Xidmət rəisi BMT-nin nümayəndələri ilə görüşüb - Miqrasiya məsələləri (FOTO)

img

05-06-2015 [18:25]


Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev iyunun 5-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Cənubi Qafqaz üzrə regional nümayəndəsi xanım Simone Volken və BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonla görüşüb.

DMX-dən bildiriblər ki, birinci Avropa Oyunları kimi möhtəşəm bir tədbirə ev sahibliyi edən Azərbaycanın sürətli inkişafından məmnunluq ifadə olunan görüşdə Xidmət ilə BMT QAK arasında mövcud sıx əməkdaşlıqdan söhbət açılıb. Bu əməkdaşlığın gələcəkdə daha da dərinləşdirilməsi istiqamətində səylərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə son illərdə dünyada baş verən hərbi, siyasi münaqişələr nəticəsində yaranan kütləvi qaçqın axınlarından narahatlılıq ifadə olunub. Böhran şəraitində olan ölkələrə Azərbaycanın mütəmadi humanitar dəstəyinə diqqət çəkən Firudin Nəbiyev qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı 20 ildən çoxdur qaçqın və məcburi köçkün həyatı yaşayır. Bildirilib ki, onların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən ardıcıl və əsaslı tədbirlər görülsə də, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələyə beynəlxalq ictimaiyyət tərəfindən hələ də obyektiv münasibət göstərilmir. Xidmət rəisi bu münaqişənin və onun nəticələrinin aradan qaldırılmasında BMT-nin fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini qonağın diqqətinə çatdırıb.

Görüşdə miqrasiya qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə məlumat verilib, bu yeniliklərin qaçqınların və məcburi köçkünlərin, eləcə də bütün miqrantların hüquqlarının müdafiəsinin gücləndirilməsinə xidmət etdiyi qeyd olunub. Həmçinin vətəndaşsızlıq hallarının aradan qaldırılması, "Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü” layihəsi çərçivəsində DMX-nin əldə etdiyi nailiyyətlər və layihənin davamı ilə bağlı qarşıda duran vəzifələr və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonda xanım Simone Volken DMX ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu vurğulayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA