamentinə mənim əlilliyim də göstərilməklə illilk hesabat verilib. DSMF-un Xətai rayon şöbəsi o dəqiqə yaxasını kənara çəkir ki, bəs bizim xəbərimiz olmayıb və mən vaxtında bu barədə məlumat verməmişəm. Maraqlı təzaddır.

Ümumiyyətlə əlillərin Azərbaycanda heç bir imtiyazı yoxdur (nəqliyyatda gediş pulludur, kommunal xidmətlər 100% ödənilir, tibbi sığorta yox və s.). Mən bu yaxında ƏTİ (Əlil Təşkilatları İttifaqı) zəng edib, bu barədə soruşdum. Cavab verdilər ki, heç bir imtiyaz yoxdur".

Şikayətçi yazır ki, dörd dəfə ağır kəllə-beyin və həmçinin şuntlama əməliyyatı keçirib:

"Ancaq bu hələ son deyil. Axırıncı əmıliyyat qabağı dövlət neyrocərrahiyyə xəstəxanasında İ qrup əlil olmağım haqqında məlumat vermək istədim. O dəqiqə sözümü kəsdilər ki, bizdə belə şeylər keçmir. Heç bir neyrocərrah 4000-5000 AZN-dan aşağı belə əməliyyata yaxın durmur. İndi Siz deyin, mən neçə vaxt pensiyamı (hansıki yarısını DSMF vermir) toplamalıyam ki, bir əməliyyatı ödəyə bilim?

Elə onu demək kifayətdir ki, on beş ildir mən yataqxanada yaşamağa məcburam və bir nəfər də olsun zəng edib səhhətimlə, güzəranımla maraqlanmayıb. Zənnimcə, əlillərə qarşı bu cür ögey münasibət yolverilməzdir". 

Əlaqədar orqanlar Şükürov Hikmət Mayis oğlunun şikayəti ilə bağlı araşdırma aparmaq istəsələr, ona məxsus olan bu nömrələrə - 012 370 41 12 (ev) və ya  050 371 12 90 zəng edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA