Övladları Kəmaləddin Heydərovla Ziya Məmmədovu hədəfə gətirdi - PA hazırlıq görür

img

13-07-2015 [10:56]




Azərbaycanın Avropa ilə münasibətlərinin kəskinləşdiyi bir dönəmdə hakimiyyətin cəmiyyətdə artan sosial gərginliyi səngitmək üçün bir neçə ciddi taktiki manevr edəcəyi gözlənlir.

Bu barədə Mia.az-a məlumat verən mənbənin sözlərinə görə, bu üzdən iqtidar ən azı iki iri fiquru və onun ətrafını narazılığı sakitləşdirmək üçün qurban verə bilər:

«Belə bir məqamdan istifadə edən iqtidardakı qruplaşmalardan biri rəqib qrupları hədəfə gətirməyə çalışır. Diqqət edirsinizsə, artıq Ziya Məmmədov «nişangah»dadır. Onu hər an vəzifəsindən azad edə, hətta məsuliyyətə cəlb edə bilərlər. Nəqliyyat naziri də bu təhlükədən ehtiyat etdiyi üçün ilk növbətə ailə üzvlərinin ətrafında «təhlükəsizlik zolağı» çəkməyə bütün gücü ilə çalışır. Elə oğlu Anar Məmmədovun Xorvatiyanın Azərbaycandakı fəxri konsulu təyin olunması və bununla bağlı sözügedən ölkənin Xarici İşlər Nazirliyinin Azərbaycana göndərdiyi məktub da göstərir ki, nazir, buna nail olub. Ancaq qardaşının villasında törədilən qətl və digər korrupsiya halları onun özünün təhlükədən sığortalanmadığını təsdiq edir”. 

Maraqlıdır ki, Ziya Məmmədovla yanaşı, son aylar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və onun oğlu Tale Heydərovun da hədəfə gətirildiyi açıq görünür. Belə ki, Kəmaləddin Heydərovla Ziya Məmmədovun və onların övladlarının ABŞ və Avropa ölkələrindən apardığı lobbiçilik proqramına xərclənən vəsaitlərin müqabilində yetərli iş görmədikləri də üzə çıxıb:

"Ancaq Tale Heydərovla bağlı ən ciddi fakt ötən həftə «Qəbələ»də Tiflisin «Dinamo» klubu ilə keçirilən oyunda baş verdi. Tiflisdəki oyunda baş verənlər bu separatizmin təkrarının Azərbaycanda baş verəcəyini əvvəlcədən göstərsə də, Kəmaləddin Heydərovun oğlunun idarə etdiyi klubda bununla bağlı heç bir qabaqlayıcı tədbir görülmədi. Sanki özləri şərait yaratdı ki, bu olay yaşansın, təkrarlansın. Nəticədə Qəbələdə Gürcüstan əleyhinə, Ermənistanın maraqlarına isə cavab verən separist fikirlər qabardıldı. Gürcü bayrağı yandırıldı, həmin dövlətin əleyhinə çox kəskin siyasi şüarlar səslləndi. Təbii ki, bu fakt dünya mətbuatından tutmuş UEFA-ya qədər müzakirə olunaraq Azərbaycanın əleyhinə çevrildi. Bu isə az qala qonşu dövlətlə münasibətlərimizə ciddi sıxıntı gətirib. Təbii ki, bəzi qruplar da bu olayları son aylar adı yenidən adı baş nazir postuna ciddi hallanmağa başlayan Kəmaləddin Heydərov və onun oğluna yönəldərək, onun təsir dairəsini azaltmağa çalışırlar. Maraqlı məqam budur ki, bu məsələdə təkcə Kəmaləddin Heydərovun rəqibləri deyil, həm də oğlunun rəqiblərinin fəallığı diqqətdən qaçmır...».

Mənbə deyir ki, seçkiyədək Azərbaycanda elə adıçəkilən iki nazirin şəxsində ciddi proseslər baş verəcək: «Bu olaylar isə müəyyən qədər ölkənin gələcəyinə də işıq salacaq».

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA