Kartoqrafiya fabrikinin redaktoru: “Mövcudluğumuzu Nazirlər Kabineti, Baş Nazir, hətta Prezidentimiz belə unudub”

img

06-07-2015 [23:07]


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunandan sonra onun tərkibində olan bəzi qurumların taleyi qaranlıq olaraq qalır. Sözügedən qurumun nəzdində olan Kartoqrafiya fabrikinin redaktoru İrina Konovalova Mia.az-a bu barədə müraciət ünvanlayıb.

Mia.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

"Bakı Kartoqrafiya fabriki 1976 -cı ildən fəaliyyətdədir. Bu illər ərzində 3 000-dən (üç mindən) artıq müxtəlif miqyasda kartoqrafik məhsullar hazırlanaraq nəşr edilib. Bu kartoqrafik məhsullar müxtəlif miqyas və məzmunda olan xəritələrdən, atlaslardan, prospektlərdən, bukletlərdən ibarət olub. Əvvəllər dövlət büdcə işləri üzrə əsas sifarişçilərimiz Təhsil Nazirliyi, Elmlər Akademiyası, Turizm və ekskursiya Şurası və digərləri olurdu. Kartoqrafik məhsulların, əsasən də topoqrafik xəritələrin, hazırlanıb nəşrə getməsi bilavasitə Dövlət Geodeziya və Kartoqrafiya Komitəsinə aid idi. Lakin 2002-ci ildən başlayaraq, Dövlət Geodeziya və Kartoqrafiya Komitəsinin ləğvindən sonra, ilbəil kartoqrafiya sahəsi planlı şəkildə məhvə doğru addımlayır. Təhsil Nazirliyi artıq sifarişin yox dərəcəsinə çatdırıb, turistlərin xəritə və atlaslarla təminatı belə çox aşağı səviyyədədir.

Bakı Kartoqrafiya Fabriki kiçik tirajlarla xəritə və atlasların nəşrinə cəhd göstərməyə başladı. Məsələn, iki dildə (azərbaycan və rus dillərində) dərslik divar xəritəsi, kontur xəritələr, 6-10 -cu siniflər üçün atlaslar, 3 dildə (azərbaycan, rus və ingilis dillərində) "Bakı", "Avtomobil yolları", "Mingəçevir", "Naftalan" və sair buklet-atlaslar, Azərbaycanın Turist Atlası, Bakının Atlası və sairlər hazırlanar nəşr olunub. Elmi əsaslara yiyələnərək "Dialektologiya", "Aqroiqlim", "Torpaq", "Abşeronun geoloji Atlası", "Ekologiya" və nəhayət "Azərbaycan Respublikasının Milli Atlası" yüksək səviyydə hazırlanaraq nəşr olundu. Bu atlaslar müasir dizayn təlabatlarına tam cavab verərək, nəşrə verilmişdi.

Milli Atlasın məzmunu digər dövlətlərin milli atlaslarının məzmunları ilə tam şəkildə müqayisə olunaraq, yekun analizlə işlənilib nəşr olunub. Bu atlasda dövlətimizin güclü inkişafını tam göstərən aktual amillərdən istifadə olunub. Bu atlasın işıq üzü görməsi Bakı Kartoqrafiya Fabrikinin kollektivinin əzmkar çalışması, işə can yandırması sayəsində baş verib. Digər dövlətlər belə Atlasın hazırlanması üçün bu işdə əməyi olanları layiqincə mükafatlandırdıqları halda, bəs bizim dövlətimiz hansı addımı atdı?

05.02.2015-ci ildə Dövlət Torpaq Və Xəritəçəkmə Komitəsi ləğv olundu. Bu komitənin nəzdində 2002-ci ildən Bakı Kartoqrafiya Fabriki də fəaliyyət göstərirdi. Fevral ayından bizim müəssisənin maliyyəlişdirilməsi dayanıb. Bizim mövcudluğumuzu Nazirlər Kabineti, Baş Nazir, hətta Prezidentimiz belə unudub!

Olimpiya iştirakçılarına paylanan o solğun bukletləri görəndə isə çox pis oldum, məgər bizim fabrikə bu bukletləri sifariş etsəydilər, biz onlara bu bukletləri bu cür acınacaqlı görkəmdə verəcəkdik? Axı, bizim məhsullar həmişə öz yüksək keyfiyyəti ilə frqlənmiyiblərmi? Biz burada maliyyə sarıdan əziyyət çəkdiyimiz bir halda tanınmamış kiçik şirkətlərdə bizə aid işlərin görünməsi nə dərəcədə düzdür?

Görünür, bizim dövlətə artıq kartoqrafçılar lazım deyil? Halbuki dövlətin birinci növbədə kartoqrafiyası yüksək səviyyədə olmalıdır. Ümid edirik ki, bizim bu vəziyyətimizə dövlət başçımız biganə qalmayacaq və bizim bu durumumuza bir aydınlıq gətiriləcək.

Bakı Kartoqrafiya fabrikinin redaktoru: Konovalova İ.V.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA