İlham Əliyevin "Bu villa kimindir?" dediyi əmlakların sahibləri tapıldı

img

23-05-2015 [18:26]



Bakıda yaşayış binasında baş verən yanğına həsr edilən müşavirədə ölkə başçısı İlham Əliyevin Səbail rayonu ərazisində olan və əsası mərhum prezident Heydər Əliyev tərəfindən qoyulan "Dostluq" parkında qanunsuz villaların tikilməsinə dair bildirdiyi irad əlaqədar qurumları hərəkətə keçməyə vadar edib.

Kamran Musayev

Strateq.az-a verilən məlumata görə, dünən gecə saatlarında həmin əraziyə yaxın yerdə iki tanınmış şəxsə məxsus hasarlanmış ərazi sökülüb. Mənbəmizin verdiyi məlumatda bildirilir ki, sökülən hasarlardan biri Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevə, digəri isə Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin sabiq sədri Arif Qaraşova məxsus olub: "Həmin adamların əlində Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilən sərəncam olsa da, buna məhəl qoyulmayıb.  Arif Qaraşova məxsus ərazi bir hektara yaxın , Kamran Musayevin həyəti isə 12 sot olub".

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Arif Qaraşov

Strateq.az

****

Mia.az xatırladır ki, Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında Prezident bildirib ki, bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən görüb ki, vaxtilə ulu öndər Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq” parkının bir hissəsini yenə də zəbt ediblər: "Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, "Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz "Dostluq” parkının yanında – yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər - ilk növbədə onlar nümunə olmalıdırlar"



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA