Milli-mənəvi dəyərlər və müasirlik

img

01-06-2015 [01:33]



İstənilən xalqın ümumi inkişafı onun milli kimliyini şərtləndirən dəyərlərin dayanıqlığından və onların qorunub inkişaf etdirilməsindən, nəsildən-nəslə ötürülməsindən birbaşa asılıdır. Əslində konkret bir xalqın digərlərindən fərqi sadəcə dil müxtəlifliyi ilə məhdudlaşmır. Bu fərqlilik həm də ayrı-ayrı xalqlara məxsus milli dəyərlərin toplusunda – adət-ənənələr, mədəniyyət və dini inanclarda özünü göstərir. 

Qeyd olunan bu kateqoriyaların hər biri xalqların formalaşmasında və inkişafında istər tək-tək, istərsə də birlikdə olduqca mühüm rol oynayıb. Həmin dəyərlərin vəhdəti milli kimliyin formalaşmasında həlledici amil olmaqla yanaşı, eyni zamanda, kənar təsirlərin dəf edilməsi baxımından da müstəsna əhəmiyyət daşıyıb. Məhz bu dəyərlər xalqın xarici təhlükələrə, onun dilinə, dininə, yaşatdığı ənənələrə yönəlik təhdidlərə qarşı birgəliyini təmin etməyə hər zaman qadir olub. Başqa cür desək, haqqında danışılan dəyərlər xalqın hər hansı formada səfərbər olunmasında başlıca istinadlar kimi çıxış ediblər. Bu sırada istisna olmayan Azərbaycan xalqı da dünyanın ən qədim və zəngin mədəni irslərindən birinin daşıyıcısı kimi yaratdığı milli-mənəvi dəyərlərin sahiblik haqqını fəxrlə daşımaqdadır.

   Azərbaycan dünyanın ən qədim mədəni mərkəzlərindən biri olaraq, min illər ərzində özünün milli-mənəvi dəyərlər sistemini formalaşdırıb. İlkin sivilizasiya dövrünün başlanğıcından etibarən, əcdadlarımızın yaratdığı, qoruyub inkişaf etdirdiyi dəyərlər hətta əlverişsiz tarixi şəraitdə belə əzmlə mühafizə olunub və sıradan çıxarılmasına imkan verilməyib. Azərbaycanın yerləşdiyi coğrafiyanın strateji əhəmiyyəti tarixin müxtəlif dövrlərində hegemonluq iddiasında olan dövlətlərin nəzərlərini bu regiona yönəltməsinə səbəb olub. O baxımdan, bölgəmiz tarix boyu müharibə meydanına çevrilmiş, xalqımız xarici qüvvələrə qarşı davamlı mübarizə aparmaq məcburiyyətində qalıb. Azərbaycan ərazisində təşəkkül tapmış ən qədim dövlətlər mövcudluqları ərzində işğalçılarla daim müharibə vəziyyətində olublar. Aparılan müharibələr zamanı məruz qaldığımız işğal halları tək siyasi müstəqilliyimizin itirilməsi nəticələnmir, o cümlədən xalqın tapındığı dəyər və inancların aradan qaldırılmasına, yaradılan mədəniyyətin məhv edilməsinə zəmin yaradırdı. Bununla belə, tarixdə üzləşdiymiz çoxsaylı işğal faktlarına baxmayaraq, Azərbaycanı zəbt etmiş dövlətlərin təmsilçilərinin xalqımıza qarşı həyata keçirdikləri total assimlyasiya siyasəti nəinki nəticə verməyib, hətta o siyasəti gerçəkləşdirməyə çalışanların özləri qədim mədəniyyətimizin təsirində "əriməli” olublar. Təbii ki, işğalçıların böyük basqısına qarşı əzmlə dayanmağı, güclü xarici təsirlərin önündə dəyişməz qalmağı yalnız güclü güclü təmələ malik milli-mənəvi dəyərlərin daşıyıcıları bacara bilərdilər.  

   Bu məsələdə ən diqqət çəkən məqamlardan biri də xalqımızın qədim dövrlərdən üzü bəri tapındığı dini inancların bir neçə dəyişməsinə, bu dəyişiklıklərin onun həyatına göstərdiyi təsirlərə rəğmən, özündə daşıdığı milli dəyərləri daim hifz etməsidir. Yəni dini mənsubluğun dəyişməsi ilə milli dünyagörüşünün sıradan çıxmasına imkan verilməyib, əksinə yeni inancların bütün müsbət cəhətlərindən  milli kimliyin inkişafı üçün istifadə olunub. Bu məsələdən bəhs edərkən, təbii ki, xalqımızın təqribən VII əsrdən etibarən qəbul etdiyi İslam dininin təsirini mütləq mənada qeyd etməliyik. Ərəbistan yarımadasında yaranan, daha sonra isə qısa müddət ərzində Azərbaycanın da aid olduğu coğrafiyada sürətlə yayılan İslam dininin qəbul edilməsi xalqımızın milli-mənəvi dəyərlərinin zənginləşməsinə müstəsna təsir göstərdi. İslam dininin yayıldığı coğrafiyanın bir neçə əsr ərzində vahid dövlətdə (Xilafət) birləşməsi orada yaşayan fərqli xalqların ortaq müsəlman mədəniyyətinin formalaşmasına təkan verdi. İslamdaxili inteqrasiya prosesinin davamında müsəlmanlığı qəbul etmiş müxtəlif etnik toplumlar bir-birilərinin mədəniyyətindən faydalanaraq, bu gün də hörmətlə yanaşılan böyük irsin yaradılmasında birgə iştirak ediblər.

   Ortaq müsəlman mədəniyyətinin mövcudluğuna baxmayaraq, Azərbaycan xalqı Xilafətin mövcudluğu dönəmində olduğu kimi, onun süqutundan sonrakı dövrlərdə də öz milli-mənəvi dəyərlərinin inkişafına xüsusi diqqət yetirib. Bu məsələdə əlbəttə ki, Xilafətin öz mövcudluğunu faktix itirməsindın sonra Azərbaycan ərazisində yeni və yerli etnik sülalələrin hakimiyyətdə olduğu dövlətlərin siyasi səhnəyə çıxmasının təsiri də mütləq qeyd olunmalıdır. Məhz bunun nəticəsində X-XIII əsrlərdə, xüsusilə Atabəylər dövlətinin mövcudluq dönəmində Azərbaycan ictimai fikrində yeni oyanış mərhələsi başladı, elm və ədəbiyyatın, incəsənətin inkişafı, İslam dininin daha dayanıqlı mövqe tutaraq nüfuzunun güclənməsinə maksimum şərait yaradıldı. Filosoflar Bəhmənyar və Sührəvərdi, şairlər Nizami Gəncəvi və Əfzələddin Xaqani, ensiklopedik alim Nəsirəddin Tusi, memar Əcəmi Naxçıvani, filosof-musiqişünas Səfiəddin Urməvi göstərilən dövrdə mövcud olan münbit şəraitdə yaşayıb-yaradaraq sadəcə Azərbaycanın deyil, dünya ədəbiyyatına,  elminə və musiqi nəzəriyyəsinə misilsiz töhfələr veriblər.

   Azərbaycanda növbəti intibah dövrü heç şübhəsiz ki, Səfəvi İmperatorluğunun yaradılması ilə başladı. Azərbaycanın böyük tarixi şəxsiyyəti, Azərbaycan torpaqlarını ilk dəfə vahid dövlətdə birləşdirməyə nail olmuş Şah İsmayıl Xətainin əsasını qoyduğu dövlətdə Azərbaycan dilinini dövlət dili statusu qazanması doğma dilimizin inkişafına böyük təkan verdi. Eyni zamanda, bu tarixi hadisə qədim milli adət-ənənələrimizin yenidən daha geniş miqyasda canlanmasını, aşıq-ozan sənətinin, incəsənətin, tətbiqi sənət növlərinin inkişafını stimullaşdırdı. Bundan başqa, mədrəsələrin, çox sayda dini təhsil ocaqlarının açılması Azərbaycanda İslam dininin elmi əsaslarının öyrənilməsi və təbliği üçün geniş imkanlar yaratdı.

   Səfəvi İmperiyasının süqutundan, daha sonra isə Rusiya işğalı nəticəsində Qacar  Dövlətinin imzalamağa məcbur olduğu Gülüstan (1813) və Türkmənçay (1828)  müqavilələrinin tələblərinə uyğun olaraq, Quzey Azərbaycan Rusiyanın tərkibinə daxil edildi. Çar Rusiyasının yeritdiyi güclü assimlyasiya siyasətinə baxmayaraq, Azərbaycan xalqı öz dil və dinini, mədəniyyət və adət-ənənələrini qoruyub saxlamağa nail oldu. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımızın tarixində yeni intibah səhifəsi açılsa da, 1920-ci il aprelin 28-də baş vermiş rus-bolşevik işğalı bu inkişafı əngəllədi. 70 il davam etmiş sovet istilası xalqımızı öz kökündən, dinindən, milli adət-ənənələrindən qoparmaq məqsədinin həyata keçirilməsində çar rejimində daha amansız oldu. Sovet işğalının ilk 20 ilində Azərbaycanda minlərlə məscid ya dağıdıldı, ya da təyinatı dəyişdirildi, minlərlə nüfuzlu din xadimi, yüz minlərlə dindar qanlı repressiyaya məruz qaldılar. Eyni zamanda, Azərbaycan ədəbiyyatı öncə ərəb qrafikasından latın, az sonra isə kiril qrafikasına keçirildi. Bununla da xalqımızın min illər ərzində əski əlifba ilə yaratdığı yazılı nümunələr çağdaş nəsil üçün əlçatmaz edildi. Lakin xalqımızın layiqli ziyalıları sovet dövründə də aparılan bu assimlyasiya siyasətinə qarşı müqavimət göstərmək cəsarəti nümayiş etdiriblər. Bunun ən bariz nümunəsi isə Sovet Azərbaycanının rəhbərlərindən biri olan Şıxəli Qurbanovun rejimin yasaqladığı Novruz Bayramını dövlət səviyyəsində qeyd etdirməyə nail olmasıdır. Ş.Qurbanov bu fədakarlığına görə "həkim səhlənkarlığı” nəticəsində aradan götürülsə də, onun başladığı bu vacib işlər davam etdirildi.

Ötən əsrin 60-ci illərinin sonlarında Heydər Əliyevin Azərbaycana rəhbər seçilmısindən sonra milli mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı özünün yeni mərhələsinə daxil oldu. Ümumiyyətlə, H.Əliyevin birinci hakimiyyət dövrü Azərbaycanda milli kadrların yetişdirilməsi və onların respublikada yüksək vəzifələrə irəli çəkilmələri baxımından xüsusi əhəmiyyət daşıyırdı. Onun ardıcıllıqla yürütdüyü bu siyasət ictimai həyatın bütün sahələrində öz bəhrəsini verirdi. Ədəbiyyatda və kinomatoqrafiyada xalqımızın milli problemlərinin qaldırılması, incəsənətdə tək forma deyil, həm də məzmun baxımından milliliyin təmin olunması, yeni alimlər nəslinin yetişməsinə dəstək, gənclərin təhsil almaq üçün keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilmələri, o cümlədən respuiblikada savadlı dini kadrların yetişməsinə diqqət H.Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri olub. H.Əliyevin ikinci dəfə artıq müstəqil Azərbaycanın rəhbərliyinə gəlməsi ona hələ sovetlər vaxtı başladığı bu siyasəti daha sərbəst və uğurla davam etdirməyə imkan yaratdı. Bu sırada tək Azərbaycanda deyil, bütün İslam aləmində ən müqəddəs ibadətgahlardan olan Bibiheybət Məscidinin bərpası məhz onun təşəbbüsü ilə həyata keçirilib.

 Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi milli-mənəvi dəyərlərin inkişafına əlverişli şərait yaratsa da, qloballaşan dünyanı özlərinin nəzərdə tutduqları məzmunda görmək istəyən beynəlxalq güclər öz məqsədlərini gerçəkləşdirmək üçün ölkəmizi də kəskin hədəfə götürüblər. Müxtəlif fəaliyyətlər adı altında Azərbaycanda öz şəbəkələrini quran həmin qüvvələr xalqımızın milli-mənəvi dəyərlərini aşındırmaq, dini inanclarını dəyişdirmək, mövcud ailə institunu sarsıtmaq, bir sözlə, insanlarımızı öz köklərindən qoparmaq üçün durmadan çalışırlar. Onların bir çoxunun təxribatçı fəaliyyəti Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən vaxtında aşkarlanıb və ifşa edilib. Lakin buna baxmayaraq, onlar öz pozucu fəaliyyətlərinə ara vermirlər və bu işlər üçün külli miqdarda vəsait sərf olunur. Çox təəssüf doğurur ki, Azərbaycandakı bir sıra özlərini "ağ qarğa” hesab edən qurum və şəxslər də bu prosesdə onlara həvalə olunmuş vəzifənin icrasını davam etdirirlər. Onlar nəzərdə tutulan çevrələrin ayırdıqları böyük maliyyə ilə həyata keçirdikləri tədbirlərdə, apardıqları müzakirələrdə və media çıxışlarında əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərimizin "çürüklüyünü” isbatlamağa cəhd göstərir, təlimat aldıqları mərkəzlərin Azərbaycana sırımağa çalışdıqları "dəyər”lərin təbliği ilə məşğul olurlar.

   Azərbaycan tarixi ərzində fərqli dil və din mənsublarının birgə, mehriban yaşadıqları ölkə adını qazanıb. Ölkəmizdə hökm sürən tolerantlıq bu gün də ən müxtəlif beynəlxalq təşkilatlar tərəfindən etiraf olunur və yüksək qiymətləndirilir. Azərbaycan insanı heç vaxt müsbət dəyişikliyin əleyhinə olmayıb və onun tətbiqinə qarşı çıxmayıb. Lakin bu toleantlıq heç kimə Azərbaycanda min illər ərzində formalaşmış milli-mənəvi dəyərləri aşındırmaq niyyətinə düşmək haqqı vermir. Xalqımız tolerant və müasirliyə meylli olduğu qədər də, onun dəyərlərinə uzanan əlləri kökündən qoparmaq qətiyyətinə malikdir.

Bu gerçəyi Azərbaycanda düzən dəyişdirmək fikrinə düşənlərin vaxtında anlamaları ilk növbədə onların özlərinə faydalı olardı...

Seymur VERDİZADƏ

Azərbaycan Respublikası  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının "Milli-mənəvi dəyərlər və müasirlik”mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA