Kimlərin kredit borcu bağışlana bilər? – Ekspert açıqladı

img

29-06-2015 [13:34]


"Kredit borclarının dövlət tərəfindən deyil, ayrı-ayrı bankların özləri tərəfindən silinməsinə ehtiyac var”. 

Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov son günlərdə kiçik məbləğli kreditlərin dövlət tərəfindən qarşılanması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirərkən deyib. 

Onun sözlərinə görə, bir sıra inkişaf etməkdə olan ölkələrdə bankların kiçik həcmli borcların bağışlanması hallarına rast gəlinir:

 "Dövlət tərəfindən borcların silinməsi həm dövlət üçün əlavə xərc deməkdir, həm də bu proses bankları və kredit borcu olanları məsuliyyətini azalda bilər. Eyni zamanda bu kredit ödəilməsinə məsuliyyətlə yanaşan borclu ilə həmin pulu məsuliyyətsiz xərcləyən arasında diskirminasiya olacaq. Məsələn, təsəvvür edək ki, bir vətəndaşımız kredit götürüb və öz əmək haqqına qənaət edərək, yumşaq desək, bəzi hallarda "uşağının boğazından kəsərək” həmin krediti vaxtı-vaxtında qaytarıb, digəri isə bankdan borc alaraq Türkiyədə istirahət edib və sonradan da həmin pulu geri qaytarmayıb. Belə olan halda borcların silinməsi o deməkdir ki, sanki kredit ödənişlərinə məsuliyyətlə yanaşan doğru etməyib, borcla istirahət edən və onu geri ödəməyən düzgün edib. Əslində isə doğru edən öhdəliyinə məsuliyyətlə yanaşandır”. 

 İqisadçı sözügedən məsələnin kredit götürənlərdə arxayınçılığa yol aça biləcəyindən də söz açıb:

 "Borcların bağışlanması kredit götürənlərin əksəriyyətində "yenidən borcumu siləcəklər” arxayınçılığı yarada bilər ki, bu da bank sektorunda problemli kreditlərin həcmini kəskin artıra bilər. Düşünürəm ki, borcların bağışlanması ümumi şəkildə bütün kreditlərə deyil, fərdi olaraq ayrı-ayrı müqavilələrə tətbiq edilə bilər. Ailənin sosial statusundan asılı olaraq bunun tətbiq edilməsi mümkündür. Məsələn, elə ailə var ki, kredit götürüləndən sonra ailə başçısı dünyasını dəyişib və qəza keçirərək əmək qabiliyyətini itirib. Həmin ailələrə verilən kreditlərin banklar tərəfindən bağışlanması və ya güzəştlərin tətbiq edilməsi olduqca vacibdir. Bu, həm də sosial korporativ məsuliyyət prinsipinə uyğundur. Bu baxımdan da bütün kreditlərin deyil, sosial statusundan asılı olaraq bir sıra borcların bağışlanması arzuolunandır”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA