Konstitusiya Məhkəməsi iclas keçirdi, daha bir maddəyə şərh verildi

img

08-05-2015 [18:17]


Bu gün Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

Mia.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair Astara Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 70-ci maddələrinin bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hüquqi müəyyənlik və mütənasiblik prinsipləri baxımından təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Cinayət və inzibati xətalar qanunvericiliklərinin müvafiq normalarının təkmilləşdirilməsi həyata keçirilənədək, hüquqtətbiqedici orqanlar meşə fondu torpaqlarına qarşı yönələn hüquqazidd əmələ görə təqsiri olan şəxsi inzibati və ya cinayət məsuliyyətinə cəlb edərkən, əməlin ictimai təhlükəlilik dərəcəsini, mülkiyyətçiyə, ətraf mühitə və s. vurulmuş zərərin ağırlıq dərəcəsini nəzərə almaqla, onun hərəkətlərini müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi və ya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 70-ci maddəsi ilə tövsif etməlidirlər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA