Mayın 20-də prezident İlham Əliyev Azadlıq prospektində insan itkiləri ilə müşayiət olunan dəhşətli yanğının baş verdiyi binada olandan sonra Dövlət Komissiyasının iclasını keçirib. Prezident əvvəlcə yanğın hadisəsinin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını deyib: "Əgər bütün işlər düzgün qurulsaydı, bu hadisə baş verməzdi.
Azərbaycan vətəndaşları bilməlidir ki, günahkar və günahkarlar kimdir? Bu hadisəyə görə kim məsuliyyət daşıyacaq? Hər kəs nəticə çıxarmalıdır, hər bir məmur öz məsuliyyətini dərk etməlidir. Bir də qeyd edirəm ki, heç kim cəzasız qalmayacaq. Günahkarlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcək”. Son günlərin ən qalmaqallı hadisəsi sayılan oliqarxların həbsindən danışan prezident bildirib ki, həbs edilən iş adamları dövlət əmlakını talayıb, dövlət vəsaitini oğurlayıblar:"Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsus ki, onlara himayədarlıq edən dövlət məmurları da var, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Burada oturanlar mənim mövqeyimi bilir. Bir adam, xüsusilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır. Cinayət törətmisənsə, get, cəzasını çək".
Prezident Əliyev qanunsuz evlərin tikildiyini də bildirib: "Əgər bundan sonra bu olacaqsa, nəinki işdən çıxaracam, onlar cinayət məsuliyyətinə də cəlb ediləcəklər. İndi Azərbaycan ictimaiyyəti də görür ki, Azərbaycanda toxunulmaz insan yoxdur. Cinayət törədibsə, vəzifədən asılı olmayaraq məsuliyyət olmalıdır. Dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər, özləri, ailə üzvləri qanunu pozmasınlar. Amma nə görürəm? Yenə də mənim göstərişlərimi icra etməyənlər var. Nəticə nə olur? Onlar özləri də bədbəxt olurlar”.
Prezidentin səsləndirdiyi fikirlər, həmçinin məmurlara xəbərdarlıqları ciddi rezonans doğurub. Bəzi müşahidəçilər bunu komandada islahatların anonsu hesab edir, bir qisim ekspertlər isə yüksək çinli məmurların cəzalandırılması istiqamətində ilkin addım sayırlar.
Deputat Vahid Əhmədov prezidentin həm dövlət məmurları ilə əlaqədar, həm ölkədəki neqativ hallara qarşı çox ciddi mesajlar verdiyini söylədi. V.Əhmədov hesab edir ki, bu xəbərdarlıqlardan sonra dövlət məmurları öz işlərinə daha ciddi və məsuliyyətlə yanaşmalıdır: "Hər bir vəzifə tutan şəxs başa düşməlidir ki, o, prezident dediyi kimi, millətin xidmətçisidir”. Deputat ölkə başçısının "heç kəs cəzadan kənarda qalmayacaq” sözləri ilə də razılaşdığını bildirdi: "Həm DİN, həm MTN, həm də Baş Prokurorluq ciddi araşdırmalar aparır. Prezidentin də özünün hər tərəfdən kifayət qədər məlumatları var və dəqiq məlumatları toplayacaq. Heç kəs kənarda qala bilməz. Kimin bu hadisədə günahı varsa, hamısı cəzalandırılmalıdır, məsuliyyətə cəlb olunmalıdır”.
BQB başqanı, deputat Fazil Mustafa dedi ki, prezident çıxışında ciddi problemlərə toxundu: "Amma mən istəyirəm bir düşüncə tərzinə diqqət çəkəm. İlk dəfə Azərbaycan məmurunun necə düşündüyünün və prezidentlə komandanın necə fərqli dünyagörüşə sahib olmasının bariz nümunəsini gördük. Dövlət məmuru deyir ki, Avropa Oyunlarına 20 gün qalıb, söküntünü yubadaq, oyunlar başa çatandan sonra bunları sökərik. Yəni təsəvvür odur ki, 20 gün-1 ay ərzində eybi yox, 50-100 nəfər də yansın, sonra işləri qaydaya salarıq. Prezidentin cavabı o oldu ki, Avropa Oyunlarından önəmli insanın həyatıdır. Demək, prezidentin baxışı ilə məmurların baxışı xeyli fərqlənir. Yəni məmur üçün insan taleyi ikinci dərəcəli məsələdir. Biz bunun üzərində düşünməli, bu fərqli düşüncəni ortadan qaldırmalıyıq”. F.Mustafa dedi ki, prezidentin qanunsuz tikililərə münasibəti, özünün məmurlar tərəfindən aldadılması barədə dedikləri, ona yalan informasiyaların verilməsi də diqqətini cəlb edib: "Bu, onu göstərir ki, belə vəziyyət digər problemlərin də yaranmasına səbəb ola bilər. İndi təsəvvür edin ki, biz müharibə aparan ölkəyik. Pul qazanmaq üçün üzlük materialın keyfiyyətli olduğunu prezidentə söyləyən sabah müharibədə səhv informasiya ilə hansı məğlubiyyətlərə düçar ola bilərik? Ona görə də artıq idarəetmədə ciddi islahatlara ehtiyac var. Prezidentin özünün birbaşa informasiya ala biləcəyi, cəmiyyətdən gələn səsləri eşidə biləcəyi bir dəhliz açılmasına ehtiyac var. Çıxışda hamısı insanları düşündürən problemlər idi. İnsanların öz aralarında danışdığı hər bir problem ölkə prezidenti ümumiləşdirərək dedi ki, bu nöqsanlar haqqında məlumatım var və səbəbləri də nədir”.
Deputat qeyd etdi ki, parlamentin səsi də eşidilməlidir: "Biz dəfələrlə bu problemləri qaldırmışıq. Məsələn, dənizin hasarlanmasından, yollardan keçən insanların bütün təbiət nemətlərindən məhrum edilməsindən yüz dəfə danışılıb, bir hasar sökən varmı”. F.Mustafa bildirdi ki, insanlar da təşəbbüsləri, təklifləri ilə ölkənin gələcəyinə məsuliyyət daşıdıqlarını göstərməlidirlər: "Çox təəssüf ki, bu, yoxdur. Medianın qaldırdığı məsələlərə diqqət yetirmə ənənəsi artıq tam ortadan qalxıb, nə yazırsan-yaz, nə olsun, boş söhbət sayılır. Deputat danışırsa, boşuna danışır. Nəticə isə hüququn deformasiyaya uğramasına gətirib çıxarır. Prezidentin mövqeyini tam doğru sayıram. Hesab edirəm ki, bunun bir müsbət nəticəsi ola bilər ki, ciddi bir nəzarət mexanizmi yaransın”.(musavat.com)