Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndələri Fizika İnstitutunda! - Görüş

img

13-05-2015 [11:13]


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti qonaq olub. 

AMEA Fizika İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Məryəm Rafaelqızının Mia.az-a verdiyi məlumata görə, qonaqlar ilk olaraq İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, BNTİ-də Azərbaycan Respublikasının tam səlahiyyətli nümayəndəsi Nazim Məmmədovla görüşüblər.

 Görüşdə Rusiya tərəfindən işçi qrupun rəhbəri və BNTİ-nin elmi katibi Nikolay Rusakoviç, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Dmitriy Kamanin, İnformasiya Texnologiyaları laboratoriyasının direktoru Vladimir Korenkov, Elmi Texniki Mərkəzinin direktoru Stanislav Pakulyak, Azərbaycan tərəfindən isə ATLAS layihəsində Azərbaycan tərəfindən BNTİ-də qrup  rəhbəri Namiq Cavadov, Fizika İnstitutunun "Yüksək enerjilər fizikası” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Övsat Abdinov, Nüvə Tədqiqatları Mərkəzinin rəhbəri, akademik Adil Qəribov və başqaları iştirak ediblər. Məqsəd birgə tədqiqatlar aparmaq üçün BNTİ-yə uzunmüddətli ezam olunacaq namizədlərlə görüşmək, müsahibə aparmaq və onlar arasında seçim etmək olub.

Tədbiri giriş sözü ilə İnstitutun direktoru N.Məmmədov açıb. O tədbir iştirakçılarını nümayəndə heyəti ilə tanış edərək görüş haqqında məlumat verib. Bildirib ki, bu il Fizika, Kataliz və Qeyri –üzvi Kimya, Geologiya və Geofizika, Molekulyar Biologiya və Biotexnologiya institutlarına, həmçinin,  M.V.Lomonosov adına Moskva Dövlət Universititeninin Bakı filialına qəbul olan birinci kurs magistrlar  iyul, avqust aylarında BNTİ-nin Elmi Texniki Mərkəzində təcrübə keçəcəklər.

Daha sonra tədbir Nikolay Rusakoviçin çıxışı ilə davam etdirilib. O, çıxışında BNTİ və onun yerləşdiyi Rusiyanın Dubna şəhəri haqqında, İnstitutun strukturu , iş prinsipi və s. haqqında  məlumat verib. N. Rusakoviç vurğulayıb ki, BNTİ-yə 18 ölkə tamhüquqlu üzvdür. Azərbaycan da bu sıraya daxildir. Qeyd edib ki, İnstitutun ali orqanı Tam Səlahiyyətli Nümayəndələr Komitəsidir.  Onun sözlərinə görə BNTİ heç bir nazirliyə tabe deyil və o, bu komitəyə daxil olan səlahiyyətli nümayədələr tərəfindən idarə olunur. Mütəmadi olaraq, ildə iki dəfə (mart, noyabr) Komitənin iclasi keçirilir və əsas məsələlər bu iclasda müzakirə olunur.  İnstitutda elmi məsələlərə nəzarəti Elmi Şura həyata keçirir. Bildirib ki, Şuraya 45 nəfər daxildir.  Şuranın əsas hissəni dünyanın müxtəlif ölkəsindən olan tanınmış fiziklər təşkil edir. Daha sonra o, BNTİ-də 7  laboratoriyanın fəaliyyəti və iş prinsipi, əməkdaşları, büdcənin idarə olunması, CERN-lə əməkdaşlığı və beynəlxalq əlaqələri haqqında məlumat verib.

Tədbirdə digər qonaqların BNTİ haqqında məruzələri dinlənilib. Sonda müzakirələr aparılıb və suallar cavablandırılıb.

Tədbirin ikinci hissəsində BNTİ-yə uzunmüddətli ezam olunacaq namizədlər dinlənilib, Azərbaycan və Rusiya tərəfindən olan ekspert və işçi qrupunun gördüyü işlərin nəticələrinin ümumiləşdirilməsi aparılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA