Şəmkirdən reaksiya - İdarə rəisi aydınlıq gətirdi

img

13-05-2015 [17:45]


May ayının 6-da Mia.az-da Şəmkirin icra başçısı Alimpaşa Məmmədovla Şəmkirin keçmiş polis rəisi arasında xoşagəlməz hadisə yaşanması haqda Veteninfo.az-a istinadən yayımlanan yazıya sözügedən rayonun Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov tərəfindən rəsmi cavab gəlib. 

İdarə rəisi Mia.az-a açıqlamasında icra başçısı ilə keçmiş polis rəisi arasında qalmaqal yaşanması haqda məlumatın cəfəngiyyat olduğunu deyib. Bildirib ki, sözügedən yazı rayon gənclərində təəssüf hissi yaradıb: "O yazıda yer alan məqamların hamısı kökündən yanlış, tamam cəfəngiyyatdan ibarətdir. Bütün tədbir və iclaslarda iştirak edən idarə rəisi kimi, tam məsuliyyətimlə deyirəm, heç bir iclasda qeyd edilən elə xoşagəlməz hal olmayıb. Tam əksinə, icra başçısı Alimpaşa Məmmədovun rayonun bütün müəssisə və təşkilat rəhbərləri ilə olduğu kimi, keçmiş polis rəisi, hazırda Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsində işləyən Şükür Mehdiyevlə də  münasibətləri çox gözəl olub. Təəssüf ki, amma bəzi  bədxahlar rayonda gedən tərəqqini, geniş abadlıq və quruculuq işlərini həzm edə bilmədiklərindən belə uydurma xəbərlər yayırlar.  Bəli, yalan ayaq tutar, amma yeriməz. Ancaq buna baxmayaraq, rayon Gənclər və İdman İidarəsinin rəisi və bir gənc kimi, sizin saytıda gedən yazıya münasibət bildirib, əsl həqiqəti ictimaiyyətə çatdırmağı özümə borc bildim”.

İdarə rəisi "Bir məqamı da deyim ki, cənab prezidentin etimad göstərdiyi, yüksək intelekti və işgüzar bacarığı ilə seçilən Alimpaşa bütün gücü və qəlbi ilə prezidentin etimadını və verilən tapşırıqları doğrultmağa çalışır. Və inanın, çox qısa müddətdə rayonda böyük işlər görülüb, yeni layihələrin də təməli atılıb. Rayonun bütün əhalisi də bunları görür, qiymətləndirir və bir nəfər kimi cra başçısının apardığı uğurlu işləri qəlbən dəstəkləyirlər”, - deyə, söhbətə nöqtə qoyub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA