“Radikal təriqətlərin saytları bağlanmalıdır”

img

11-06-2015 [14:45]



Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İslam dinində parçalanma yaratmağa çalışan dini təriqətlərə qarşı mübarizə tədbirlərinin təşkili” layihəsi çərçivəsində növbəti tədrbini Zaqatala rayonunda keçirib. Dəyirmi masada rayon ağsaqqalları, ziyalıları, din xadimləri, Zaqatala rayon icra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri iştirak edib. ABUC sədrinin müavini Elman Cəfərli İslam dinində məzhəblərin meydana çıxmasının tarixindən danışıb. Qeyd edib ki, hazırda Azərbaycanda islamın əsas 2 məzhəbinin 3 qolunun, 1 məzhəbin isə 3 cərəyanının davamçıları var: "Bunlar şiə məzhəbinin cəfəri qolu, sünni məzhəbinin isə şafii və hənəfi qolları, eləcə də özlərini sünni hesab edən sufi, sələfi və nurçu cərəyanlarıdır. Çox təəssüf ki, radikallığı ilə seçilən dini cərəyanlar hazırda İslam dininin parçalanmasından ötrü bütün mümkün variantlara əl atırlar”. Mövzu ilə bağlı məruzə edən Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü çıxışında deyib ki, radikal sektaların gəncləri öz tərəflərinə çəkmək üçün istifadə etdikləri metod və vasitələr öyrənilməlidir: "Biz öyrənməliyik ki, gənclər necə onların toruna düşür. Necə ki onlar gəncləri öz tərəflərinə çəkir, biz də eyni metodlardan yaralanmalıyıq. Gənclərlə işləməli, onların arzu və istəklərini bilməliyik. Onların ayaqlarına getməli, onları anlamalı, onlarla söhbət etməliyik. Lazım olarsa kəndlərdə də bu cür müzakirələri təşkil etməliyik”. Zaqatala rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Rəfiqə Bağırova mövzunun olduqca aktual, layihənin əhəmiyyətli olduğunu bildirib: "Azərbaycan dünyəvi dövlətdir. Bizdə din dövlətdən ayrıdır. Dövlətimizi dini qurumların inkişafı, vicdan azadlığının təmin edilməsi istiqamətində lazımi addımlar atılıb. Ancaq təəssüf ki, bəzi qruplar din pərdəsi altında gəncləri radikal sektalara cəlb etməyə çalışırlar. Bunun qarşısını almaq üçün ictimai təşkilatlar, mətbuat dövlət qurumlarına kömək etməlidir”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala şöbəsinin nümayəndəsi Mehman İsmayılov radikal dini qruplarını çoxalmasının əsas səbəbinin cəhalət və mövhumat olduğunu deyib. Onun sözlərinə görə, orta məktəblərdə dinin tədrisi vacibdir. Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Rasim Musayev radikal dindarların artmasından narahatlığını bildirib və bu məsələdə cəmiyyətin laqeydliyinə diqqəti çəkib. Mərkəzi kitabxananın direktoru Gülnigar Məmmədova yerli ziyalılara dəstəyin vacibliyini bildirib: "Gənclərlə biz də işləyirik. Ancaq bizim təbliğat imkanlarımız o qədər də çox deyil. Bizim ədəbiyyata, mənəvi dəstəyə ehtiyacımız var. Çox yaxşı olar ki, qeyri hökumət təşkilatları daha geniş əhali qrupları ilə işləsin”. Ağsaqqal ziyalı Məhərrəm Məmmədov orta məktəblərdə dinin tədrisi ideyasını dəstəkləyib: "Məktəblərdə aşağı siniflərdən şagirdlərə dinimiz, peyğmbərimiz haqqında məlumat verilməlidir. Qoy, bilsinlər ki, Qurban haradan gəlir, necə yaranıb, Orucluğun fəlsəfəsi nədir”.
Zaqatala rayon Tala kəndinin imamı Şakir Mehdiyev deyib ki, orat məktəblərdə dinin tədrisinə hazırlıqlı kadrları cəlb olunmalıdır. Şakir Mehdiyev gənclərin asudə vaxtını təşkil etmək üçün kəndlərdə əyləncə mərkəzlərinin, idman meydançalarının tikilməsini vacib sayıb. İmam radikal dini qrupların təbliğat imkanlarının azaldılmasını vacib sayıb. İmam deyib ki, təbliğat böyük gücdür, gəncləri bizə aidiyyatı olmayan ölkələrdə baş verən müharibələrə cəlb edən qeyri-ənənəvi sektalar əllərində olan elektron kütləvi informasiya vasitələrindən maksimum istifadə edirlər. Qeyd olunub ki, qeyri-ənənəvi sektaların əsas ideloji silahlarından biri kütləvi informasiya vasitələridir. Din xadimləri radikal sektaların zərərli təbliğat aparan saytlarının bağlanmasını təklif edib, milli dəyərlərin, azərbaycançılığın ziddinə fəaliyyət göstərən bütün qeyri-ənənəvi təriqətlərə qarşı mübarizənin sərtləşdirməyə çağırıblar.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA