AMEA-da veteranlarla bağlı yeni tədbirlər - İclas

img

03-07-2015 [14:20]


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının II Xüsusi şöbəsində AMEA-nın Birləşmiş Veteranlar Şurasının (BVŞ) elmi müəssisə və təşkilatlardakı veteran şura sədrləri ilə iclas keçirilib. 

Mia.az xəbər verir ki, tədbiri giriş sözü ilə BVŞ-nın sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov açaraq veteranların qarşılaşdığı problemlərdən və onların həlli istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, görüşdə məqsəd Akademiyanın 70 illik yubileyi ərəfəsində BVŞ tərəfindən həyata keçirilən tədbirlər haqqında AMEA prezidentinin 24 noyabr 2014-cü il tarixli 296 nömrəli sərəncamından irəli gələn vəzifələr həyata keçirilməsini müzakirə etməkdir. Tədbirdə sərəncama əsasən, AMEA-nın elmi müəssisə və təşkilatlarında işləyən aztəminatlı veteranlara birdəfəlik müavinatların verilməsi, onlara yeməkxanada güzəştli xidmət göstərilməsi, həmçinin onların sanatoriyalarda müalicə və istirahətləri üçün güzəştli putyovkaların təşkili istiqamətində işlər görülməsindən danışılıb.

Sonra çıxış edən BVŞ-nın sədr müavini, Rəyasət Heyəti Aparatının II Xüsusi şöbəsinin rəisi Eldar Quliyev bildirib ki, keçən il yaradılan BVŞ bu müddət ərzində bir sıra işlər görüb. E.Quliyev Akademiyanın əməkdaşlarına, xüsusən də veteranlara putyovkaların və çalışdıqları müəssisələrdə yeməkxanadan pulsuz yararlanmaq üçün talonların verilməsi istiqamətində işlər görüldüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, bəzi institutlarda müəyyən problemlər olsa da, əksər veteranlar birdəfəlik müavinat alıb, həmçinin yeməkxananın xidmətindən istifadə edə bilirlər.

Ölkə başçısı İlham Əliyevin 23 fevral 2015-ci il tarixli "1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına uyğun olaraq AMEA-da bir sıra tədbirlər keçirildiyini xatırladan Eldar Quliyev "Böyük Vətən Müharibəsinin Qələbəsində alimlərin rolu” mövzusunda beynəlxalq konfransın xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, konfrans lazımi səviyyədə keçirilib və əcnəvi qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

70 illik yubileyi ərəfəsində BVŞ tərəfindən həyata keçirilən tədbirlər haqqında AMEA prezidentinin 24 noyabr 2014-cü il tarixli sərəncamının yerinə yetirilməsi ilə bağlı məlumat verib. Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində görüləcək işləri diqqətə çatdırıb.Akademiyanın 70 ilik yubileyi ilə bağlı görülən işlərdən danışan E.Quliyev AMEA prezidentinin 24 noyabr 2014-cü il tarixli sərəncamına uyğun olaraq nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb.

Sədr müavini qeyd edib ki, şura "Veteranlar Haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələri yerinə yetirərək il ərzində fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirib, ictimai qurumlarla əlaqələrini genişləndirməklə elmi müəssisələrdə veteran təşkilatlarının möhkəmləndirilməsinə, veteran fəallarının təşəbbüslərinin artırılmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyələndirilməsində müxtəlif forma və üsulların istifadəsinə diqqəti artırıb. BVŞ-nın üzvləri tez-tez gənclərlə görüşlər təşkil edir, orta məktəb şagirdləri qarşısında çıxış edərək onların vətənpərvərlik ruhunda tərbiyə olunmalarına öz töhfələrini verirlər.

Eldar Quliyev bildirib ki, Rəyasət Heyətinin qərarı ilə Akademiya əməkdaşlarına "Əmək veteranı” adının və vəsiqəsinin verilməsi üçün müvafiq Komissiya yaradılıb. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrlik etdiyi komissiya artıq 400 nəfərə "Əmək veteranı” adının və vəsiqəsinin təqdim olunduğunu qeyd edib.

Tədbirdə çıxış edən AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) sədri, iqtisad elmləri doktoru, professor İsa Alıyev rəhbərlik etdiyi qurumun Akademiyanın sosial və ictimai həyatındakı rolundan danışıb. Bildirib ki, sadalanan sahələrdə problemlər olduğunu, onların həlli istiqamətində AHİ-nin də üzərinə düşən işləri layiqincə yerinə yetirdiyini bildirib. İsa Alıyev AMEA əməkdaşlarının asudə vaxtlarını səmərəli dəyərləndirmələri üçün bir sıra tədbirlər görüldüyünü qeyd edib. Akademik Milli Dram Teatrı ilə əldə olunmuş razılığa görə, hər ay teatr tamaşalarına AMEA əməkdaşları üçün biletlər verildiyini deyən AHİ sədri ayrılan putyovkaların əksəriyyətinin veteranlar üçün nəzərdə tutulduğunu vurğulayıb. İ.Alıyev Şamaxı Astrofizika Rəsədxanasının ərazisində inşa olunmuş 5 mərtəbəli binada işlərin yekunlaşmaq üzrə olduğunu və təxminən bir aydan sonra istifadəyə hazır olacağını bildirib. AMEA-nın balansında olan Mərdəkandakı elmi düşərgədə təmir işlərinin də başa çatdığını söyləyən İ.Alıyev yüksək standartlara cavab verən koteclərin əməkdaşların ixtiyarına verildiyini bildirib.

İ.Alıyev vurğulayıb ki, bundan sonra AHİ AMEA-nın Birləşmiş Veteranlar Şurası ilə daha sıx əlaqədə çalışacaq və veteranlara lazımi qayğı göstəriləcək. O, AMEA- prezidentinin Sərəncamının 3-cü əlavəsində nəzərdə tutulan aztəminatlı veteranlara putyovkaların verilməsi məsələsini ilin sonunadək həll ediləcəyini bildirib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA