Prezident "Bu villaları tikənlərin kim olduğunu öyrənin" dedi, Mer 42 villanı sökməyə başladı

img

24-05-2015 [14:11]



"Bakıda əsasən "Dostluq" parkının ərazisində olmaqla qanunsuz tikilən 42 villa sökülür". 

Bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov televiziyalara müsahibəsində deyib.

"Villalarla bağlı böyük söküntü işləri gedir. Bu villalar adi vətəndaşın imkanı hesabına tikilə bilməz. Bunlar 5-10 milyonluq böyük tiklilərdir. Kimliyindən asılı olmayaraq qanunsuz hərəkət edən hər kəs cəzasını alacaq", -deyə H.Abutalıbov bildirib.

Mia.az onu da yada salır ki, Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında Prezident İlham Əliyev sözügedən parkın məmurlar tərəfindən zəbt olunmasını kəskin qınayıb və bunun aradan qaldırıllması xəbərdarlığını edib. 

Prezident bildirib ki, bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən görüb ki, vaxtilə ulu öndər Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq” parkının bir hissəsini yenə də zəbt ediblər:

 "Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, "Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz "Dostluq” parkının yanında – yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər - ilk növbədə onlar nümunə olmalıdırlar"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA